Siyasət 

30 günə sığışan 30 il

Ordumuz cəmi bir ay ərzində 4 şəhər, 4 qəsəbə, 165 kənd azad edərək BMT TŞ-nin həll edə bilmədiyi qətnamələrin icrasına nail oldu

Oktyabrın 27- də Ermənistan hərbi qüvvələrinin işğal altındakı Azərbaycan torpaqlarından ölkəmizə qarşı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başladığı zəfər dolu əks-hücum əməliyyatlarından  bir ay ötür. Bu gün də həmin hücumlar qələbələrlə davam edir. Ən sevindirici məqam isə odur ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin 28 ildir BMT Təhlükəsizlik Şurasının (TŞ) yerinə yetirmədikləri məlum qətnamələrini Azərbacan Ordusu  təxminən bir aya yaxındır uğurla icra edir. Hərb meydanında dəyişən vəziyyət isə avtomatik olaraq danışıqlar masası arxasındakı durumda ciddi dəyişiklik yaradır. Hərçənd Azərbaycan öz ərazisini işğalçı qüvvələrdən təmizləyib Ermənistanla cənub-qərb sərhədini tam nəzarətə götürəndən sonra İrəvanla danışığa lüzum qalmayacaq. Lakin forma olaraq iki ölkə arasında hansısa sənədin imzalanmasına zərurət yarana bilər.

Belə ki, İrəvanın rəsmi səviyyədə və üç vasitəçi dövlətin – Rusiya, ABŞ və Fransanın (Türkiyə də imza ata bilər) zəmanəti ilə bir daha ölkəmizə qarşı ərazi iddiası irəli sürməyəcəyi barədə yazılı öhdəlik götürməsinə yəqin ki, ehtiyac duyulacaq. Hələlik  Azərbaycanın torpaqlarını işğaldan azadetmə döyüşləri davam edir.

Bəli, bu, bir gerçəklikdir ki, müharibəyə bəlkə də ehtiyac qalmazdı əgər ATƏT-in Minsk qrupu BMT TŞ-nin ona tapşırdığı vəzifəni qətiyyətlə icra etsəydi. Acı gerçəklik bundan ibarətdir ki, 1992-ci ildə münaqişənin həlli üçün yaradılmış Minsk qrupu ötən 28 ildə bu yöndə heç bir nəticə əldə edə bilməyib. Halbuki 3 dövlət BMT TŞ-nin daimi üzvləri kimi Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən qoşunların qeyd-şərtsiz çıxarılmasını tələb edən və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını ehtiva edən həmin 4 qətnaməyə səs verib. Lakin təəssüflər olsun ki, ötən bu müddət ərzində həmsədrlər yalnız ikili standartlardan çıxış edərək sözdə tərəfsizlik nümayiş etdirsələr də, işdə ermənipərəst mövqe sərgilədilər. Hətta işğalçı ölkəyə yüngülvari olsa da təzyiq göstərmədilər. Onların ən böyük ədalətsizliyi isə onda idi ki, işğala məruz qalanla işğalçı arasında bərabərlik işarəsi qoyub hər iki tərəfdən güzəştlər tələb eləməklə öz işlərini bitmiş hesab etdilər.

Bununla belə, ötən dövr ərzində rəsmi Bakının, xüsusilə Prezident İlham Əliyevin müstəqil siyasəti, qətiyyətli mövqeyi sayəsində dünyanın aparıcı beynəlxalq təşkilatları -BMT, Avropa İttifaqı, Avropa Parlamenti, Avropa Şurası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digərləri tərəfindən Ermənistanın təcavüzkar siyasətini pisləyən və işğal altındakı Azərbaycan torpaqlarının azad olunmasını tələb edən qərar və qətnamələr qəbul edildi, münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında həlli üçün çox mühüm baza yaradıldı.

Bu isə on illərdir həlli uzanan Dağlıq Qarabağ konfliktinin artıq hərbi-siyasi yolla çözümü üçün güclü hüquqi-diplomatik zəmin idi və Azərbaycan ondan ilk fürsətdəcə yararlandı. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatı hərbi əməliyyatların başlanmasına səbəb oldu, nəticədə düşmən sarsıdıcı zərbə aldı. İşğal altındakı 4 şəhər, 4 qəsəbə, 165 kənd, bir çox strateji yüksəkliklər qısa zamanda azad edildi. Beləliklə, Azərbaycan Silahlı Qüvvələri artıq həmin qətnamələrin icrasını özü həyata keçirir, Füzuli, Cəbrayıl və Qubadlının əksər hissəsinin azad edilməsi ilə 874 saylı qətnamə, Zəngilanın işğaldan azad edilməsi ilə 884 saylı qətnamə aktuallığını itirib. Prezident İlham Əliyev 26 oktyabrdakı xalqa müraciətində bildirdi ki, artıq Kəlbəcər rayonunun bir hissəsi işğaldan azad edilib. Bu proses başa çatdıqdan sonra 822 saylı qətnamənin də  icrasıtəmin olunmuş sayılır. Müdafiə Nazirliyi oktyabın 26-da səhər açıqladı ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Laçın rayonunun Səfiyan kəndindəki bölmələrini atəşə tutub. Artıq bu o deməkdir ki, 853 saylı qətnaməni də Azərbaycan Ordusu icra etməkdədir. Təbii ki, əgər Ermənistan xoşluqla və tezliklə yerdə qalan torpaqlarımızdan çıxmasa, digər qətnamələri də Azərbaycan Ordusu reallaşdırmağa başlayacaq.

Hazırda dünyadakı və regiondakı mövcud şərtlər Silahlı Qüvvələrimizin zəfər yürüşünü heç bir şəkildə əngəlləmir. Hər şeydən öncə cənab İlham Əliyev Ali Baş Komandan kimi həm hərb meydanında öz sözünü deyir, həm də siyasi lider kimi informasiya müharibəsində dövlətimizin mövqeyini peşəkarlıqla izah və müdafiə edir. Ali Baş Komandanımız  dünyanın aparıcı KİV-lərinə çoxsaylı müsahibələrində ölkəmizin mövqeyini, atılan addımların məntiqini aydın şəkildə, səlis izah edir, düşmənin və onun havadarlarının iddialarını əks-arqumentlərlə ifşa edir.

Ən önəmlisi isə odur ki, bu gün Azərbaycan həm hərb, həm də informasiya savaşında tariximizdə heç vaxt olmadığı qədər güclü və yenilməzdir. Bu isə məhz həm də onun sayəsində mümkün olur ki, Azərbaycan Prezidenti ayrı-ayrı güc mərkəzlərinin təzyiqinə mərdliklə sinə gərir, xalqımızın haqq işini var gücü ilə müdafiə edir, siyasət meydanında ustalıq nümayiş etdirir. Qətiyyətli liderimiz cənab İlham Əliyev xalqının iradəsini cəsarətlə ifadə edir, onun ən böyük istək və arzularını gerçəkləşdirir, xalqa güvənərək prinsipial mövqeyindən bir addım da olsun geri çəkilmir.

Bu gün həm də Azərbaycan xalqının öz dost və düşmənini açıq şəkildə ayırd etməsi zamanıdır. Bu məsələdə qardaş Türkiyənin, dost Pakistanın, Ukraynanın, Gürcüstanın mənəvi, siyasi dəstəkləri və qətiyyətli mövqeləri bizə yeni güc, qüvvət verir. Amma təəssüflər olsun ki, BMT TŞ-nin qətnamələrinə səs vermiş Minsk qrupunun həmsədr ölkələri, xüsusilə Fransa tərəfsiz qalmaq, beynəlxalq hüququ müdafiə etmək əvəzinə, əks mövqe nümayiş etdirir, işğalçının himayədarı rolunda çıxış edir. Bu da maraqlıdır ki, həmsədr ölkələr münaqişənin 30 illik tarixində ilk dəfə öz aralarında fikir ayrılığını və ziddiyyətləri kənara qoyaraq vahid mövqe nümayiş etdiriblər. Sanki işğalçı Ermənistanın boğazını «dar ağacı»ndan qurtarmaq onların əsas vəzifəsidir.

Dünənədək rəsmi İrəvanın danışıqlarda konstruktiv mövqe tutması üçün ona heç bir təzyiq göstərmək istəməyən, bu gün də təzyiq etməyən vasitəçi dövlətlər Azərbaycan Ordusunun hücumda olduğu bir vaxtda bir ağızdan sülh yolunun, atəşkəsin önəmindən danışırlar.  Təbii ki, bu kimi qeyri-səmimiliyin növbəti təzahürünü bu günlərdə bir daha əyani şəkildə gördük. Belə ki, BMT Təhlükəsizlik Şurasına həmsədr dövlətlər adından Qarabağla bağlı təqdim edilən sənəd layihəsində BMT TŞ-nin məlum qətnamələrinə istinad edilməmişdi. Bu səbəbdən sənəd geri qaytarıldı. Qarabağ münaqişəsinə dair müzakirələrdən sonra BMT Təhlükəsizlik Şurasının sədri adından verilməsi nəzərdə tutulan, həmsədrlər ölkələr tərəfindən dəstəklənən bu qərəzli bəyanatın geri götürülməsi bir yandan Azərbaycan diplomatiyasının növbəti qələbəsi idisə, digər tərəfdən isə vasitəçi dövlətlərin öz imzalarına hörmət etməməsinin və tərəfsizlik prinsipini pozmasının əyani sübutu idi.

Elçin Zaman, «İki sahil»

Daha çox xəbərlər