Əsir düşmüş erməni: “Mənə dedilər ki, müharibədə iştirak etməlisən”
Ermənistan tərəfindən zorla döyüşlərə göndərilmiş adventislər icmasının üzvü erməni Hovsep Saakyan Bakıdakı Yeddinci Günün Adventistlərinin ibadət evində dua edib.
Trend-in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycana əsir düşmüş Ermənistanın Gümrü şəhəri Adventist kilsəsinin pastoru Hovsep Saakyan Araratoviç bildirib ki, biz sülhdə yaşamalıyıq:
“Allah müharibəni istəmir. Mən həmişə istəmişəm ki, erməni və Azərbaycan xalqı birlikdə sülh şəraitində yaşasın. Mən çox şadam ki, Allah möcüzəli şəkildə mənim həyatımı qoruyub, saxlayıb və hazırda burdayam.
Allah mənə yeni bir imkan verdi. Mən burda Azərbaycanın Yeddinci Günün Adventistləri ilə birlikdə olmaqdan məmnunam. Mən Azərbaycan və erməni xalqını sülhə çağırıram. Allah istəyir ki, biz sülhdə və əmin-amanlıqda yaşayaq”.
O qeyd edib ki, Ermənistanda orduya çağırılan zaman mənim dediklərimə məhəl qoymadılar və dedilər ki, cəbhədə olmalısan:
“Mən qərara gəldim ki, insanları öldürməyəcəm və insanları xilas edəcəm. Bu, baş verdi və mən bir nəfər yaralanmış şəxsə kömək etdim”.

