Əflatun Amaşov: “Heç bir deputat səlahiyyətlərindən öz maraqları üçün istifadə etməməlidir”
ARANTV.AZ xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov parlamentin bu gün keçirilən iclasında deyib.
Ə.Amaşov bildirib ki, maraqların toqquşmasının qarşısının alınması məsələsi çox vacibdir.
“Heç bir deputat səlahiyyətlərinin icrası çərçivəsində statusundan öz maraqları üçün istifadə etməməlidir. Xidməti vəzifəsinin icrası ilə maraqları arasında ziddiyyət yarandıqda maraqlarından imtina etməlidir. Burada deyilənlər başqa ölkələrdə çoxdan, daha sərt şəkildə qəbul olunub. Böyük Britaniyada elə ola bilər ki, deputat parlamentin yeməkxanasında xərclədiyi pulun hesabatını verməlidir. Almaniyada deputat cinayətdə ittiham edilirsə, o, iclas zalında həbs olunur. Elə ölkələr var ki, deputat seçiciləri ilə görüşməsə, onlarla kobud davransa, ictimai yerdə özünü qeyri-etik aparsa, hətta parlamentdə çıxış etsə, onu çox ağır cəza gözləyir”.
Şura sədri deputatların gəlir deklorasiyası haqqında qanun qəbul edilməsini təklif edib:
“Hesab edirəm ki, qanun layihəsini hazırlayarkən Əli Hüseynlinin rəhbərlik etdiyi Hüquq siyasəti və dövlət quruculuğu komitəsi beynəlxalq təcrübəni öyrənib. Beynəlxalq təcrübədə gəlir deklorasiyası əsas şərtlərdən biri kimi göstərilib. Gəlir deklorasiyasının tətbiqini bu dəfə də olmasa gələn dəfə gündəmə gətirək və qəbul edək. Bunun üçün qanunvericilik bazamız da mövcuddur”.
Ölkə.Az

