“Ölkəmizi tanıyaq” tur aksiyası davam edir
ARANTV.AZ xəbər verir ki, “Ölkəmizi tanıyaq” tur-aksiyasının 10-cu mərhələsi davam edir. 4 marşrut üzrə səfər edən məktəblilər bölgələrin tarixini öyrənir, mədəniyyəti, adət-ənənləri, son illərdə aparılan tikinti-quruculuq işləri ilə tanış olurlar.
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın Bakının Yasamal, Nəsimi, Nizami rayonlarından, Sumqayıt şəhərindən, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlıdan olan iştirakçıları Gəncəyə gəliblər. Zəfər Tağı qarşılandıqdan sonra onlara şəhərin tarixi, iqtisadiyyatı, mədəni həyatı, tikinti-quruculuq işləri, həyata keçirilən sosial layihələr barədə məlumat verilib. Sonra şagirdlər şəhərlə tanış olublar. Onlar Heydər Əliyev Mərkəzi, Şah Abbas Cümə Məscidi kompleksi, Cavad Xan məqbərəsi, Nizami məqbərəsi və digər tarixi məkanlarda olublar.
Məktəblilər Gəncədən sonra Şəmkir və Göygöl rayonlarına yola düşəcəklər.
Tur aksiyanın Gəncədən, eləcə də Bakının Xətai və Səbail, Şəmkir, Samux, Gədəbəy, Daşkəsən, Qazax, Agstafa rayonlarından olan iştirakçılarının cənub bölgəsinə səfərləri isə Lənkərandan başlayıb. Lənkəranda əvvəlcə Hirkan Milli Parkı ilə tanış olublar. Sonra məktəblilər Xanbulan İstirahət Mərkəzinə səyahət edib, çay plantasiyalarında və sitrus meyvə bağlarında olublar. İştirakçılara məlumat verilib ki, vaxtı ilə ölkə əhalisinin çaya olan tələbatının 70 faizini respublikada istehsal olunan çay məhsulu ödəyib. Uzun müddət tənəzzül dövrünü yaşayan çayçılıq dövlətin dəstəyi ilə dirçəliş dövrünü yaşayır.
Günün 2-ci yarısında məktəblilər Lənkəran şəhərinin tarixi abidələri və görməli yerlərinə səyahət ediblər. Marşurut üzrə növbəti ünvan Masallı olacaq.
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində şimal bölgəsinə ekskursiyaya gələn məktəblilər Qubada qarşılanıblar. Ekskursiyada Ağdam, Tərtər, Bərdə, Goranboy, Naftalan, Beyləqan, Ağcabədi, Xocavənd və Laçın məktəblərinin 300-dən çox şagirdi iştirak edir. Şagirdlər Heydər Əliyev Mərkəzi və Gənclər Mərkəzi ilə yaxından tanış olublar. Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı tur-aksiya iştirakçıları ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar. Məktəblilər yəhudilərin sıx məskunlaşdığı Qırmızı qəsəbə, xalçaçılıq emalatxanası, Cümə məscidi, Xınalıq yolundakı şəlalə, “ABAD Factory” İstehsalat Kompleksi ilə də tanış olublar. Tur-aksiya iştirakçıları noyabrın 17-dək Quba, Qusar və Xaçmaz rayonlarının görməli yerlərinə, tarixi abidələrinə ekskursiya edəcəklər.
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Cəbrayıl, Cəlilabad, Qubadlı, Saatlı və Sabirabad rayonlarının məktəbliləri Zaqatalada olub. Məktəblilərə şəhərin tarixi, iqtisadiyyatı, mədəni həyatı, aparılan tikinti-quruculuq işləri barədə məlumat verilib. Bildirilib ki, 126 min nəfər əhalisi olan Zaqatalada 20-dən çox xalqın nümayəndələri yaşayır. Sonra məktəblilər Heydər Əliyev Mərkəzində ulu öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən fotoşəkillər və sənədlərlə tanış olublar. Zaqatala Tarix-Mədəniyyət Qoruğunda isə şagirdlərə qala haqqında geniş informasiya verilib. Aksiya çəçivəsində iştirakçılar rayonun digər tarixi yerləriylə də tanış olublar.
Məkrəblilər tur aksiyanın növbəti günlərində Qəbələ və Şəki rayonlarında da olacaqlar.

