Tbilisidə keçirilən Gürcüstan-Türkiyə iş adamlarının forumunda Azərbaycanın əhəmiyyətindən danışılıb
ARANTV.AZ xəbər verir ki, “Azərbaycan investisiyaları əsasında İzmirdə inşa olunmuş STAR Neft Emalı Zavodu Türkiyənin neft sənayesinin inkişafına çox böyük töhfə verəcək”. Bu fikirlər Tbilisidə keçirilən Gürcüstan-Türkiyə iş adamlarının biznes forumunda səslənib. Türkiyə-Gürcüstan Biznes Şurasının vitse-prezidenti Serdar Ünsal deyib ki, Azərbaycanın Türkiyəyə yatırdığı investisiyalar davam edir. Ankara Azərbaycanın Türkiyə iqtisadiyyatına qoyduğu investisiyaların daha da artırılmasını istəyir. TANAP layihəsi və STAR zavodu həqiqətən də iqtisadi mənada Azərbaycan və Türkiyəni bir-birinə sıx bağlayır. Forumda həmçinin qeyd edilib ki, Türkiyənin Azərbaycan və Gürcütanla mükəmməl biznes münasibətləri var. Türkiyə və Gürcüstan arasında iqtisadi sahədə iş birliyinin gücləndirilməsi istiqamətində tədbirlər görülür. Biznes forumun keçirilməsində də məqsəd bu əlaqələrin inkişafına dəstək verməkdir. Gürcüstanın həm dövlət qurumları, həm də biznes sektoru Türkiyə ilə iqtisadi əlaqələrin inkişaf etdirilməsinə böyük maraq göstərir. Qeyd edək ki, forum Gürcüstanın Ticarət və Sənaye Palatası və Türkiyə Xarici İqtisadi Əlaqələr Şurasının təşkilatçılığı ilə keçirilir.

