Cəmiyyət 

Ümummilli liderimiz Heydər Əliyevin imzası ilə tarixə çevrilən gün-22 noyabr ədliyyə işçilərinin peşə bayramıdır

Qarşıdan əlamətdar tarixi bir gün gəlir. 22 noyabr- ədliyyə işçilərinin peşə bayramı ölkəmizdə hər il qeyd edilir. Onu da qeyd edək ki, bu gün tək ədliyyə sıralarında çalışanların deyil, eyni zamanda hər bir kəsin bayramı sayıla bilər. Belə ki, ədliyyə  sahəsində çalışıanlarla yanaşı hər bir Azərbaycan  vətəndaşına bu bayramdan pay düşür-desək, heç də yanılmarıq.Hansı ki, ədliyyə fəaliyyəti sayəsində hər bir kəsin hüquq və azadlığı, əmlakı və mülkiyyəti qorunur.Hüquqi dövlətin yaratdığı  hüquq və azadlıqlarının təminatı baxımından əhəmiyyətli bir bayram günüdür.

Azərbaycan ədliyyəsinin yaşı  100 ildən artıqdı. 102 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yarananda ilk kabinetdəcə Ədliyyə Nazirliyinin yaradılması qərara alınıb.Ədliyyə sisteminin bərqərar olunması sayəsində ölkəmizdə dünyaya nümunə olan bir dövlət modeli yaradılıb. Şərqdə ilk demokrtaik respublika qurulub. Qərbdə, hətta dünyaya  demokratiya yaymaq iddiasında olan Amerikada belə qadınların seçib,seçilmək hüququ olmadığı halda Azərbaycanda bu hüquq vətəndaşlara verilib.Bununla da demək olar ki, Azərbaycan Cümhuriyyəti  şərqə, elə bütün dünyaya nümunə ola biləcək dövlət yaratmışdır.

Müstəmləkəçilikdən yenicə azad ölkə yaratmaq elə də asan olmur. Ancaq xalqımızın qabiliyyəti, mədəniyyətə malik olması bu əngəli aşmağa imkan verdi.Cəmi 23 ay ömrü olan Azərbaycan Xalq Cümhuriyyəti dünyaya demokratik, ədalətli prinsiplərini nümayiş elətdirə bildi.Cümhuriyyətimizin ən parlaq işlərindən də birincisi məhz ədliyyə nazirliyinin bir təsisat kimi yaranması olmuşdur.Nazirlik öz işinə ilk növbədə ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası ilə başlamış, gərgin fəaliyyət nəticəsində məhkəmə aparatları tədricən bərpa edilmiş, binalar qaydaya salınmış, çətinliklə də olsa hüquq ədəbiyyatı kitabxanası yaradılaraq 6 aylıq hüquq kursları təşkil edilmişdir.

Həmçinin, ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilmiş, o cümlədən 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdir. Cəzaçəkmə yerləri ilə aparılan işin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyəti nəzərə alınaraq hökumətin 1919-cu il 11 avqust tarixli qərarı ilə əvvəllər Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş, nazirliyin təşəbbüsü ilə “İstintaq hissəsinin quruluşu və gücləndirilməsi haqqında”, “Məhkəmə idarəsi sahəsində vəzifələrə namizədlər haqqında”, “Azərbaycan andlı iclasçılar məhkəməsinin təsis edilməsi haqqında”, ADR-in yaranmasından il yarım keçməsi münasibətilə ümumi amnistiya haqqında və digər qanunlar parlamentin müzakirəsinə çıxarılmışdır.

Təəssüflər olsun ki, Azərbaycan Demokratik Respublikasının 1920-ci il aprel ayının 27-28-də süquta uğraması nəticəsində Sovet hökumətinin XI Qızıl Ordusu tərəfindən işğal edildikdən sonra inqilab komitəsinin 1920-ci il 13 may tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilmiş, Xalq Ədliyyə Komissarlığı yaradılaraq, onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilmişdir. Lakin 1930-cu ildə bu komissarlıq ləğv edilərək onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilmişdir.

Sovet hakimiyyəti illərində ifrat mərkəzləşdirilmiş hakimiyyətə aludəçilik, ayrı-ayrı dövrlərdə ədliyyə orqanlarından repressiya aləti kimi istifadə edilməsinə yönələn dövlət siyasəti, bu orqanların dəfələrlə ləğv edilib yenidən yaradılması ədliyyə sisteminin sabit struktura malik olmasına və işinin təşkilinə maneçilik törədirdi.

Ədliyyə Nazirliyinin yenidən yaradılması görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. 1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilmiş və bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmışdır. Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün zəmin yaranmışdır.

Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən və ulu öndər Heydər Əliyev ikinci dəfə ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirilmiş, Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyəti artmış, səlahiyyət dairəsi genişlənmişdir.

Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədi ilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərilərək 22 noyabr – 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün dövlət başçısına müraciət edilmiş və ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilmişdir. O gündən ədliyyə işçiləri öz peşə bayramlarını qeyd edirlər.

Ümummilli lider Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsinə, demokratik dövlət quruculuğuna, o cümlədən məhkəmə-hüquq islahatlarına başlanılmışdır. Nəticədə ölkəmizdə beynəlxalq standartlara cavab verən qanunvericilik bazası yaradılmış, demokratik prinsiplərə əsaslanan yeni məhkəmə sistemi təsis edilmiş, ədliyyə orqanlarının səlahiyyətləri genişləndirilmiş və onun qarşısında yeni vəzifələr qoyulmuş, şəffaf prosedurlar əsasında peşəkar hakim və ədliyyə korpusu formalaşdırılmışdır.

Ədliyyə işçilərinin peşə günü ərəfəsində ölkəmizin qazandığı zəfərlər indi ikiqat bayrama çevrilib. 1988-ci ildən bəri ermənilərin Azərbaycana qarşı başladığı qəsd, terror və nəhayət torpaqlarımızın işğalı hesabına xalqımız misli görünməmiş cinayət faktları ilə üzləşib.Dağlıq Qarabağ hüdudlarında azğınlaşaraq azərbaycanlıların soyqırımına həyata keçirən erməni cəlladları sonradan bölgənin ətrafında mənfur əməllərini həyata keçirmiş oldular. Münaqişənin genişlənməsi və alovlanması sayəsində minlərlə soydaşımız həyatını itirib, yüzminlərlə həmvətənimiz isti yurd-yuvalarından didərgin düşmək məcburiyyətində qalıb. 30 illik münaqişəni sülh yolu ilə həll etmək missiyasını Beynəlxalq təşkilatlar, xüsusi olaraq problemin çözülməsini üzərinə götürmüş ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyətinin nəticəsi olaraq onilliklərlə soydaşlarımız ən ağır şəratdə belə yaşamaq məcburiyyətində qalmışlar. Yaşlı və orta nəslin nümayəndələri yurd həsrətilə dünyalrını dəyişmişdilər. Təcavüzkar ermənistanın apardığı siyasət isə dinc azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıdışını əngəlləmək olmuşdur. Ermənistanın işğal etdiyi ərazilərdə beton istehkamlar yaratmaqla möhkəmlənmək istəyi münaqişənin həllinə olan ümidləri yoxa çıxarmışdır. Hansı ki, Ermənistanın baş naziri Nikol Paşinyanın vaxtaşırı Şuşaya gələrək azərbaycanlıların ünvanına təhqirlər yağdırması açıq – aşkar müharibəyə təhrik etmək demək idi.Son olaraq Tovuz istiqamətində ermənilərin  iyul ayında törətdikləri təxribatlar yeni Qarabağ müharibəsinin başlanmasını qaçılmaz etdi.  27 Sentyabrda növbəti törədilmiş erməni təxribatı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevi əks hücum əməliyyatına qətiyyətli qərar verməsinə səbəb oldu. Ali baş komandanımızın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu qısa zaman ərzində – cəmi 44 günə Cəbrayıl,Füzuli, Qubadlı, Xocavənd rayonlarına məxsus 200-dən artıq yaşayış məntəqəsini mənfur düşmənin işğalından qurtarması , bu ordunun yenilməz gücə malik olmasını göstərdi.

Döyüş meydanında ordumuzun qarşısında aciz qalan düşmən dinc sakinlərimizi hədəf götürmək kimi ən alçaq üsula əl atdı. Cəbh xəttinə yaxın Tərtər, Ağdam, Goranboy rayonlarını artilleriya atəşlərinə məruz qoydu. Xüsusilə, Tərtər ermənilərin atdığı top mərmilərindən dah çox dağıntılara məruz qalıb. İnsanlığa sığmayan hərəkətlərilə düşmən Tərtərin qəbristanlığını belə hədəfə alıb. Dəfn zamanı qəbristanlıqda olanlar atəş altına düşmüş, yaralanan və həlak olanlar olmuşdur. Düşmən nəinki, cəbhə xəttinə yaxın olan rayonlarımızı , döyüş meydanından uzaq şəhərlərimizi belə qadağan edilmiş raketlərdən atəşə tutmaqla dinc, mülki əhalini qanına qəltan etmişdir. Oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli, Alpoud kəndələrini, oktyabrın 28-də Bərdə şəhərinə kaset bombalı raketlər atmaqla xeyli sayda dinc sakini həlak etmiş, yaralamışdır.Dümənin cavabı ermənilərdən fərqli olaraq mülki şəxslərə atəş açmaqla deyil, döyüş meydanında layiqincə verilmişdir.  Ordumuz günahsız qurbanlarımızın, Xocalı, Qaradağlı, Ağdaban, neçə – neçə soyqırımların, ən sonda döyüş meydanında əsgərimizə məğlub olmağın acısını çıxartmaq kimi hədəf seçdiyi Gəncə və Bərdədəki terror qurbanlarının qisasını layiqincə almış oldu. Və bu 44 günün ən şərəfli qələbəsi qeyrət qalamız Şuşanın ermənilərdən geri alınması ilə yaddaşlarda qalacaq. Şuşa qələbəsindən sonra düşmənin təslimçilik bəyannaməsinə qol çəkməsi isə qələbələrimizin ən möhtəşəmi oldu. İndi biz möhtərəm prezidentimizin qətiyyəti sayəsində qələbə sevincini yaşayırıq.Bu qələbəni bizə nəsib eliyən ali baş komandanımıza, əsgərlərimizə təşəkkürümüzü bildiririk.Azadlığımız,ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizə Uca Tanrıdan rəhmət diləyirik!

Nəriman İsmayılov

Bərdə Rayon Qeydiyyat Şöbəsinin rəisi

I dərəcəli ədliyyə qulluqçusu 

Daha çox xəbərlər