SOS: 6 aya 40 bağça müdiri qovulub – Bəs keyfiyyət…
Ekspert: “Bağça müəllimlərinin ixtisası məktəbəqədər təhsilə uyğun gəlmir”
“Bakıda 20 mindən çox valideyn övladını bağçaya yerləşdirmək istəyir, lakin yerlər məhduddur”. Bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Nazir bildirib ki, hazırda Bakı şəhərində bağçaya olan tələbat təklifdən çoxdur: “Bağçalara uşaqların qəbulunu elektronlaşdırmışıq. Bu sistem vasitəsilə bağça müdirləri ilə valideynlər arasında qeyri-rəsmi sövdələşmələrin qarşısını almağa çalışırıq. Eyni zamanda, bağçalarda mütəmadi yoxlamalar aparılır. Bu ilin altı ayı ərzində 40 bağça direktoru vəzifəsindən azad edilib, 100-dən artıq şəxs barəsində inzibati tədbir görülüb”.
Kamran Əsədov
Təhsil eksperti Kamran Əsədov mövzunu “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, bu ilin ilk yarısında 40 bağça direktorunun vəzifədən azad edilməsi və 100-dən çox şəxsin inzibati məsuliyyətə cəlb olunması məktəbəqədər təhsil müəssisələrində ciddi struktur və idarəetmə böhranının mövcud olduğunu təsdiqləyir. Ekspertin fikrincə, rəqəmlər sistemdə keyfiyyətli idarəetmənin təmin olunması istiqamətində hələ də davamlı və əsaslı dəyişikliklərin baş vermədiyini göstərir: “Əgər ölkədə fəaliyyət göstərən dövlət bağçalarının ümumi sayı 1700-ə yaxındırsa, bu o deməkdir ki, cəmi altı ayda hər 42 bağçadan biri rəhbər dəyişikliyinə məruz qalıb. Bu isə yüksək kadr dəyişkənliyi deməkdir və sabit idarəetməyə mənfi təsir göstərir. ”Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 16.1-ci maddəsində göstərilir ki, məktəbəqədər təhsil müəssisəsinin rəhbəri ETN tərəfindən təyin edilir və onun peşəkar keyfiyyətləri ilə yanaşı, pedaqoji təcrübəsi də nəzərə alınmalıdır. Eyni zamanda, Nazirlər Kabinetinin 212 nömrəli qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə müəssisə rəhbərinin vəzifə səlahiyyətləri konkret şəkildə göstərilib.
Lakin praktikada bu tələblərə əməl olunmaması səbəbindən vəzifəyə təyinatlarda səriştə yox, daha çox şəxsi tanışlıq və qeyri-rəsmi meyarlar üstünlük təşkil edir. Bütün bunlar təhsilin keyfiyyətinə deyil, sadəcə strukturun idarəedici səviyyəsinə zərbə vurur. Bağça rəhbərlərinin məsuliyyət daşıdığı sahələr-qida təminatı, maddi-texniki baza, tərbiyəçilərin peşəkar fəaliyyəti, sanitar-gigiyenik şərait və valideynlərlə kommunikasiya-bilavasitə uşaqların fiziki və zehni inkişafına təsir göstərən amillərdir. Qida keyfiyyəti ilə bağlı yayılan narazılıqlar, qeyri-rəsmi ödənişlərin toplanması halları, tərbiyəçilərin peşəkarlıq səviyyəsindəki ciddi boşluqlar bu gün də aktual problem olaraq qalmaqdadır. Hətta bəzi hallarda bağçalarda çalışan müəllimlərin ixtisası məktəbəqədər təhsilə uyğun gəlmir və metodiki hazırlıq səviyyəsi qənaətbəxş deyil. Bu da tərbiyənin keyfiyyətini zəiflədir və uşaqda təhsilə olan ilk marağı zədələyir. Dünya təcrübəsində bağça rəhbərləri xüsusi hazırlıqdan keçirilir və onların fəaliyyəti hər il qiymətləndirilir.
Məsələn, Estoniyada bağça direktorları hər iki ildən bir təkrar sertifikasiya və fəaliyyət hesabatı ilə qarşılaşır. Finlandiyada isə rəhbərlər pedaqoji liderlik üzrə kurslar keçmədən təyin edilə bilməzlər. Bu ölkələrdə məktəbəqədər təhsil dövlət siyasətinin prioritet sahələrindən biri kimi qəbul olunur və bu sahəyə ayrılan vəsait təhsilin digər pillələri ilə müqayisədə az deyil. Azərbaycanda isə 2025-ci ilin büdcəsində ümumi təhsil üçün ayrılan 2 milyard 347 milyon manatın cəmi 130 milyon manatı məktəbəqədər təhsilə yönəldilib. Bu, təhsilin bu pilləsinə münasibətin ikincili olduğunu göstərir”.
K.Əsədovun fikrincə, son dövrlər bu sahədə nəzarət tədbirlərinin gücləndirilməsi və inzibati məsuliyyətə cəlb edilən şəxslərin sayının artması müsbət məqamdır: “Bu, cəzasızlıq mühitinin qırılmasına xidmət edə bilər. Eyni zamanda, bir neçə rayonda yeni bağçaların açılması və pilot olaraq bir neçə özəl sektor modeli tətbiq olunması gələcəkdə seçim imkanlarını artıra bilər. Lakin bu tədbirlər sistemli və davamlı olmasa, müvəqqəti effektlə kifayətlənəcək. Mövcud vəziyyətin dəyişməsi üçün bağça direktorlarının işə qəbulu zamanı şəffaf müsabiqə mexanizmi tətbiq olunmalı, onların fəaliyyətinə dair ictimai hesabatlılıq təmin edilməli və vətəndaş nəzarəti gücləndirilməlidir. Eyni zamanda, direktorların illik fəaliyyət hesabatı, rəhbərlik etdiyi bağçanın təlim-tərbiyə mühiti, qida və maddi-texniki baza ilə bağlı göstəriciləri ictimaiyyətə təqdim olunmalıdır.
Bağça direktorları üçün idarəetmə və pedaqoji liderlik üzrə məcburi ixtisasartırma proqramları tətbiq edilməli, onların mükafatlandırılması yalnız nəticəyə əsaslanmalıdır. Təklif edilən bu dəyişikliklər həyata keçirilməsə, bağça müdirlərinin tez-tez dəyişdirilməsi yalnız növbəti idarəetmə böhranlarına səbəb olacaq və məktəbəqədər təhsildə keyfiyyətin yüksəldilməsi istiqamətində real nəticə əldə olunmayacaq. Məktəbəqədər təhsil sadəcə, bir pillə deyil, gələcək nəslin təməlidir və bu təməl zəif qurularsa, sonrakı pillələr nə qədər güclü olsa da, sarsılar”.
Ekspert əlavə edib ki, bu sahədə inzibati tədbirlərlə yanaşı, strateji, peşəkar və uzunmüddətli yanaşma tətbiq edilməlidir.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”