Dünya 

“Demokrat” libaslı diktatorun ifşa olan siyasi oyunları

Azərbaycanla müharibədə acı məğlubiyyətə uğrayan Ermənistanın baş naziri iqtidardan getməməyin yolunu diktatura rejimini, repressiv siyasətini daha da kəskinləşdirməkdə görür

44 gün davam edən hərbi əməliyyatlar düşmən ordusunun məğlubiyyəti ilə yekunlaşmaqla yanaşı, həm də Ermənistan hərbi-siyasi rəhbərliyinin yalanlarının aşkara çıxması ilə nəticələndi. Müharibədən sonra erməni cəmiyyəti birmənalı olaraq anladı ki, N.Paşinyan iqtidarı onlara yalan sırımaqla məşğuldur. Belə ki, Ermənistan hakimiyyəti indiyə qədər ordusunun məğlubedilməzliyindən bəhs edirdisə, müharibədən sonra bunun mif olduğu tam aydınlığı ilə üzə çıxdı.

Bu gün İrəvan küçələrində, həmçinin parlamentdə baş verənlər həm də bu yalanların nəticələri kimi qiymətləndirilməlidir. Nikol Paşinyanın Ermənistanda iki il ərzində qurduğu diktatura rejiminin, guya, demokratikliyinə dair aldadıcı, məkrli, ört-basdıretmə cəhdləri, imkanlar sıfırlanmaq üzrədir. Artıq Ermənistanda heç kim onun boş vədlərinə inanmır. İndi hakimiyyət daxilində Paşinyana qarşı olanların vəzifələrdən uzaqlaşdırılması, orduda həbslər aparması prosesinə start verən baş nazir çətin ki, bununla ağır durumdan çıxa bilsin. Çünki erməni cəmiyyəti artıq həqiqətlə üz-üzədir, bilir ki, indiyə qədər deyilənlər, göstərilənlər sadəcə olaraq, “demokrat” libaslı diktatorun siyasi oyunbazlığı imiş.

Paşinyan hakimiyyətinin qurduğu diktatura rejiminə etiraz aksiyaları səngimək bilmir. Ermənistanın siyasi fiqurları Paşinyanı istefaya səsləyərək ölkənin acınacaqlı durumda olduğunu dəfələrlə vurğulayıblar. Məğlub baş nazir isə bütün günahları hərbi rəhbərliyin üzərinə atır. Sanki Şuşada sərxoş vəziyyətdə “yallı” oynayan, sərsəm bəyanatlar verən, “Qarabağ Ermənistandır, nöqtə” deyib münaqişəni daha da alovlandıran o deyildi. Belə pafoslu çıxışları ilə ölkəsini fəlakətə sürükləyən Paşinyan onu  ittiham edən bütün müxalifət nümayəndələrini həbsə atdırır, onlara təzyiqlər və təhdidlər təşkil edir. Müharibədə məğlub olan Ermənistanda demokratik azadlıqların tapdanması adi hala çevrilib. Ölkədə fərqli düşünənlərə qarşı, sözün əsl mənasında, müharibə elan olunub. Ermənistanda kütləvi həbslər həyata keçirilir, siyasi partiya rəhbərləri, siyasi fəallar saxlanılır, həbs edilir, deputatlara qarşı hücumlar təşkil olunur. Təqib və təzyiqin adi hal aldığı Ermənistanda təkcə siyasi fəallar deyil, onların yaxınları da basqılara məruz qalır. Hüquq-mühafizə orqanlarının əməkdaşları “Ayrenik” partiyasının sədri Artur Vanesyanın valideynlərinin mənzilinə daxil olaraq orada axtarış həyata keçiriblər. Əhaliyə etiraz aksiyalarına çıxmaq qadağan olunur, fəallar, onların ailə üzvləri qorxudulur.Faktiki olaraq xarici ölkələrin əlində  oyuncağa çevrilmiş Paşinyan rejimi erməni xalqına müharibə elan edib. Hətta Qarabağda döyüşən, ancaq öldü-qaldısından xəbər olmayan əsgərlərin valideynləri etiraz səslərini ucaltdıqlarına görə polis zorakılığına məruz qalırlar.  Ölkədə media sərt senzura şəraitində fəaliyyət göstərir, QHT-lərin fəaliyyəti tam məhdudlaşdırılıb. Bu gün ölkədə baş verənlərin gizlədilməsi üçün hakimiyyəti, hətta bələdiyyələri belə tənqid edənlərə 1200 avro cərimə tətbiq olunur. Buna görə sosial şəbəkə istifadəçiləri və jurnalistlər tərəfindən hakimiyyətin özbaşınalığı və cinayətləri açıq şəkildə tənqid edilmir. Ermənistanda vətəndaşların dinc etiraz aksiyalarını qeyri-mümkün edən yüksək cərimələr tətbiq olunur.

Ermənistanın baş naziri Nikol Paşinyan hökumət üzvlərinin demək olar ki, 80 faizini istefaya göndərmək niyyətindədir. Bu barədə Ermənistanın “Joxovurd” qəzeti öz mənbələrinə istinadən yazıb. Nəşr bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra Paşinyan Nazirlər Kabinetinin tamamilə yenidən qurulması baxımından çox qətiyyətlidir. Hakim partiya son günlərdə vəzifələrini tərk edənlərin yerinə yeni kadrlar axtarır. Ölkə rəhbərliyi hesab edir ki, Nazirlər Kabineti üzvləri Qarabağ müharibəsi dövründə fəaliyyətsiz idilər və buna görə də istefa verməlidirlər.

Ermənistanda N.Paşinyanla sabiq iqtidar təmsilçiləri arasında qarşıdurmanın miqyası getdikcə daha da artır. Sabiq prezidentlər, müxalif partiyanın təmsilçiləri və xaricdəki ermənilər Paşinyan iqtidarının daxili və xarici siyasətini indi daha sərt formada tənqid edirlər. Hazırda müharibədə sarsıdıcı məğlubiyyətə uğrayan N.Paşinyan iqtidarı ölkə daxilində baş qaldıran narazılıq və xalq qəzəbini söndürmək üçün amansız repressiyalara başlayıb. Son günlər ərzində müxalifət partiyalarının hökumətin fəaliyyəti ilə bağlı tənqidləri cəmiyyətə “milli xəyanət” kimi təqdim olunub. İndiyədək Ermənistanda N.Paşinyanın istefası tələbi ilə keçirilən kütləvi aksiyalarda 10 müxalifət lideri saxlanılıb. Müxalif qüvvə hərbi vəziyyət zamanı mitinq təşkil etmək və dövlət sirrini açıqlamaqda təqsirləndirilib.

Müxalif “Daşnaksütyun” partiyasının nümayəndəsi Qeam Manukyan Ermənistanın baş prokurorluğunun binası önündə reallaşan mitinqdə N.Paşinyana qarşı cinayət işi açılmasını tələb edib: “Paşinyan qanunsuz əmrləri, təlimatları, addımları ilə xalqın etiraz səsini susdurmaq üçün siyasi repressiyanın, zorakılığın təməlini qoydu. Ölkənin təhlükəsizliyini və bütövlüyünü pozan, insanların birliyini, demokratiya və söz azadlığını şübhə altına alan hərəkətlərinə görə Paşinyana qarşı cinayət işi açılmalıdır”.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan isə jurnalistlərə açıqlamasında “Paşinyana cinayət işi açılması hüquq-mühafizə orqanlarının ən mühüm vəzifəsidir”, –deyə bildirib. A.Vanetsyan, eyni zamanda, N.Paşinyanın bütün addımlarının hakimiyyəti qoruyub saxlamağa hesablandığını vurğulayıb: “Ermənistanda hakimiyyət, demək olar ki, yoxdur. Baş nazir artıq hüquq -mühafizə orqanlarına etibar etmir. O, siyasi rəqiblərini sıxışdırmaq üçün qruplaşmalar formalaşdırır”. Qeyd edək ki, A.Vanetsyan N.Paşinyana qarşı sui-qəsddə və hakimiyyət çevrilişinə cəhddə ittiham olunur.

“Sputnik Ermənistan”ın məlumatına əsasən, artıq işğalçı respublikanın prezidenti Armen Sarkisyan isə xalqa müraciət edərək, ölkədə növbədənkənar parlament seçkilərinin qaçılmaz olduğunu bildirib. Buna görə də o, hökuməti və parlamenti növbədənkənar parlament seçkilərinə hazırlaşmağa çağırıb. Ermənistan prezidenti bunu ölkənin həm döyüş meydanında, həm də diplomatik arenada məğlub olması ilə əlaqələndirib. “Böhranla üzləşən iqtisadiyyatımız ciddi sosial problemlər yaradıb. Buna görə də biz reallığı inkar edib adi həyatımızı yaşamağa davam edə bilmərik”, – deyə A.Sarkisyan vurğulayıb. A.Sarkisyan, həmçinin qeyd edib ki, son günlər parlament və qeyri-parlament qüvvələri, ictimai qruplar, diaspor nümayəndələri ilə görüşüb. Bütün bu görüşlərdə hökumətin istefası və ya Nazirlər Kabinetinin səlahiyyətlərinə son qoyulması, həmçinin növbədənkənar parlament seçkilərinin keçirilməsinin zəruri olması kimi ümumi fikir səsləndirilib.

Ermənistanda baş verən hadisələrdən daha da rəzil olan bir məqam var ki, o da Paşinyanın siyasi eyiblərinə, diktator rejiminə, səbəbkarı olduğu hərbi və bəşəri cinayətlərə qərəzli beynəlxalq təşkilatlar, o cümlədən özlərini insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim edən bəzi Avropa və Qərb dövlətlərini narahat etməməsidir. Ermənistanda baş vermiş dövlət çevrilişi yolu ilə hakimiyyətə gətirilmiş Nikol Paşinyanı “demokratik lider” kimi təqdim edən Qərb dairələri Ermənistanda baş verən bu biabırçılığa göz yumurlar. Sanki ölkədə tüğyan edən diktaturadan bixəbərdirlər. Həqiqəti söyləyənlərin, reallıqları yazanların həbsə atdırılması və həbsxanada işgəncələrə məruz qalması, acından ölməsi, Paşinyan hakimiyyətinin hegemonluğunu həqiqətənmi görmürlər? Axı həqiqət nə qədər acı olsa da, onu  demək lazımdır.

Bu gün beynəlxalq ictimaiyyətin gözü qarşısında Ermənistanda müxalifətin əzilməsinin və sıradan çıxarılmasının, həbs olunmasının susqunluqla qarşılanması, faşizm ideologiyasını “demokratik inqilab” adlandırılması ikili standartların, ayrı-seçkiliyin bariz nümunəsidir. Bəs ikili standartlar nə ilə bağlıdır və bu ədalətsizliyin kökündə nə dayanır? Görünür ki, Ermənistan rəhbərliyi həmin dairələrin gözündə xüsusi imtiyaza malikdir, bu ölkədə hakimiyyət tərəfindən insanları öldürmək, həbs etmək, işgəncə vermək olar. Bu gün bir sıra Qərb ölkələrinin, o cümlədən Fransanın, Kanadanın Ermənistana dəstək bəyanatları da bu ölkələrin hakim dairələrinin həqiqi simalarını və mahiyyətini aydın əks etdirir.

Yaqut Ağaşahqızı, “İki sahil”

Daha çox xəbərlər