Sosial 

“Gözəgörünməz düşmən”in qurbanına çevrilməyək!

Hər kəs anlamalıdır ki, COVID-19-a qarşı qəbul olunmuş qərarlar məhz  sağlamlığın qorunması məqsədilə atılan zəruri addımlardır

Son günlərin statistik rəqəmləri onu deməyə əsas verir ki, hazırda dünyada yeni növ koronavirus infeksiyasına yüksək yoluxma dinamikası müşahidə olunmaqdadır. Bu səbəbdən virusun geniş yayılmasının qarşısının alınması üzrə müvafiq tədbirlər həyata keçirilir, hətta bir çox ölkələrdə sərt karantin qaydaları tətbiq edilir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edərək bildirib ki, koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Avropanı qarşıda daha “çətin 6 ay” gözləyir. ÜST-ün eksperti David Navarro gələn ilin əvvəlində Avropada koronavirus pandemiyasının üçüncü dalğası barədə xəbərdarlıq edib. Ekspert bildirib ki, əgər Avropada lazımi tədbirlər görülməsə və pandemiyanın nəzarət altına alınması üçün müvafiq infrastruktur işləri aparılmasa, o zaman gələn ilin əvvəlində üçüncü dalğa qaçılmaz ola bilər.

Ölkəmizdə COVID – 19-a yoluxma sayındakı sürətli artım çox böyük narahatlıq doğurur. Demək olar ki, hər gün COVlD – 19- a yoluxma sayı ilə bağlı rəqəmlər yüksəlir, “rekord” göstəricilər qeydə alınır. Sağalanlarla yoluxanlar arasında müsbət dinamikanın pozulması, ölüm sayının çoxluğu da bu sıradadır. Azərbaycanda koronavirusa yoluxma sayının artması həm də onu deməyə əsas verir ki, artıq ölkəmizdə pandemiyanın yeni dalğası müşahidə edilir. Hətta noyabrın 22-nə olan statistikaya əsasən, koronavirusa yoluxanların sayı rekord həddə 3196-ya çatıb.  Yaddan çıxarmamalıyıq ki, koronavirusun tüğyan etdiyi vaxtdan indiyədək 1000-dən çox insan bu  bəşəri bəla ucbatından vəfat edib. Xatırladaq ki, Azərbaycanda gündəlik yoluxma sayının kəskin artması xüsusi karantin rejiminin müddətinin dekabrın 28-dək uzadılmasına səbəb olub. Bununla belə, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Operativ Qərargah bir sıra məhdudiyyətlərin tətbiqinə qərar verib.  Belə ki, Bakı Metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət dekabrın 28-dək uzadılır. Koronavirusa yoluxmanın çoxalması səbəbindən bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti 21 noyabrdan 28 dekabradək dayandırılır. Bundan başqa, 21 noyabrdan 28 dekabradək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla, digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılır. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilir. Xüsusi karantin rejimində koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir. Dünyadakı, o cümlədən Azərbaycandakı mövcud sanitar – epidemioloji vəziyyəti nəzərə alaraq yüksək risk qrupuna daxil olan yaşı 65-dən yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunur. Həmçinin özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara da işçilərin say həddinin 30 faizədək azaldılması və digər əməkdaşların məsafədən iş rejiminə keçirilməsi tövsiyə edilir. Nazirlər Kabineti yanında Operativ Qərargah bütün vətəndaşları COVID–19 virusu ilə mübarizədə mövcud karantin tələblərinə ciddi riayət etməyə, zərurət olmadıqda kənar şəxslərlə təmaslardan yayınmağa, qapalı və açıq məkanlarda sosial məsafəyə əməl etməyə çağırır.

Pandemiya ilə mübarizədə hər birimiz vətəndaş kimi, öz məsuliyyətimizi anlamalı, sağlamlığımızı qorumalıyıq. Unutmayaq ki, COVID-19 da bizi addım-addım izləyir. Odur ki, dezinfeksiyaedici vasitələrdən mütəmadi istifadə etmək, ictimai yerlərdə, nəqliyyatda və insanların çox olduğu digər yerlərdə tibbi maskalar taxmaq çox vacibdir. Özümüzü bu çətin və həssas dövrdə hər cür infeksiya və pandemiyadan qorumaqla, ətrafımızı da qorumuş olarıq. Odur ki, bu bəladan tez bir zamanda xilas olmağın yolu çox sadədir: maska taxaq, sosial məsafəni qoruyaq, sağlam olaq.

Tibbi maskalara insanın virusdan qorunmasında ən asan istifadə edilə bilən və həm də ən etibarlı vasitədir. Maska taxarkən çalışmaq lazımdır ki, burunun üzəri də örtülsün, əks halda, infeksiya mənbəyi tam bağlanılmamış qalır. Hava-damcı yolu ilə yayılan infeksiyalar zamanı həm udlaq, həm də qırtlaq bağlanılmalıdır ki, virus selikli qişa vasitəsilə orqanizmə daxil olmasın. Əllərin antiseptik vasitələrlə silinməsi, sosial məsafənin qorunmasına da mühüm şərtlərdən biri kimi ciddi şəkildə riayət edilməlidir. Maskanı heç də bütün gün taxmaqdan söhbət getmir, əgər böyük bir xiya­banda açıq havada insan sayı o qədər çox deyilsə, ara məsafəsi uzaqdırsa, təbii ki, maska taxmağa o qədər də ehtiyac yoxdur. Lakin şəhər mərkəzində, marketlərdə, tünlük olan məkanlarda mas­kasız gəzmək yolverilməzdir.

Virusa yoluxmamaq üçün qorunmadan danışanda, peyvəndin vacibliyindən də söz açmaq lazımdır. Nə qədər ki, peyvənd tapılmayıb, qorunmaq üçün maska taxmaq, məsafə saxlamaq, əl gigiyenası və təmasların minimuma endirilməsindən başqa yol yoxdur. Kütləvi peyvənd olunması və ya kollektiv immunitetin formalaşması da infeksiyaya qarşı mübarizə formalarından biridir. Əhalinin yeni koronavirusa qarşı kütləvi peyvənd olunması kollektiv immunitet yaradacaq, bunun nəticəsində xəstəliyə yoluxma sayı idarə olunacaq və yoluxma kifayət qədər aşağı olacaq.

Göründüyü kimi, vəziyyət gərgin olaraq qalır. Virus açıq – aydın bəşəriyyətə meydan oxuyur. Acınacaqlı haldır ki, insanların əksəriyyəti, məhz səhlənkarlıqdan, məsuliyyətsizlikdən “gözəgörünməz düşmənin” qurbanına çevrilir. Xəstə sayının, ölüm hallarının  artdığı belə bir dönəmdə vətəndaşlar bilməlidirlər ki, əgər biz bugünkü ciddi vəziyyəti real olaraq qəbul edə bilmiriksə, daha ağır nəticələrlə üzləşə bilərik. Virusdan qorunmaq üçün hər kəsin üzərinə düşən iş yalnız məsuliyyətli olaraq, qaydalara əməl etməkdir. Biz, eyni zamanda, qaydalara əməl etməyənləri də qınamalıyıq. Bunu hər birimiz etsək, qaydalara əməl etməyənlər, onu pozanlar gələn dəfə ona əməl etməyə çalışacaqlar. Beləliklə də, cəmiyyətdə virusla bağlı davranış normalarımız daha da təkmilləşəcək.

Yaqut Ağaşahqızı, “İki sahil”

Daha çox xəbərlər