Siyasət 

Böyük Qələbəmiz haqqın, ədalətin təntənəsidir

Ali Baş Komandan İlham Əliyevin «Qarabağ Azərbaycandır!» sözlərini döyüş meydanında gerçəkləşdirən rəşadətli ordumuz gücünü dünyaya bəyan etdi

Döyüş bacarığı, hazırlığı, mübarizliyi ilə dünyanın hərb tarixinə yeni səhifə yazan Azərbaycan Ordusu ulu öndər Heydər Əliyevin «Biz hərb istəmirik, amma hərbə hazırıq» sözlərini reallaşdırdı. 2003-cü ildə ilk dəfə prezident kimi and içən, « Azərbaycanda ordu quruculuğu daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır» sözlərinin doğruluğunu 30 il Ermənistanın işğalı altında qalan torpaqlarımızı azad etməklə təsdiq edən Ali Baş Komandan İlham Əliyev Füzulidə, Cəbrayılda, Ağdamda, Xudafərində üçrəngli bayrağımızı dalğalandırmaqla sözünün sahibi olduğunu bir daha göstərdi.

Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması, Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlardan, artilleriya qurğularından, minaatanlardan intensiv atəşə tutması nəticəsində başlanan Böyük Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifələr yazdı. 44 gün davam edən əks-əməliyyatlar nəticəsində Füzulinin, Ağdamın, Cəbrayılın, Kəlbəcərin, Qubadlının, Zəngilanın, Şuşanın, Hadrutun… 300-ə yaxın kəndin, strateji yüksəkliklərin işğaldan azad olunması ilə bölgədə yeni geopolitik mənzərə yaradan Azərbaycan Ordusunun uğurları Prezident, Ali Baş Komandan İlham Əliyevin 17 illik gərgin siyasi-diplomatik səylərinin, dövlətçilik təcrübəsinin, torpağına bağlılığının, əsgər və zabitlərimizin ruh yüksəkliyinin, xalq-ordu birliyinin məntiqi nəticəsidir. «Şuşasız bizim işimiz yarımçıq olar» söyləyən Ali Baş Komandan İlham Əliyev ulu babalarımızın əmanətini xalqımıza qaytarmaqla ulu öndər Heydər Əliyevin vəsiyyətini də yerinə yetirdi. Döyüş əməliyyatlarında ordumuzun ən müasir hərbi texnika və avadanlıqlarla təchiz olunması, yüksəkdəqiqlikli silahlardan istifadə, mövcud nizam –intizam qələbənin başlıca amilləri olmaqla Dağlıq Qarabağla bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilsə də, icra mexanizmi «unudulan» qətnamələrin yerinə yetirilməsini reallaşdırdı. «Otuz ilə yaxındır ki, Minsk qrupu çərçivəsində danışıqlar aparılır və bunun sonunda Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətinə salıbdır. BMT-dən başqa, bütün digər aparıcı beynəlxalq təşkilatlar bizim haqlı mövqeyimizi müdafiə edir…Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, «Dağlıq Qarabağ ordusu»nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir» söyləyən Prezident İlham Əliyev bildirir ki, biz haqq, ədalət, torpaqlarımız uğrunda mübarizə aparırıq.

Milli Ordumuzun hərbi əməliyyatlar nəticəsində qazandığı uğurlar faşist xislətli Ermənistanın son iki əsrdə azərbaycanlılara qarşı apardığı soyqırımlara, siyasi, hərbi, ekoloji terrorlara cavabdır. Düşmən üzərində tam qələbəmizin müjdəsi olan Şuşanın işğaldan azad olunması Azərbaycan Ordusunun yenilməzliyini bütün dünyaya bəyan etdi. Bu qələbə, ordumuzun zəfər sevinci xalqımızın müzəffər sərkərdə Prezident İlham Əliyevin ətrafında «dəmir yumruq» kimi birləşməsinin ifadəsi idi. Bu qələbələr ordu quruculuğu istiqamətində aparılan islahatların, çəkilən zəhmətin bəhrəsidir.

Son illərdə ölkə iqtisadiyyatının güclənməsinin, ordu quruculuğunun intensivləşməsinin, müdafiə sənayesinin inkişafının məntiqi nəticəsi olan torpaqlarımızın azad olunması düşmən üzərində qələbəmizi şərtləndirdi. Döyüş hazırlığını, qüdrətini hərb meydanlarında düşmənə ağır zərbələr endirməklə bildirən ordumuzun 5-ci nəsil hərbi texnika, müasir silahlarla təmin olunması, Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclu orduları sırasında yerləşməsi həm də iqtisadi qüdrətimizin göstəricisidir. Təsadüfi deyil ki, ordumuzun döyüş əməliyyatları XXI əsrdə müharibə aparılması nümunəsi adlandırılır. Ölkə vətəndaşlarının intizarla gözlədikləri Prezident İlham Əliyevin xalqa müraciətlərində və beynəlxalq hərbi ekspertlərin açıqlamasında qeyd olunduğu kimi, çətin relyefə malik, sıldırım qayalarla əhatə olunmuş Şuşa uğrunda mübarizədə qalib gələn Azərbaycan Ordusunun döyüş təcrübəsi müstəsna hal, dünya hərb tarixində unikal əməliyyat adlandırılaraq beynəlxalq səviyyədə öyrənilir.

Azərbaycanda illərdən bəri ordu quruculuğu istiqamətində aparılan islahatların məntiqi nəticəsi beynəlxalq təşkilatların açıqladığı statistik rəqəmlərlə də ifadə olunur. Modernləşdirilən, ən müasir texnika ilə təmin olunan Azərbaycan Ordusu «Qlobal atəş gücü» indeksi üzrə 64-cü yerdə qərarlaşaraq, siyahının 111-ci sırasında yerləşən Ermənistanı qabaqlayır. Hərbi kontingent, hava qüvvələri ilə təminat baxımından da Ermənistanı arxada qoyan ordumuzun əməliyyatlar zamanı mülki əhalini hədəfə almaması isə Azərbaycanın multikultural dəyərlərə sadiqliyini, döyüş əməliyyatları zamanı belə humanizm prinsiplərini diqqətdə saxladığını göstərir.

Ordumuzun belə yüksək dəyərləndirilməsi təbiidir. Bugünlərdə Ağdamda olarkən Ermənistanı «məğlub edilmiş ölkə» adlandıran Prezident İlham Əliyevin vurğuladığı kimi oğrular, əsgər yeməyini satanlar hesabına formalaşan Ermənistan ordusu fərarilərdən, qorxaqlardan ibarətdir.

Qəhrəmanlıq göstərən Azərbaycan əsgər və zabitləri qarşısında ağ bayraq qaldıran, hərbi kapitulyasiyaya məcbur olan Ermənistan ordusunda fərarilik edənlərin sayı 10 mini ötüb. Əsgərini, hərbi texnikasını döyüş meydanında qoyub qaçan, zabit şərəfini Azərbaycan əsgərinin ayaqları altına atan hərbçilərin dönüklüyünü, qorxaqlığını, Ermənistan ordusundakı vəziyyətin acınacaqlı olduğunu övladlarının meyitini ala bilməyən ermənilər özləri belə təsdiqləyirlər. Quldurlardan, dinc əhalini hədəfə alan ermənilərdən, muzdlulardan ibarət miskin Ermənistan ordusundakı biabırçı vəziyyəti «Onların ordusu oğrulardan ibarətdir. Son iki il ərzində nə qədər oğru erməni generalı həbs edildi?! Tuşonka satan, əsgərin payını satan generallar oğrudurlar. Onların «qəhrəmanları» qorxaqdırlar, onların rəhbərləri cinayətkarlardırlar. Ermənistan rəhbərliyi artıq özü bunu deyir ki, 20 il ərzində-1998-ci ildən 2018-ci ilə qədər bu ölkəyə quldurlar, oğrular, qorxaqlar, fərarilər rəhbərlik edib» sözləri ilə diqqətə çatdıran Prezident İlham Əliyev hələ bir neçə il bundan əvvəl də qeyd edirdi ki, erməni xalqı özünü dövlətə başçılıq edən xunta rejimindən qorumalıdır. Bu gün də müstəqil olmayan, rəzil vəziyyətə düşən Ermənistan saxtalaşdırılmış keçmişindən əl çəkmədən irəli gedə bilməyəcək.

Döyüş meydanında, bütün dünya qarşısında rəzil olan ermənilərin bundan sonra bu damğa ilə yaşayacaqlarını söyləyən Prezident İlham Əliyev bildirir ki, Ermənistanın işğal siyasəti bu ölkəni siyasi, hərbi, iqtisadi cəhətdən asılı, müstəqil olmayan dövlətə çevirməklə, övladlarını ziyanlı nasizm, faşizm ideologiyaları ilə tərbiyə etməklə gələcəklərini də məhvə aparırlar.

İşğaldan azad edilən Azərbaycan torpaqlarında törətdikləri barbarlıqları, vəhşilikləri, mülki əhaliyə qarşı törətdikləri qəddarlığı görən dünya ictimaiyyəti də təsdiqləyir ki, başqalarına nifrət hissi Ermənistanda olduğu kimi heç bir dövlətdə, millətdə yoxdur. «Onlar bu iddianı müəyyən müddət ərzində reallaşdıra bilmişdilər, bizim torpaqları işğal etmişdilər, qonşu xalqı didərgin salmışdılar. Hesab edirdilər ki, onlar haqlıdır və saxta tarix yaradırdılar. İndi onlar bütün başqa ölkələrdən yardım gözləyirlər. Elə bil ki, bütün dünya bunlara borcludur» sözləri ilə işğalçının aqibətinin mütləq məğlubiyyətlə nəticələnəcəyini bildirən Prezident İlham Əliyev Ermənistanın timsalında faşizmin bütün dünya üçün qorxulu bəla olduğunu göstərir, separatizmi, dini radikalizmi, etnik təmizləmə siyasətini dəstəkləyən qüvvələri haqqa, ədalətə çağırır.

Son döyüş əməliyyatlarında Gəncəni, Ağdamı, Füzulini, Tərtəri, Bərdəni davamlı atəşə tutan, ballistik raketlərdən, kasetli, fosforlu bombalardan istifadə edən Ermənistan faşizm ideyalarına son qoymadıqca dünya dövlətləri arasında yer ala bilməyəcək. Azərbaycan Ordusu işğalçıya qalib gəlməklə bölgədə erməni faşizminin belini qırdı: «Biz bölgəni erməni faşizmindən xilas etdik, dünyanı erməni faşizmindən xilas etdik. Amma baş qaldıra bilər. Ancaq biz imkan verməyəcəyik. Hər kəs bunu bilsin. Özümüzü müdafiə etmək üçün istənilən addımı atacağıq… Heç kim bizim qabağımızda dura bilməz, bizə şərt qoya bilməz. Bizə müharibənin ilk günlərində şərt qoymaq istəyən, hədələmək istəyən, şərləmək istəyən ölkələrin, bəzi Qərb ölkələrinin nümayəndələri sərt cavabımızı aldılar. Gördülər ki, biz o ölkələrdən deyilik ki, kiminsə qabağında baş əyək və mən o liderlərdən deyiləm ki, kimdənsə nə isə qəbul edim, hansısa sözü. Artıqlaması ilə cavab vermişəm və verəcəyəm lazım gəldikdə» söyləyən Prezident İlham Əliyevin son günlərdə dünyanın tanınmış telekanallarına verdiyi müsahibələrində göstərdiyi qətiyyət, qərəzli suallara məntiqli cavabları, dünya siyasətinin təhlili baxımından verdiyi açıqlamalar da lider qətiyyətinin, fəlsəfəsinin, dəyişilməz siyasi iradənin göstəricisidir.

Ölkəmizdə xalq-iqtidar-ordu birliyinin ifadəsi olan izdihamlarla müqayisədə Ermənistanda artan gərginlik, steva çağırışları işğalçını gözləyən aqibəti göstərir. Azərbaycan döyüş meydanında istədiyinə nail oldu. Diplomatiyada, siyasi müstəvidə gücünü göstərdi. Azərbaycan, Rusiya, Ermənistan arasında bəyanatı imzalamaqla tolerant ölkə kimi imicini qorudu, multikultural dəyərlərin bəşəri, qüdrətli gücə malik olduğunu göstərdi. Səbəb olmadan Azərbaycanı ittiham etməklə ölkəmizə qarşı qərəzli mövqe göstərən ermənipərəst dairələri yerində oturtdu, tarixi faktlara, beynəlxalq hüquqa əsaslanan mənbələrə istinad etməklə layiq olduqları cavabları verdi. Özünü dünyanın demokratiya mərkəzi adlandıran Avropa Şurasına, Avropa Parlamentinə haqq-ədalət yolunu göstərdi. Bildirdi ki, diktatoru dəstəkləməklə dünyada barışığa nail olmaq mümkün deyil. Terrorçunu dəstəkləyənlər artıq başa düşməlidirlər ki, alovlanan münaqişə ocaqlarının söndürülməsi üçün terrora, mili münaqişələrə «yaşıl işıq» yandırmaqla XXI əsrin çağırışı olan sülhə nail olmaq mümkün deyil. Azərbaycan son hadisələrdə göstərdiyi şücaəti, humanizmi ilə yenə də dünyada sabitliyin qorunmasındakı xoş niyyətini göstərdi. «Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir» söyləyən və bu tarixin müəllifi olan Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, müzəffər Azərbaycan xalqı, qalib Milli Ordumuz düşmənə heç vaxt unutmayacağı zərbə vurdu. Bildirdi ki, Qarabağ bizimdir. Vətəni uğrunda döyüşən, şəhid olan hər bir azərbaycanlınındır.

 

Xuraman İsmayılqızı, «İki sahil»

Daha çox xəbərlər