Cəmiyyət 

Şeyx: Yazılanlara bir söz demirəm, amma bir az insafla yazsınlar

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə “Yeni Müsavat” qəzetinə verdiyi müsahibədə bir çox məsələlərə, o cümlədən xarici ölkələrdə çoxlu sayda mülklərinin olması ilə bağlı şayiələrə aydınlıq gətirib.

ARANTV.AZ  xəbər verir ki, şeyx bu xəbərlərin həqiqətə uyğun olmadığını söyləyib.

“Tamamilə yalan məlumatdır. Mənim orada heç bir şeyim yoxdur. Mən artıq uzun illərdir ki, Karlovı Varıda müalicə alıram. Orada həkimlərim var, hər il məni müalicə edirlər. Hər dəfə müalicəyə gedəndə orada namaz qılmağa yer tapmaq problem olurdu. Odur ki, ibadət, namazlarım üçün münasib yer axtarırdım. Adını çəkmək istəmədiyim azərbaycanlı iş adamları var, din xadimi olaraq ehtiram göstərib orada namaz qılmaq üçün mənə bir yer aldılar.

İki maşınlıq qarajının üstündə yerləşən 23-24 kvadratlıq yeri alıb orada otaq, mətbəx və dəstəmazxana düzəltdirib vermişdilər mənə. Orada “Quran”ım, namaz səccadəm vardı. Bir də yerli yeməkləri yeyə bilmirdim deyə, orada ayrıca yemək hazırlayırdıq. Allah rizası üçün bu savab işi etmişdilər.

Məlum şayiələr yayıldıqdan sonra mən o yerdən imtina etdim, sahiblərinə qaytardım.  Məqsədli şəkildə xəbərlər yayırlar ki, guya orada mənim böyük əmlaklarım var. Belə şayiələri qəsdən şişirdirlər. Bütün bunlar dövlətçiliyimiz adına, dini lider olaraq şəxsimə qarşı düşmənçilik məqsədlidir. Amma narahat deyiləm, haqqı qoruyan Allahdır”.

Bir neçə il əvvəl mətbuatda şeyxin oğlunun ailəsi ilə birlikdə İstanbula köçməsi ilə bağlı xəbərlərə də fikir bildirən şeyx deyib:

“O zaman gəlinim xəstə idi, İstanbula müalicə üçün getdilər. Təbii ki, uşaqları da özləri ilə apardılar. Mən deyirəm ki, oğul mənimdir, heç yerə getməyib, Bakıda yaşayır. Amma bunu da bir hadisəyə çevirdilər, mənə qarşı kampaniyaya çevirdilər. Halbuki əsası yox idi, amma yazırdılar.

Olsun, yazılanlara bir söz demirəm, amma bir az insafla yazsalar barı. Bir şeyi deyim. Moskvada erməni katalikosu Qareginlə görüşdə o, mənə etiraf elədi ki, bizim mətbuatda sənin barədə mənfi yazılar yazılır. O ermənidir, aydındır ki, məni qaralayırlar. Bəs burada yazanın məqsədi nədir? O, niyə məni gözdən salmaq, qaralamaq istəyir?

Mənim 70 yaşım var, göydə Allahdan, yerdə qanundan başqa çəkinəcəyim bir şey yoxdur. Amma bir dini lider barədə yalan yazmaq, olmayanları yaymaq etikadan kənardır, milli mənəviyyatımıza uyğun deyil.oxu.az

Daha çox xəbərlər