Feyxoa yığımı davam edir
ARANTV.AZ xəbər verir ki, astaranın adı gələndə sitrus meyvələri yada düşür: limonu, narıngisi, portağalı, feyxoası… Hazırda bağlarda meyvə yığımı davam edir.
Məhsuldarlıq da fermerlərin ürəyincədir. Bu il Astaranın feyxoa bağlarından 6 min tondan çox meyvə gözlənilir.
Bura Astaranın Tüləgüvan kəndidir. Rayonun başqa ərazilərində olduğu kimi burada da, demək olar ki, hər həyətdə sitrus meyvə ağacları-limon, kinkan, kivi, portagal və naringi yetişdirilir. Əhalinin dolanışığı əsasən bu bağlarla bağlıdır. Kənd sakini Əzizaga Quliyev də uzun illərdir sitrusçuluqla məşguldur. Həyətyanı sahədə 1 hektara yaxın ərazidə sitrus meyvələrinin bütün növlərini yetişdirir. Amma daha çox feyxoaya maraq göstərir. Səbəb isə… Feyxoanın digər sitrus meyvələrindən az zəhmət tələb edib daha çox xeyir verməsidir. Fermer bir neçə gündür məhsul yıgımına başlayıb. Müsahibimiz deyir ki, bu il məhsuldarlıq ötən ilə nisbətən yüksəkdir. Eləcə də, hava şəraiti və vaxtında aparılan becərmənin nəticəsi olaraq meyvənin daha yaxşı inkişaf edib böyük olması da daha baha qiymətə satılmasına şərait yaradır.
Qiymətlərə rayonda saxlama kameralarının tikilməsi də təsir göstərir. İndi bağ sahibləri meyvələrin xarab olmaması üçün tez dəyər-dəyməzinə satmağa çalışmırlar. Bazarın tələbinə uyğun olaraq meyvənin bir hissəsini indi satır, qalanını saxlama kameralarında qışa saxlayırlar. Bununla həm bazara müntəzəm meyvə çıxarılır, həm də qiymət sabir qalır. Yəni həm alıcı, həm də satışı qazanıb razı qalır.
Baglarda məhsul yıgımı bu ayın sonu, gələn ayın əvvəlinə qədər davam edəcək.
Astara rayonunda ümumilikdə 3 min 800 hektardan çox sitrus və subtropik meyvə bagları var. Bağların min hektara yaxını feyxoadır. Bu il rayonda 180 hektara yaxın sahədə yeni feyxoa bagları da salınıb. Ötən il bağlardan 4 min 300 tona yaxın feyxoa yığan Astaralı fermerlər bu il 6 min tona yaxın meyvə gözləyirlər.

