Taxıl səpini başa çatmaz üzrədir
ARANTV.AZ xəbər verir ki, aqrar sektorun inkişafı və kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında sahibkarların, fermer və torpaq mülkiyyətçilərinin müasir texnika və avadanlıqlarla, mineral gübrələrlə, pestisitlərlə təminatı böyük əhəmiyyət kəsb edir. Göygöllü fermerlər də aqrar sahənin inkişafına və ölkənin ərzaq təhlükəsizliyinə öz töhfəsini verməkdədir. Rayonun dağlıq ərazilərində, dəmyə torpaqlarda payızlıq taxıl səpini başa çatsa da, suvarılan torpaqlarda səpin davam edir.
Payızlıq əkinin əsasını taxılçılıq təşkil edir. Taxılçılığı inkişaf etdirən fermerlərin tək istəyi isə məhsuldarlığı yüksək olan toxum əldə etməkdir. Fermerlər yüksək repreduksiyalı toxum zəmanəti ilə yanaşı, həm də dərmanlanan və əkinə hazır vəziyyətdə olan toxum da əldə edirlər. Bu isə həm toxumun cücərmə keyfiyyətinə, həm də yüksək məhsuldarlığın əldə olunmasına təkan verən əsas amillərdən biridir. Göygöl rayonunda da payızlıq taxıl səpini başa çatıb. Sahənin 8 min hektarında payızlıq şum aparılıb ki, bu ərazilərin 4500 hektarı dəmyə, 3500-ü isə suvarılan torpaqlardır. Dəmyə torpaqlarda payızlıq səpin yekunlaşsa da, suvarılan ərazilərin son 1000 hektarında səpin davam edir.
Bu il rayon ərazisində 42 şum traktoru və 22 səpin aqreqatı payızlıq taxıl səpininə cəlb olunub. Bu isə səpinin optimal müddətdə başa çatması isitiqamətində geniş imkanlar yaradır. Suvarılan ərazilərin hər gün 80 hektara yaxın sahəsində səpin aparılır. Səpində istifadə olunan mineral gübrələr də fermerlərə güzəştli şərtlərlə paylanılıb.
Ötən il rayonda 8 min hektar sahədə payızlıq taxıl səpilib və 20 min ton məhsul götürülüb. Hər hektarın məhsuldarlığı isə 26 sentner olub. Növbəti mövsümdə isə məhsuldarlığın 30 sentnerə yaxın olacağı nəzərdəə tutulur.

