Polad şam kimi əridi, lakin Qarabağı işıqlandırdı
Kəmalə Həşimova: Cənab Prezidentimizin Sərəncamını televiziyanın xəbərlər proqramından eşitdik
Məlum olduğu kimi, bir neçə gün öncə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə üç hərbi qulluqçumuz Milli Qəhrəman adına layiq görüldü. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Bunlardan biri də cari ilin iyul ayının 12-də cəbhənin Tovuz istiqamətində qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimovdur.
“İki sahil” qəzeti olaraq Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova ilə əlaqə saxlayıb ölkə başçısının Sərəncamı ilə bağlı onun fikirlərini öyrəndik.
Qəzetimizə açıqlamasında K. Həşimova cənab Prezident İlham Əliyevin imzalandığı Sərəncamı yüksək qiymətləndirdiyini bildirərək qeyd etdi ki, bu barədə ilk dəfə AZTV Xəbər proqramından məlumat aldım: “Axşam xəbərlərinə baxırdım. Bir də gördüm ki, cənab Prezident İlham Əliyevin Sərəncamı oxunur. Polad Həşimovun Milli Qəhrəman adına layiq görülməsinə çox sevindim. Polad sözsüz ki, xalqın, döyüş yoldaşlarının qəlbində qəhrəman olmuşdu, bu, indi də dövlət səviyyəsində təsdiq olundu. Bunun üçün Ali Baş Komandan cənab İlham Əliyevə Həşimovlar ailəsi adından təşəkkür edir, bu böyük diqqət və qayğıya görə minnətdarlığımızı bildirirəm. Allah qalib Ali Baş Komandanımızı, ordumuzu və xalqımızı hər zaman müzəffər etsin. Allah Qarabağın azad edilməsi uğrunda şəhid olan bütün əsgərlərə və zabitlərə rəhmət eləsin, analarımıza səbir versin, yaralılara şəfa versin”.
Onun üçün II Qarabağ müharibəsinin iyulun 12-də başlandığını vurğulayan Kamilə Həşimova Polad Həşimovun daim xalqımızın qəlbində yaşadığını bildirdi: “Polad Həşimov həqiqətən də döyüş meydanında xüsusi şücaətlər göstərib, əsgərlərə hər zaman mənəvi dayaq olub, onlarda böyük ruh yüksəkliyi yaradıb. Bizim üçün müharibə bu səbəbdən də Poladın şəhid olduğu gün başlamışdı. Poladın şəhid olması haqq davamızın başlanması üçün qığılcım oldu. Onun qisası mütləq alınmalı idi, necə ki, çox keçmədən xalqımız bu qisası almağa nail oldu. Polad Həşimov şam kimi əridi, lakin Qarabağı işıqlandırdı”.

