Sosial 

Qarabağın dağ çəkən mənzərəsi: Barıt qoxulu yollar, dumanlı dağ, dastana dönən yurd… – REPORTAJ

Səhər saat 5:45 radələri…Güclü yağış yağır. Göz-gözü görmür, amma biz yola düşürük… Sizcə bu yol bizi hara aparacaq? Tələsməyin, onu da deyəcəyəm. 30 il səbr etmişik, bir beş saat da səbr edə bilərik…

Bakıdan çıxıb 44 günlük Vətən müharibəsinin bizi qovuşdurduğu torpaqlardan birinə gedirik. İfadə etməsi çətin olan qarışıq hisslər keçir qəlbimdən. Nəhayət şəhərdən tamamilə uzaqlaşdıq. Yevlaxı da keçib Bərdəyə daxil olduq. Yağış isə səngimək bilmir.

Hər kəsə tanış olan bir qoxu gəlir torpaqdan… Yağışla qarışan torpaq qoxusu, şehli otların təravəti insanı məst edir. Yağış pəncərələri açmağa imkan vermir, ancaq az da olsa havanı duymaq üçün pəncərələri aşağı endirdim.

Vaxtımız olsaydı məmnuniyyətlə burada bir qədər dayanardıq. Lakin, uzun illərdir bizi gözləyən torpaqlara tələsirdik. İllərin həsrəti çökən yollar… İllər əvvəl göz yaşları ilə yuyulan bu yolları indi yağış yuyur. Artıq Tərtərə daxil olduq.

Yol boyu məktəb binaları, yaşayış evləri, həyətyanı sahələr, orada yaşayan insanları görürdüm. İllərdir düşmənlə sərhəddə yaşayan bu qəhrəman insanlar… Məncə, bütün insanlar belə olmalıdır. Doğulduğu torpaqdan qopmaq asan deyil. İnsana güc verən dəyərlər olmalıdır – Məhz Vətən kimi, torpaq kimi.

Barıt qoxan o yollar…

Nəhayət çatırıq. Bura Tərtərin Çaylı kəndidir. Çaylı kəndi üzərindəki körpüdən keçirik. Sanki, bayaqdan gördüyüm, duyduğum hər şey geridə qaldı. Burada həyat dayanıb. Yağışı, torpaq qoxusunu artıq barıt qoxusu əvəz edir.

Məlum olur ki, təkcə bu körpünün altından 6 ədəd mina çıxarılaraq zərərsizləşdirilib. Ətrafda üzərində “Təhlükəlidir” yazısı olan qırmızı dirəklər basdırılıb. Bu həmin ərazilərin təhlükəli olduğuna işarədir. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları ərazilərdə minalardan və partlamamış silah-sursatdan təmizlik əməliyyatları apararaq hərəkət üçün təhlükəsizlik zolağı yaradıblar.

Sağ tərəfdə su kanalı gedir ki, illərdir orada su olmayıb. İşğaldan azad edildikdən sonra kanala su buraxılıb. Körpünün altı ilə yanaşı, ətrafından da daha 4 mina çıxarılıb. Ümumilikdə Suqovuşana aparan bu yolda düşmənlər 10 mina yerləşdirmişdilər.

Ətrafda yanmış binalar, uçmuş evlər, yarasız hala düşmüş əkin sahələr var. Torpağını sevən insan onu bu hala salmaz. Düşmənin bu davranışı da onu göstərir ki, bu torpaqlar heç vaxt onların olmayıb və olmayacaqda.

Barıt qoxulu yollar bizi Tərtərin işğaldan azad edilən Suqovuşan kəndinə gətirdi. Ətrafda hərbçilər, polis əməkdaşları xidmət aparır. Bizi müşayət edən ANAMA nümayəndələri bərk-bərk tapşırır:

“Sizə icazə verilən ərazilərdən başqa heç bir istiqamətə hərəkət etməyin!”

Niyə deməyimizə gərək yoxdur, aydındır ki, ərazi tam olaraq mina və partlayıcılardan təmizlənməyib. İlk olaraq yaxınlaşdığımız uçuq-sökük bina məktəbi xatırladır. Binanın üzərində güllə izləri, qapı və pəncərələr yararsız vəziyyətdə idi.

Binanın içərisində sinif otaqları, fizika dərslikləri, dərs cədvəlini xatırladan elanlar və məktəblilərin fotoşəkillərinə rast gəldik. Bütün bunlar binanın tədris müəssisəsi olduğunu deməyə əsas verir.

Bina ilə üzbəüz uçuq-sökük ev və yanında olan ikimərtəbəli yaşayış evi də ANAMA-nın əməkdaşları tərəfindən təmizlənib.

Demək olar ki, evlərin içərisində anbar və ermənilər tərəfindən qazılaraq bunkeri xatırladan gizli tuneller var.

Boş yataq otaqları, dağılmış qab-qacaq, sındırılmış mebellər. Evlərin damı yarasız halda idi. Növbəti gedəcəyimiz evin həyətindən çoxsaylı silah-sursat çıxarıldığını öyrənirik.

“Yolda gördüyünüz əşyalara toxunmayın!”-deyə bir səs bizi daha da ehtiyatlı olmağa sövq edir.

Əraziyə yaxınlaşanda ANAMA-nın müvafiq komandasının axtarışları davam etdirdiyini görürük. Ərazidə bizi ANAMA-nın supervayzeri Şahin Allahverdiyev müşayiət edir. O deyir ki, əməliyyat-axtarış tədbirləri üç istiqamətdə həyata keçirilib:

“Birinci istiqamət yaşayış məntəqələrinə düşən mərmilərin götürülməsidir. Bu istiqamətdə ANAMA-ya 1719 çağırış daxil olub. Aparılan əməliyyat-axtarış nəticəsində 1253 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

İkinci istiqamət humanitar dəhlizlərin açılmasından ibarətdir. Bu yolların, kommunikasiya xətlərinin keçə biləcəyi ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsidir. Sözügedən istiqamətdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində piyada və tank əleyhinə minalar aşkarlanaraq götürülüb.

Üçüncü istiqamət isə mina və partlamamış hərbi sursatlara qarşı maarifləndirmə tədbirləridir. Yaşayış məntəqələrinə düşmən tərəfindən atılan mərmilərin yerli sakinlərə zərər vurmaması üçün əhaliyə bilmədikləri əşyalara toxunmaması tapşırılıb. Mina maarifləndirmə qruplarımız tərəfindən 100 mindən artıq yerli sakin bu istiqamətdə maarifləndirilib. Onlara gördükləri naməlum əşya və qurğular barədə 102 və 112 çağrı mərkəzinə xəbər vermələri tapşırılıb”.

Hazırda olduğumuz Suqovuşan kəndində təhlükəsizlik məqsədilə mina və partalamamış silah-sursatlardan təmizlənmə işləri noyabrın 29-dan etibarən başlayıb:

“11 iş günü ərzində Tərtər rayonun Çaylı kəndi ilə Suqovuşan kəndini birləşdirən avtomobil yolunun 10 km-ə qədər olan hissəsi mina və partlayıcı vasitələrdən tam təmizlənərək icraçının (AAYDA) tabeliyinə verilib. Aparılmış əməliyyat axtarış tədbirləri nəticəsində 219 ədəd partlamamış hərbi-sursat, piyada və tank əleyhinə mina aşkar olunub. Hazırda yolun təmizlənmiş hissəsində aidiyyəti qurum tərəfindən asfaltlanma işləri aparılır”.

Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan Tərtər, Qubadlı , Hadrut istiqamətində ANAMA-nın 153 nəfər şəxsi heyətinin və 100-ə yaxın inzibati heyətin iştirakı ilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Suqovuşanda 16 binanın və bir məktəb ərazisinin təmizlənməsi işləri yekunlaşıb.

Biz ərazidə olduğumuz müddətdə agentliyin 35 nəfərdən ibarət heyəti Suqovuşan kəndi ərazisindəki evlərin, yolların, onlar ətrafında olan mina və partlamamış sursatların aşkarlanaraq götürülməsi prosesini davam etdirirdi.

Şahin Allahverdiyevin sözlərinə görə, yaxın günlərdə bu ərazi üzrə verilən tapşırıqlar yekunlaşdıqdan sonra növbəti ərazilərdə təmizlənmə əməliyyatları aparılacaq.

ANAMA komandası sentyabrın 27-dən, yəni 44 günlük Vətən müharibəsi başlayandan gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Ərazidə kommunal xidmətlər tərəfindən təmizlənmə işləri aparılır. Çəkiliş zamanı “Azərişıq” ASC-nin, “Azərsu” ASC-nin, AAYDA-nın əməkdaşları müvafiq işlər üzrə fəaliyyətlə bağlı əraziyə baxış keçirirdi.

Sentyabrın 27-dən bu günə qədər 4507 ədəd piyada əleyhinə mina, 1314 ədəd tank əleyhinə mina, 1875 ədəd tank əleyhinə minanın partladıcısı, 1858 ədəd partlamış, yanmış mərmi qalıqları, 1416 ədəd isə bombacıq aşkarlanaraq zərərsizləşdirilib.

İtlər, cihazlar və əl ilə yoxlamalar…

Ərazilərdə yoxlama işləri 3 cür – əl ilə, itlər və xüsusi “Felex” cihazı vasitəsilə aparılır.

“Avtomobil yolunun təmizlənməsi zamanı həm itlər, həm əl ilə, həm də mexaniki mina təmizləmə maşını olan “Bozena 5”-dən istifadə edilir. Ərazi tam təmizləndikdən sonra burada infrastrukturların qurulmasına başlanılacaq. Daha sonra ANAMA-nın əməliyyat qurupları tərəfindən yaşayış məntəqələrinin ətrafında olan əkin, otlaq sahələri, eləcə də dağlıq əraziyə baxış keçiriləcək”.

ANAMA-nın operator-təhlilçisi Vaqif Babayev deyir ki, bu gördüyünüz Almaniyanın “Forester” firmasının “Felex DLC” adlanan cihazıdır:

“Cihaz yeraltının xəritəsini çıxararaq 5 metr dərinlikdə gizlədilən metalın, silah-sursatların, mərmilərin çıxarılmasını həyata keçirir”.

Elə bu zaman ərazidə aşkarlanan partlamamış hərbi sursatların zərərsizləşdirilməsinə hazırlıq işləri gedir. Bizi ərazidən uzaqlaşdırırlar. Partlayışdan əvvəl zəruri olan bütün təhlükəsizlik tədbirləri görülür və təcili tibbi yardım briqadası gəlir. Təhlükəsizlik maksimum təmin edilsə də, heç bir ehtimal gözdən qaçmamalıdır. Hər hansı bir hadisə baş verərsə, müdaxilə etməsi üçün dərhal əraziyə həkim cəlb olunur.

Beş, dörd, üç, iki, bir…

Bir nəfər ucadan xəbərdarlıq edərək beşdən geriyə sayır… Beş, dörd, üç, iki, bir… İlk dəfə idi partlayış səsini bu qədər yaxından eşidirdim.

Budur, zərərsizləşdirmə prosesi sona çatdı.

Daha sonra açıq sahələrdə aparılan əməliyyat-axtarış tədbirləri, yer altında gizlədilən silah-sursatların aşkarlanması prosesi ilə tanış olduq.

Cihazdan əvvəl ərazidə itlər və əllə əməliyyat-axtarış işləri aparılıb. Cihaz isə daha dərinlikdə olan metalların koordinatlarını verdikdən sonra həmin ərazilərə növbəti dəfə baxış keçirilir.

(video)

Bakıya qayıtmağımıza az qalıb… Gəldiyimizdə duyduğum həyəcan hələ də var. Sevinc və kədər hissləri bir-biri ilə yarışır.

Dumanlar başında dastana dönən yurd…

Bu vəziyyətdə belə gözəl görünürdü Suqovuşan. Biz hələ də ayağımızı qoyduğumuz yerlərə diqqət edirdik. Suqovuşana yaxınlaşdıqca həyəcan, ürək döyüntüləri daha da artırdı. Yolboyu bir dəqiqə belə gözümü yummadım. Hava dumanlı olsa da gizlədə bilmədi o möhtəşəm mənzərəni. Vaxt itirmədən maşından enib daha da yaxınlaşdıq.

Qəribə bir hiss, qəribə bir kədər vardı havada. Dumanlar arasından 2783 şəhidimiz bizləri görürdümü? Bunun fikri, xəyalı, düşüncəsi məni rahat buraxmadı. Gözü, könlü, ruhu bu torpaqlarda qalan qəhrəmanlarımız…

Biz artıq gedirik, onlar isə dünya durduqca bu torpaqlarda var olacaqlar. Ruhları o evlərdə, o həyətlərdə, o kəndlərdə, o dağlarda şad dolaşacaq…

Növbəti görüşlərə qədər deyib, Bakıya yola düşürük. Dövlətimizin dəstəyi ilə zamanla bu ərazilər abadlaşacaq. Qarabağa həyat yenidən qayıdacaq.

Əminəm ki, vətən həsrətində olan bütün həmvətənlərimiz öz ata yurdlarına köçəcəkləri günü iplə çəkirlər. Uşaqlığını, həyatının ən unudulmaz illərini burada keçirən insanlar xatirələri ilə dolu bu torpaqlarda öz övladlarını, nəvələrini, böyüdəcəklər…Əzəli, əbədi torpağımız olan Qarabağ artıq bizimdir.

Biz qayıtdıq!

Daha çox xəbərlər