Karantin rejimi tətbiq olunmayan ölkədə koronavirus statistikası niyə bizdən aşağıdır?
Son günlər sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələlərdən biri də karantin rejimi tətbiq olunmayan Belarus ilə karantin rejimi tətbiq olunan Azərbaycandakı koronavirus üzrə statistikadır. Belə ki, rəqəmlərə görə ölkəmizdə koronavirusa görə yoluxma və ölüm sayı Belarusdan çoxdur.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, bu vaxta qədər Belarusda 173 min nəfərdə koronavirus testi pozitiv çıxıb, 1324 nəfər bu xəstəlik səbəbindən dünyasını dəyişib. Azərbaycanda isə bu vaxta qədər 202 min nəfərin koronavirus testi müsbət çıxıb, 2210 nəfər Covid-19 səbəbindən dünyasını dəyişib.

Rəqəmlərə baxdıqda ciddi fərq görünür. Bu səbəbdən də əllərində bu rəqəmləri bayraq edənlər sosial şəbəkələrdə ölkəmizdə tətbiq olunan sərt karantin rejiminə etirazlarını bildirib, bunun faydasız olduğunu qeyd edirlər. Onlar düşünür ki, Azərbaycanda karantin rejimi tətbiq olunmasa belə bu virusdan ölənlərin sayı çox olmayacaq.
Lakin belə müqayisə aparanların nəzərdən qaçırdığı bəzi məqamlar var. Belə ki, Azərbaycanda avqust ayından bəri sərt karantin rejimi və sms-icazə xidməti yox idi. Bu rejim hərbi vəziyyətin ləğvindən sonra tətbiq edilib ki, yanvar ayının 18-də bitəcək. Yoluxma sayının qat-qat çox olmasına gəldikdə isə bu son zamanlar cəbhədə baş verən proseslərlə əlaqədar olaraq insanların bir yerə toplaşması ilə bağlıdır. Şuşanın işğaldan azad edildiyi gün, Qələbə günü və Zəfər paradı günü yaranmış sıxlıqlar bu rəqəmlərin daha da artmasına gətirib çıxarıb. Bundan əlavə, Belarusda əhalinin sayı Azərbaycandakından azdır.

Karantin rejiminin tətbiqi insanları daha da stresə salır, gərginləşdirir, çoxlarının gəlirlərini aşağı salır, bəziləri isə, ümumiyyətlə, gəlir əldə edə bilmir. Lakin hazırda ölkədə koronavirusla bağlı yaranan gərginlik daha çoxdur, hətta xəstəxanalarda yer qalmayıb, təcili tibbi yardım maşınları xəstələri daşımağa çatdırmır. Onlarla insan sırf bu səbəbdən dünyasını dəyişir. Vəfat edənlər arasında kifayət qədər tanınmış şəxslər də var.
Ölkəmizdə karantin rejiminin tətbiqi də buna görədir. Məqsəd insanları evə həbs etmək, əyləncədən məhrum etmək deyil, əksinə daha sağlam gələcək üçün müəyyən müddətlik məhdudiyyətlər tətbiq etməkdir.

