Zəfər sənin zəfərindir, Azərbaycanım!
Azərbaycanda ordu quruculuğu dönməz bir proses kimi dövlət üçün həmişə prioritet oldu. Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, silahlanmaya ən müasir döyüş texnikalarının, uçuş aparatlarının daxil edilməsi, Ali Baş Komadanın ön xətdə, səngərlərdə əsgər və zabitlərə dəyərli tövsiyələr verməsi döyüş əzmi, qələbə ruhu olaraq ordunun şəxsi heyətinin hərbi xidmət amalı olmuşdu. 2020-ci ilin sentyabrın 27-nə kimi əsgərlər döyüş növbətçiliyini torpaqlarımızın işğaldan azad edilməsi niyyətiylə aparırdı. Bu niyyət Ali Baş Komandanın döyüş əmri ilə gerçəkləşəcəkdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də xalqa müraciətində əks-hücum əməliyyatının – Vətən müharibəsinin başlanması səbəblərini də açıqladı: “Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var…”. Vətən müharibəsinin başlandığını bildirən bu məlumatı xalq gözlədiyi, arzuladığı məlumat kimi yaşadı, bu məlumatın mahiyyətini hər vətəndaş düşüncələrindən yaşantılarına hopdurdu; özünü döyüşənlərin sırasında bilənlər xəyalən səngərdən dikəlib düşməni güllələyirdi, yaralanan döyüşçünün köməyinə yetirdi; sərkərdənin döyüş əmrini yerinə yetirirdi. Ordu döyüşə-döyüşə sərkərdənin əmrini bir qətiyyətinin qüdrətiylə qələbəylə tamamlayır, son döyüşə – işğalın sonuna yaxınlaşırdı: “Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik”.
Azərbaycan Ordusu qətiyyətlə döyüşürdü, işğalda qalan torpaqlarımıızın harayını eşidib döyüşürdü, şəhid analarının “Təki Vətən sağ olsun!” nidasının müqəddəsliyini mənəvi borc bilib döyüşürdü, Dədə Qorqudun ruhunun öyüdünü döyüşlərə səngər bilib döyüşürdü, şəhidlərin ruhunu sıralarında hiss edib döyüşürdü, səngərləri sərhədlərə köçürmək niyyətiylə döyüşürdü, …
Azərbaycan əsgəri döyüşlərin ilk günlərində düşmənin illərlə möhkəmlətdiyi müdafiə səddini darmadağın etdi. Bu, düşmənin müqavimətini çiliklədi. Düşmən 28 ildə başa düşmədi, yoxsa onu başa düşməyə qoymadılar: işğalçılıq vətənsevərliyə qalib gələ bilməz. Məqamında vətənpərvərlik işğalın gözlərini ovcuna tökür, qolunu üzür, nəfəsini kəsir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğalçıya da, onun məğlubiyyətlərindən sıxıntılar keçirən dövlətlərə də xatırladırdı ki, “Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!”.
Suqovuşan işğaldan azad edildi. Bu, Azərbaycan əsgərinin Vətən müharibəsində gərəkli qələbəsi, düşmənin ağır məğlubiyyətiydi. Avtobusda Birinci Qarabağ döyüşlərinin iştirakçılarından birinin bu qələbəni həmsöhbətinə qədərsiz sevinclə, kövrəkliklə çatdırdığını necə eşitdiyimi təsvir etməyə uyarlı söz, söz birləşməsi tapmağı bacarmayacam. O illərin döyüşlərinə bələdliyimə görə, o döyüşlərdə şəhid olanların neçəsini tanıdığıma görə, o günlərdən üzü bu yana hər görüşəndə zamanında tanıdığım zabitlətin. əsgərlərin az qala and kimi səslənən “Döyüşənlərin sırasında biz də olacağıq!” niyyətinə görə…
Şəhidlik başlanğıcı mənəvi kamillik olan ucalıqdı. İctimiyyət Vətəni ucalıq mərtəbəsində sevən, Vətənə ucalıq niyyətiylə xidmət edən, bu niyyətin gerçəkləşməsi naminə döyüşən, zamanında Azərbaycanımıza xitabən “Səndən ötrü can verməyə cümlə hazırız…” – deyən, Vətən müharibəsində hər döyüşü qələbənin son döyüşü bilən hərbçilərimizin döyüşə sevgisini, döyüş əzmini döyüş-döyüş gözlədiyimiz qələbənin xəyali meracı bilirdi; Vətən müharibəsinin döyüşləri inam döyüşləriydi, etimad döyüşləriydi. Vətən müharibəsində qazanılan qələbənin ruhmisal pyedestalı 2783 ömür oldu. “…Biz bu qələbəyə görə onlara borcluyuq. Onlar torpaqlarımızı işğalçılardan qarış-qarış azad edib, onlar bizim bayrağımızı işğal edilmiş və iğaldan azad edilmiş torpaqlarda qaldırıb, bayrağımızı orada dalğalandırıb. Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının, azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqır, nə qədər dəmir iradəyə malik olan xalqdır”, – Vətən müharibəsinin sərkərdəsi belə dedi. “Azərbaycan!” deyənlərin adından dedi, “Can Azərbaycan!” deyənlərin adından dedi…
Vətən müharibəsində qazanılan ilkin qələbələrin coşqusu ictimaiyyəti də əsgərləşdirmişdi. Əsgər və zabitlərin döyüş əzmi, qələbə ruhu sərkərdənin döyüş əmriylə başlayan Vətən müharibəsində Azərbaycan ordusunun qələbə zəmanətiydi. Döyüşçülər sərkərdənin döyüş əmrini həm də tərxis olunmuş dostlarının əvəzindən yerinə yetirirdi; dünya gördü ki, bu zəmanət Azərbaycanın torpaqlarıını işğaldan azad edəcək döyüşlərdi, bu döyüşlər dövlətçiliyə sədaqət andıdı. 44 günlük döyüşlər azərbaycançılıq ruhunun qələbəsiylə nəticələndi. Neçə-neçə döyüşçü yaralandığını döyüşün sonuna kimi gizlətdi, döyüşü davam etdirdi. Döyüşdən sonra qınanacağını bilsə də döyüşdü. Bu, Vətən sevgisini ululuq mərtəbəsində yaşatma amalı olub. Komandirinə qətiyyətlə “Vətən müharibəsinin sonuna kimi döyüşmək, qələbə sevincini qaliblərin sırasında yaşamaq istəyirəm, komandir”, – deyib…
Vətən müharibəsinin bir məqamı Azərbaycan əsgərinin döyüş hazırlığına, mənəvi kamilliyinə, hərbi əmri Vətənə dünyəvi sevgisiylə yerinə yetirmə istəyininin təzahürü olan o döyüşlərə, o döyüşlərdə qazanılan qələbələrə görə neçə-neçə məqalədə xatırlanacaq. Rus jurnalisti yazır ki, “Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir. Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan ordusu. Nə yaralını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıxdılar”. Keçilməz dağlıq massivdə müqayisəyəgəlməz döyüşlər ruhun, Azərbaycan hərbçisinin Azərbaycana sədaqətinin qələbəsiylə nəticələndi. Şuşa işğaldan azad edildi. Azərbaycan Respublikasının Prezidenti xalqa müraciətində qürurla dedi: “…Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq”. Sərkərdə kəlamı ictimaiyyətin də, ordunun şəxsi heyətinin də ruhuna gözaydınlığı oldu.
Vətən müharibəsində zabitlər də, əsgərlər də mərdliklə döyüşdü. Hər döyüş əmri ümumi qələbənin tərkib hissəsi kimi məsuliyyətlıə, Vətənə, Hərbi anda, dövlətə, dövlətçiliyə sədaqətlə yerinə yetirildi. əsgər də, yüksək rütbəli zabitlər də bu döyüşləri torpaqlarımızı işğaldan azad etmək qüdrətində olan döyüşlər bilirdi. Polkovnik-leytenant Anar Mirzəyev döyüş tapşırığını yerinə yetirərkən yaralanıb, ancaq döyüşün ona həvalə edilmiş mərhələsini sonacan idarə edib. Sonrakı döyüşlərdə də igidliklə, mərdliklə döyüşüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Vətən müharibəsində əsgər və zabitlərimiz qəhrəman olmaq üçün döyüşmürdü, qəhrəmanlıqla döyüşürdü. 44 günlük döyüşlər də, döyüşlərin qələbə sonluğu da həm də buna görə dünyanı heyrələndirdi…
Azərbaycan Ordusu Ali Baş Komandanın əks-hücum əməliyyatını Vətən müharibəsi kimi davam etdirdi, işğalı sonlandırdı, qələbə qazandı. Güclü ordumuz Vətən müharibəsində tarix yazdı. Min illərin tarixini möhtəşəmliklə tamamladı…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan ordusunun yaranmasının 100 illiyinə həsr olunmuş paradda çıxışında demişdi: “2016-cı ilin aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardı. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. Azərbaycanda ordu quruculuğu bu qətiyyətlə düvam etdirildi. Müxtəlif miqyaslı beynəlxalq təlimlər. ordudaxili təlimlər şəxsi heyətin döyüş hazırlığını yüksəltdi. Əsgər və zabitlər, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları silhahlanmaya daxil edilən silahların, döyüş texnikalarının, uçuş aparatlarının istismar xüsusiyyətini mükəmməl mənimsədi…
İşğalçı dövlət Qarabağda status-kvonu saxlamaq istəyirdi. Onun bu niyyətinə BMT Təhlükəsizlik Şurasının da, ATƏT-in Minsk qrupunun həmsədrlərinin də fəaliyyətsizliyi kömək edirdi, Vətən müharibəsi başlayanda Azərbaycan Respublukasının Prezidenti İlham Əliyev qətiyyətlə bildirdi ki, bu problemin hərbi yolla həlli var. 28 il çəkən dövlətlərarası səmərəsiz dialoqları, danışıqları Azərbaycan əsgəri hərbi yolla yekunlaşdırdı. Artıq Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ adlı münaqişə yoxdur, heç zaman olmayacaq da; Ermənistan gördü ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Heç bir qüvvə bizi dayandıra bilməz. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz…” xəbərdarlığı dövlətin gücünə, ordunun qalibiyyətinə söykənir. Ermənistan onu da gördü ki, onu da dərk etdi ki, indən belə də iddia ilə heç nəyə nail ola bilməyəcək…
Azərbaycan Ordusu işğalı da sonlandırdı, beynəlxalq terrorizmin bir şəbəkəsini də darmadağın etdi; Azərbaycan ordusu sərkərdənin döyüş əmrini qələbə ilə tamamladı, Azərbaycanı sevənlərin sevincini, qürurunu kükrətdi. Vətən müharibəsində qazanılan qələbə Azərbaycanın beynəlxalq nüfuzunu da yüksəltdi. “Zəfər sənin zəfərindi, Azərbaycanım!” dedik. Noyabrın 8-i Zəfər günüdü. Bu günü Azərbaycan əsgəri tarixləşdirdi. Azərbaycanın işğaldan sonrakı günlərinin səhərləri könül xoşluğuyla açılır. Açılan səhərlər sənin səhərindi. Azərbaycanım!
Rəşid HÜSEYNOV,

