Siyasət 

Taleyinə əbədilik qələbə qisməti yazılan Lider!

Dünya siyasətçiləri arasında dövlətçilik təcrübəsi ilə  fərqlənən Prezident İlham Əliyev siyasi müstəvidə, döyüş meydanında qazandığı uğurlarla  bu adı  şəxsiyyətində  əbədiləşdirdi 

2003-ü ildə keçirilən prezident seçkilərində seçicilərin 76 faizdən çoxunun etimadını qazanan,  andiçmə mərasimində, mətbuata müsahibələrində    hər kəsin Prezident olacağını, ona özü qədər inandığını xalqına müraciəti ilə bildirən atası ulu öndər  Heydər Əliyevin layiqli davamçısı olacağını vurğulayan  Prezident İlham Əliyev özü dediyi kimi nə məsuliyyətdən, nə də çətinliklərdən qorxdu. Andiçmə mərasimində  xalqına vəd etdiyi sözlərini qətiyyəti, cəsarəti, xalq-iqtidar birliyi sayəsində doğrultdu.

Ulu öndər Heydər Əliyevin arzusunda olduğu Azərbaycanı dünyaya günəş kimi təqdim  etmək üçün bu vəzifələri yerinə yetirmək böyük məsuliyyət, cəsarət, dövlətçilik təcrübəsi tələb edirdi. Ötən  17 il ərzində qəbul olunan Dövlət proqramlarını reallaşdırmaqla,  həyata keçirilən islahatlarla qarşıya qoyulan vəzifələri yerinə yetirən  Prezident İlham Əliyevin  güvənc yeri xalq-iqtidar birliyi, insanların ona sonsuz etimad və məhəbbəti idi.  Ötən illərdə keçirilən prezident seçkilərində  qalib gələrək  seçicilərin əksəriyyətinin   səsini qazanan cənab İlham Əliyevə  sonsuz xalq məhəbbətinin  təməlində dövlət başçımızın həyata keçirdiyi  uğurlu daxili və xarici siyasətə inam dururdu.  Bu inamı çoxşaxəli  islahatları, xüsusilə regionlarda həyata keçirilən infrastruktur layihələri, təhsilə, səhiyyənin inkişafına göstərdiyi diqqət ilə imza atan Prezident İlham Əliyevin regionlara  səfərləri  bölgələrimizin inkişafını daha da sürətləndirdi. Yeni iş yerlərinin açılması təmin olundu.

Qəbul olunan Dövlət proqramlarının əsasını təşkil edən regionların yeni, müasir  formada tərəqqisi  sahibkarlığın inkişafını sürətləndirdi. Fermer təsərrüfatlarının,  emal müəssisələrinin yaradılması  ilə yeni iş yerləri, təbii sərvətlərimizdən səmərəli istifadə imkanları yaradıldı.  Ən müasir tələblərə cavab verən fabrik və zavodların yaradılması,   xarici investorların iştirakı ilə  sənaye müəssisələrinin açılması ölkəmizə əlavə investisiyalar qazandırdı.  Azərbaycanın xarici bazarlarda mövqeyi möhkəmləndi. Əhalinin  ərzaq və sənaye mallarına tələbatının yerli istehsal, daxili bazarlar  hesabına ödənilməsi  ilə kənd sakinlərinin ailə büdcəsində artımlar yarandı,  insanların sosial təminatı yaxşılaşdı.  Bütün  şəhərlərdə, rayonlarda, kəndlərdə infrastruktur müasir tələblər səviyyəsində  formalaşdı. Regionlarda qazlaşdırma prosesi davam etdirildi. İqtisadiyyatın , sənayenin və əhalinin  təbii yanacağa, enerjiyə olan tələbatı  tam  yerinə yetirildi. Hazırda ölkə üzrə qazlaşdırmanın 100 faizə yaxınlaşması,  yeni yaradılan  elektrik stansiyaları hesabına  enerji ilə təminatın tam ödənilməsi ölkədə davam etdirilən düzgün siyasətin nəticəsidir. Hər il   magistral, kənd və şəhərlərarası yolların, körpülərin, keçidlərin salınması, bərpa olunması  insanların daha rahat yaşaması naminə görülən işlərdir. Azərbaycanın yol-infrastruktur göstəricisinə görə dünyanın tanınmış  maliyyə təşkilatlarının hesabatlarında qabaqcıl yerləri tutması respublikada aparılan siyasətə beynəlxalq səviyyədə verilən qiymətdir.

İqtisadiyyatın inkişafı sayəsində həyata keçirilən sosial islahatlar birbaşa əhalinin həyat tərzinin yaxşılaşmasına təsir edir. Son illərdə   ölkədə həyata keçirilən əmək haqqı  siyasəti, sosial islahatların genişlənməsi nəticəsində  vətəndaşların  əmək haqları, pensiyalar, tələbələrin təqaüdləri bir neçə dəfə artırılıb. Bu sahədə MDB dövlətləri  arasında liderlik edən  Azərbaycan təbii fəlakətlər nəticəsində  zərər çəkən insanlara vurulan ziyanı dövlət hesabına ödəyən,  qayğı göstərən yeganə ölkədir.

Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji və nəqliyyat layihələrinə qoşulanların sayı  artır

Dövlətimizə  başçılıq etdiyi son 17 ildə  neft strategiyasının inkişafını diqqətdə saxlayan Prezident İlham Əliyevin təşəbbüsləri ilə əsası  Ulu Öndər tərəfindən qoyulan  qlobal enerji   layihələrinin əhatə dairəsi genişləndirildi. Dövlət başçımızın təşəbbüslərinin reallaşması sayəsində  Azərbaycan dünyanın enerji və nəqliyyat  xəritəsini yenilədi.  Neft –qaz kəmərləri şaxaləndi, layihələrin coğrafiyası genişləndi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft –qaz layihələrinin ardıcılları olan Cənub Qaz Dəhlizi, TANAP, TAP layihələrinə qoşulanların sayı artdı.  Azərbaycanın təşəbbüsü ilə  iki və dördtərəfli əməkdaşlıq  formatı yaradıldı.  Ölkəmizə artan maraq  bölgədə sabitliyə etibarlı təminat yaratdı. Bu təşəbbüslər respublikamıza siyasi, iqtisadi dividend qazandırmaqla, dünyada mövqelərimizi də möhkəmləndirir. Enerji, nəqliyyat layihələri ilə Avropanın enerji təminatını ödəyən Azərbaycana beynəlxalq səviyyədə göstərilən dəstək, investisiya  axını eyni zamanda ölkə iqtisadiyyatının inkişafını da sürətləndirdi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanılan Tarixi İpək Yolunun bərpası, yeni istiqamətlər üzrə  davam etdirilməsi, Bakı-Tbilisi-Qars  dəmir yolunun çəkilişi ilə Çindən- Londona qədər uzaq məsafənin qısa müddətdə  qət olunması Prezident İlham Əliyevin qətiyyəti sayəsində mümkün olmuşdur.

Azərbaycanın Ermənistan üzərində qələbəsi, Rusiya, Azərbaycan, Ermənistan  arasında  imzalanan Bəyanatda yer alan bəndlərin  hər biri özlüyündə  tarixi əhəmiyyət daşısa da, bəzi məsələlər xüsusilə diqqət əçkir. Görüləcək işlər arasında daha çox maraq doğuran,  tarixi əhəmiyyəti ilə seçilən və Prezident İlham Əliyevin qətiyyətinin ifadəsi olan 9-cu maddədə əksini tapan,  Azərbaycanı beynəlxalq aləmlə birləşdirən  yolun bərpası  daha əhəmiyyətlidir. Bəyanatın  doqquzuncu  bəndinə əsasən, Azərbaycanın digər rayonları ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən yeni nəqliyyat  kommunikasiyalarının inşası davam etdiriləcək.  «Bu 9-cu  bənd sırf mənim təkidim nəticəsində  Bəyanata salınmışdır. Çünki  uzun illər müzakirə olunan sülh planında  belə açıq-aydın müddəa  yox idi. Yəni, nəzərə alınırdı ki,  bütün kommunikasiyalar açılacaqdır və  Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən dəhliz haqqında  söz getmirdi. Hesab olunurdu ki,  bu ümumi ifadə bunu ehtiva edir. Burada isə  konkret göstərilirdi ki,  Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında dəhliz yaradılır… Bu bizim tarixi nailiyyətimizdir. Biz Naxçıvanı həm mühasirədən çıxarırıq, eyni zamanda  yeni bir nəqliyyat damarını açırıq. Deyə bilərəm ki,  bütün ölkələr buradan ancaq faydalanacaq. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir, Azərbaycan Türkiyə ilə birləşir» söyləyən Prezident İlham  Əliyev  liderlik qətiyyətini bir daha təsdiqlədi, ölkələri birləşdirən tarixi yolun bərpasına müəlliflik  imzasını atdı.

Azərbaycanın xarici siyasəti  əməkdaşlıq  formatı üçün zəngin təcrübədir

Sivilizasiyalararası mərkəzə çevrilən Azərbaycan multikultural mərkəz, tolerant ölkə olduğunu  dünya birliyinə yönələn sabitlik,  qarşılıqlı hörmət çağırışları ilə  təsdiqləyib.  Təmsil olunduğu beynəlxalq təşkilatlarda iştirakı, verdiyi vədlərə sadiqliyi ilə dünya siyasətində  mövqeyi  möhkəmlənən, hörmət , etimad qazanan Azərbaycanda təşkil olunan  humanitar tədbirlər, Ümumdünya Dini liderlərinin Zirvə görüşləri, «Bakı prosesi», NATO ilə Rusiya hərbçilərinin görüşlərinin  Bakıda keçirilməsi, hazırda Qoşulmama Hərakatına, Türkdilli  Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik etməsi Prezident İlham Əliyevin siyasi iradəsinin təcəssümü, siyasi  . iqtisadi, diplomatik səylərinin nəticəsidir.

Ordu quruculuğunun məntiqi nəticəsi: Torpaqlarımız işğaldan azad olundu

Azərbaycanın xarici siyasətinin əsasını təşkil edən Dağlıq Qarabağ  münaqişəsinin həlli,  torpaqlarımızın işğaldan azad olunması  Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, qətiyyəti sayəsində həllini tapdı. 44 günlük müharibədə ordu quruculuğu istiqamətində aparılan islahatların, gərgin fəaliyyətin məntiqi nəticəsi olan Qələbəmiz, Zəfər paradı ölkəmizin müdafiə  qüdrətini,  gücünü dünyaya bəyan etdi. Diplomatik uğurlarını döyüş meydanında təsdiqləyən Prezident   İlham Əliyev müzəffər ordunun Ali Baş Komandanı kimi  hərb tarixində görünməyən  şücaəti ilə  düşmən üzərində qələbə qazandı.

Azadlıq meydanında keçirilən Zəfər paradı  Azərbaycanın Silahlı Qüvvələrinin güclü müdafiə qüdrətinə,  beşinci nəsil, ən müasir hərbi texnikaya malik olduğunu göstərdi.   Zəfər paradında  Azərbaycan xalqının yenilməzliyindən, 44 gün davam edən Vətən müharibəsində Qələbənin qazanılması üçün xalq-iqtidar-ordu birliyindən bəhs edən Prezident, Ali Baş Komandan İlham Əliyev bildirir ki, ordu quruculuğu  mənim fəaliyyətimdə həmişə birinci yerdədir: «  Azərbaycan Ordusu 44 günlük müharibə dövründə elə  bir məharət göstərdi ki,  dünyanın ən böyük  dövlətlərinin, ən güclü ordularının nümayəndələri belə bu məharətdən irəli gələn təcrübənin  öyrənilməsini gələcək müharibələrin aparılması üçün zəruri sayırlar.» Bu sözlər  dünyanın  ən güclü 50 ordusu arasında yer alan Azərbaycan Silahlı Qüvvələrinin qazandığı  uğurların  etirafıdır.

«Bu 44 günün hər günü bizim şanlı tariximizdir, hər gün Azərbaycan irəli gedirdi. Bu 44 gün ərzində  bir gün də olmamışdır ki, biz geri çəkilək. Biz Ermənistanın 30 ilə yaxın müddət ərzində  qurduğu istehkamları yararaq keçmişik» söyləyən Prezident İlham Əliyevin  xalqa müraciətlərinin hər biri Ali Baş Komandanın xalqa hesabatı, xalq-iqtidar-ordu birliyinin ifadəsi idi.

«Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki,  biz daha güclü olmalıyıq və nəyi,  nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında  addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə  dövründə  mən deyirdim ki,  bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi» söyləyən Prezident İlham Əliyevin «dəmir yumruğu»nun zərbəsini dövlət başçımızın  məntiqli açıqlamaları qarşısında  aciz qalan ermənipərəst dairələr də hiss etdilər.

Ermənistanın «yeni ərazilər» sayıqlamasının, «Bakıda görünəcəyik» kimi  sərsəmləməsinin üzərindən qətiyyəti ilə əbədilik qırmızı xətt çəkən  Prezident İlham Əliyev bildirdi ki,  Ermənistanı döyüş meydanında məhv etdik, düşmənin belini qırdıq, ağ bayraq qaldırmağa məcbur etdik.   Bu Qələbənin qazanılması ilə  qaçqın, köçkün sözləri tarixə qovuşdu,  Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər, Qubadlı, Laçın, Cəbrayıl, Şuşa üçrəngli bayraqlarımızla bəzəndi, doğmalarının nəfəsini duydu. Vətən müharibəsinin hər günü  qəhrəmanlıq dastanı kimi mübarizlik salnaməmizə yazıldı.  BMT Təhlükəsizlik  Şurasının, digər beynəlxalq təşkilatların qəbul etdikləri, lakin kağız üzərində qalan qətnamələr döyüş meydanında  ordumuzun gücü ilə icra olundu. « Bu onu göstərir ki,  biz müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazanmışıq. Halbuki, bir çoxları, xüsusilə bu məsələ ilə  məşğul olan vasitəçilər dəfələrlə  demişdilər ki, münaqişənin hərbi həlli yoxdur. Amma biz sübut etdik ki, münaqişənin hərbi həlli var» söyləyən Ali Baş Komandan İlham Əliyevin başçılıq etdiyi ordumuz müasir müharibənin təcrübəsini  başqalarına da öyrətdi.

Hərbi əməliyyatlar başlanan gündən xalqımızla bir olan, mənəvi,  siyasi dəstək göstərən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, türk xalqı türk dünyasının öndərləri  Mustafa Kamal Atatürkün, Heydər Əliyevin vəsiyyətlərinə sadiqliyini göstərdi: «Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları  Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki,  bu müharibədə Azərbaycan haqlıdır,  demişdir ki,  Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır.»

Sadalananlar son 17 ildə ölkəmimizdə qazanılan uğurlara ötəri baxış, xronoloji nəzər salmaq  idi. Müstəqillik  tariximizin səhifələrində yazılan uğurlarımızın məntiqi nəticəsi bu gün dünyada  öz sözünü qətiyyətlə deyən, təhdidlərə, təzyiqlərə xalqla  birliyi ilə cavab verən , Azərbaycanı zəfərlər məkanı kimi tanıdan Prezident İlham Əliyevin qətiyyətidir.   Prezident İlham Əliyev bu tarixi missiyanı uğurla davam etdirir.

Azərbaycan xalqı sevinc dolu günlərnii yaşayır. Bu sevinci bəxş edən isə xalqın inanıb, arxasınca getdiyi, ətrafında  bir yumruq kimi birləşdiyi dövlət başçısı İlham Əliyevdir.

2003-cü ildə  keçirilən prezident  seçkilərində cənab İlham Əliyevə  xalqının  gələcəyini  etibar edən ulu öndər Heydər Əliyev inanırdı ki, onun başa çatdıra bilmədiklərini yüksək intellektə, siyasi hazırlığa malik  layiqli davamçısı tamamlayacaq. Bu sahədə də yanılmayan Ümummilli Liderə övlad, varis kimi « hesabat» verən cənab İlham Əliyev  xalqının etibarını, etimadını doğrultduğu üçün ikiqat fərəhlənir. Canından artıq sevdiyi Azərbaycanı etibarlı əllərə tapşıran Ulu Öndərin ruhu bu gün rahat və şaddır.

Qələbə sevincini, Zəfər müjdəsini  Ulu Öndərin müqəddəs ruhu  bölüşən Prezident İlham Əliyevin « Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında  baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata  vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik. Bu böyk Qələbədir. Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır. Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, düyna azərbaycanlıları» sözlərində   xilaskarımız Ümummilli Liderə minnətdarlığımız, vəfa borcumuz ehtiva olunub.  Ona görə də müzəffər ordumuzun Ali Baş Komandanı İlham Əliyevə deyirik ki,  ata vəsiyyətini yerinə yetirən oğul kimi qazandığınız  bütün uğurlar haqqınızdır. Qalibə layiq Qələbə Sizin alnınıza  əbədilik   yazılan tale qismətinizdir!

Xuraman İsmayılqızı, «İki sahil»

Daha çox xəbərlər