COVID-19 qlobal problemi: Yoluxmasaq, yoluxdurmarıq…
Hazırkı dövrdə ciddi zərurət yaranmadıqda ictimai yerlərdə olmamaq, , qapalı və açıq məkanlarda sosial məsafəyə əməl etmək, tibbi maska və digər qoruyucu vasitələrdən istifadə etmək vacibdir
Bu gün bəşəriyyətin başı üzərində koronavirus adlı bir kabus dolaşmaqdadır. Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır. Artıq dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 79 milyonu ötüb. Pandemiyanın statistikasını izləyən “Worldometers” saytının məlumatına əsasən, virus qurbanlarının sayı 1 milyon 739 min 149 nəfərdir. İndiyədək 55 milyon 728 min 707 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb. Təəssüflə qeyd etməliyik ki, bir ildir ki, tövsiyələr verilir, xəbərdarlıq edilir. Virusun qurbanlarının sayı isə gündən-günə artmaqdadır. Bu rəqəmlər təkcə statistika deyil, həm də minlərlə insanın taleyi, həyatını itirmiş hər bir insanın yaxınlarının kədəri, acısı deməkdir…
Pandemiya problemi istər-istəməz dövlət və hökumətlərin, cəmiyyətin ən aktual probleminə çevrilib. Müxtəlif ölkələrdə müəyyən vaksinlər tapılsa da, sınaqların nəticələri hələlik qənaətbəxş deyil. Amma təsdiq mərhələsində olan peyvəndlərlə bağlı xoş xəbərlər beynəlxalq aləmdə virus üzərində qələbənin əldə edilməsinə ümid yaradır. Hər bir halda, arxayınlaşmaq üçün əsas yoxdur. Görünən odur ki, bütün dünyada COVID-19 pandemiyasının hazırda növbəti dalğası yaşanmaqdadır. Bu səbəbdən pandemiyanın bu mərhələsində virusa yoluxmanın yüksək həddi müxtəlif ölkələrdə yenidən sərt karantin tədbirlərinin tətbiq olunmasını şərtləndirmişdir.
Çexiya koronavirusa yoluxma hallarının sayında kəskin artım səbəbindən yeni məhdudiyyətlər tətbiq olunması barədə qərar qəbul edib. Hökumət ölkədə ən yüksək epidemioloji təhlükə olan 5-ci səviyyəni elan edib. Belə ki, Çex Respublikasında 27 dekabrdan etibarən qida, ev əşyaları dükanları, apteklər və istehlakçı xidmətlər istisna olmaqla bütün mağazalar bağlanacaq. Vətəndaşların hərəkəti məhdudlaşdırılaraq, ən çox iki nəfərdən ibarət qruplarla toplaşmağa icazə veriləcək. Ölkədə, həmçinin komendant saatı da uzadılaraq 21.00-dan 05.00-dək küçəyə çıxma qadağası tətbiq olunub. Qeyd edək ki, 18 dekabrdan etibarən Çexiyada ictimai iaşə, otellər, mədəniyyət müəssisələri, idman kompleksləri və digər ictimai mərkəzlərin fəaliyyətinə fasilə verilib. Həmçinin eyni tarixdən etibarən ölkədə bütün məktəblərdə tətil elan olunub. 2021-ci ilin 4 yanvar tarixindən etibarən məktəblər və universitetlərin distant təhsil rejiminə keçməsi planlaşdırılır.
Dekabrın 23-dən İsrail xarici vətəndaşların ölkəyə girişinə qadağa qoyur. Bu barədə İsrailin Baş Naziri Binyamin Netanyahu bildirib. Onun sözlərinə görə, son 48 saat ərzində ölkəyə qayıdanlar isə yeni növ koronavirusla əlaqədar olaraq məcburi karantinə alınacaqlar: “Xarici vətəndaşlar ölkəyə daxil ola bilməyəcəklər. İstisna hal diplomatlara aiddir. Bu andan etibarən 48 saat ərzində ölkəyə qayıdanlar xüsusi mərkəzlərdə karantində saxlanılacaqlar”.
Səudiyyə Ərəbistanı bir neçə ölkədə koronavirusun mutasiyaya uğramış yeni növünün yayılması səbəbilə beynəlxalq uçuşları dayandırıb. Bu barədə ölkənin SPA xəbər agentliyi məlumat yayıb. Qeyd olunub ki, sözügedən mutasiyanın sürətlə yayılması ilə bağlı hökumət yeni qərarlar alıb. “Ölkəyə əvvəllər daxil olmuş əcnəbi təyyarələrin geri qayıtmasına icazə veriləcək. Bunun xaricində bütün beynəlxalq uçuşlar müvəqqəti olaraq bir həftə dayandırılıb. Bu müddət bir həftə uzadıla bilər”,- deyə açıqlamada qeyd olunub. Quru və dəniz limanlarından ölkəyə girişlər də bir həftə müddətinə qadağan edilib.
Avstriyada koronavirusa yoluxanların sayının artmasından sonra məktəblər və iş yerləri 3 həftəlik bağlanacaq. Baş nazir Sebastian Kurz keçirdiyi mətbuat konfransında bildirib ki, Milad günü ölkə yenidən sərt karantin rejiminə keçəcək. Supermarketlər və apteklər istisna olmaqla, mağazalar, iş yerləri, məktəblər bağlanacaq. Distant təhsil tətbiq olunacaq.
Son zamanlar digər dövlətlərdə olduğu kimi, Azərbaycanda da ötən dövrlərlə müqayisədə koronavirusa yoluxanların sayında kəskin artımın müşahidə edilməsi ciddi narahatlıq doğurur. Elə buna görə də Nazirlər Kabineti tərəfindən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq yoluxmanın artması səbəbindən ölkə üzrə sərtləşdirilmiş karantin rejiminin müddəti dekabrın 14-dən 2021-ci il yanvarın 18-dək uzadılıb.
Dövlət və hökumət səviyyəsində davamlı tədbirlərin həyata keçirilməsi öz yerində, eyni zamanda, hər bir vətəndaş özünü və yaxınlarını bu bəladan qorumaq üçün ayıq-sayıq olmalı, tələblərə sözsüz əməl etməlidir. Təəssüflər olsun ki, son günlər bəzi vətəndaşların məsuliyyətsiz hərəkətlərinə də rast gəlirik. COVID-19-a yoluxmuş bəzi şəxslər qadağalara baxmayaraq, yaşayış yerini tərk edir, digər vətəndaşların da yoluxmasına şərait yaradaraq, əhalinin sağlamlığına təhlükə törədirlər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, daxili işlər orqanlarının əməkdaşları dekabrın 23-də respublika ərazisində 25 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Onlardan 23-ü yaşadıqları evə qaytarılıb, ağır xəstə olan 2 nəfər isə xəstəxanaya yerləşdirilib. 18 nəfər barədə Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları aparılır.
Digər infeksiyalardan fərqli olaraq COVID-19-un təbiəti elədir ki, azacıq bir ehtiyatsızlıqdan da istifadə edir. Məhz buna görə də xüsusən ictimai yerlərdə maskasız hərəkət etmək yolverilməzdir. Maska taxmağı unudan və ya etinasız yanaşana da bunu anlatmaq və vacibliyini başa salmaq lazımdır. Təəssüflə qeyd etmək istəyirik ki, əksər hallarda maskanın düzgün taxılmaması halları ilə də rastlaşırıq. Təcrübələrimizə əsasən deyə bilərik ki, insanlar var ki, qoruma qabiliyyəti 3 – 4 saat olan maskanı günlərlə dəyişmir. Tələb olunur deyə, görüntü xatirinə, gözdən pərdə asmaq üçün maska taxmaq kimə lazımdır? Maska taxarkən çalışmaq lazımdır ki, burunun üzəri də örtülsün, əks halda, infeksiya mənbəyi tam bağlanılmamış qalır. Hava-damcı yolu ilə yayılan infeksiyalar zamanı həm udlaq, həm də qırtlaq bağlanılmalıdır ki, virus selikli qişa vasitəsilə orqanizmə daxil olmasın.
Narahatlıq doğuran hallardan biri də odur ki, bəzən xəstəliyin ilkin əlamətləri ilə üzləşənlər onu gizlətməyə və ya infeksiyaya yoluxmadığı barədə özünü inandırmağa çalışır. Təcrübə göstərir ki, xəstə virusa yoluxanda 5-7 gün ərzində ilkin əlamətlər özünü göstərir. Əlamətlər büruzə verən kimi, yubanmadan sahə həkiminə müraciət edilməlidir. Gecikmə zamanı pnevmoniya ortaya çıxa, tənəffüs çatışmazlığı yarana bilər. Həmin mərhələdə müraciətin gecikməsi xəstənin həyatını təhlükə qarşısında qoyur. Unutmayaq ki, COVID-19 infeksiyasını hər kəs fərqli keçirir, müalicə də fərqli olur. Bütün müalicələr həkim tövsiyəsi və nəzarəti ilə aparılmalıdır. Həkimlər bildirirlər ki, xəstəliyin ilkin mərhələlərində virus olmasına baxmayaraq, superinfeksiya olmadan antibiotiklərin kontrolsuz və nəzarətsiz istifadəsi əks göstərişlər verir. Ona görə də hər kəs səhhətinə daha ciddi yanaşmalı, ərazi poliklinikaları ilə əlaqəni artırmalı, özlərində narahatlıq hiss edən kimi, həkimə müraciət etməlidirlər.
Biz, eyni zamanda, qaydalara əməl etməyənləri də qınamalıyıq. Bunu hər birimiz edəriksə, qaydalara əməl etməyənlər, onu pozanlar gələn dəfə ona əməl etməyə çalışacaqlar. Beləliklə də cəmiyyətdə virusla bağlı davranış normalarımız daha da təkmilləşəcək. Çünki virusun bizi nə vaxt tərk edəcəyi məlum deyil.
Hazırda koronavirusa qarşı konkret vaksin yoxdur. Azərbaycanda koronavirusa qarşı vaksinasiya proqramına gələn ilin əvvəlindən başlanması planlaşdırılır. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının videokonfrans formatında keçirilən sammitində çıxış edərkən deyib. Cənab Prezident peyvəndlənmənin könüllü olacağını, dövlət hesabına aparılacağını bildirib, həmçinin vaksinasiyaya dair strategiyanın hazırlandığını qeyd edib.Ölkədə kütləvi peyvəndlənmə başlayana qədər ciddi qorunmağa üstünlük verilməlidir. Odur ki, hər birimiz koronavirusla mübarizədə müəyyən edilmiş qaydalara əməl etməliyik. Yalnız qaydalara əməl etməklə və xalqımızın həmrəyliyi sayəsində COVID-19 pandemiyasından xilas ola və əvvəlki xoşbəxt həyatımıza qovuşa bilərik.
Yaqut Ağaşahqızı, “İki sahil”

