Cəmiyyət 

Erməni vandalizminin qurbanına çevrilmiş yüzlərlə tarixi-dini abidələrimiz

Bu dəhşətli mənzərə  təcavüzkar ölkənin müsəlmanlara münasibətini və həqiqi simasını əks etdirir

30 ilə yaxın müddətdə davam edən işğal zamanı Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan xalqına məxsus tarix və mədəniyyət abidələri dağıdılıb, mənimsənilib, təyinatına uyğun gəlməyən şəkildə istifadə olunaraq vandalizmə məruz qalıb. Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan mədəni irs nümunələri İslam dini abidələri – məscidlər, türbələr və digər inanc yerləri olub. Ermənilər məscidlərdə ev heyvanları saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini ifadə ediblər. İşğal olunan ərazilərdə yerləşən mədəni irsə, o cümlədən xüsusi əhəmiyyətə malik unikal abidələrə bu cür barbarcasına münasibət, əslində, dünya irsinə qarşı yönələn təhdiddir. Ermənilərin bu əməlləri onlar üçün heç bir müqəddəs dəyərin olmadığından xəbər verir. Ölkəmizin ərazisində isə təcavüzkar dövlətdən fərqli olaraq  bütün dinlərə məxsus olan abidələr dövlət səviyyəsində qorunub, məscidlərlə yanaşı, sinaqoqlar tikilib, yeni kilsələr inşa edilib. Çünki Azərbaycanda tolerantlıq mühiti ən yüksək səviyyədədir.  Azərbaycanda bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra etməkdədirlər. Eyni zamanda, bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayır və Milli Məclisdə təmsil olunurlar. Təsadüfi deyil ki, bu gün ölkəmizdə 2200-dən artıq məscid mövcuddur, 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Bununla yanaşı, ölkə ərazisində 700-dən artıq pir və ziyarətgah fəaliyyət göstərir. Hətta Bakı şəhərinin mərkəzində erməni kilsəsi dövlət tərəfindən qorunan abidələr siyahısına salınıb.

Ermənilər isə, əksinə, İslam mədəniyyətinin incisi olan məbədləri dağıdıb, regionda dini müharibə məsələsini qızışdırmağa və bu münaqişəni xristian-müsəlman qarşıdurması kimi təqdim etməyə cəhd göstəriblər. Bu hal Ermənistan Respublikasının digər dinlərə münasibətini və həqiqi simasını əks etdirir.İşğaldan azad olunan ərazilərdə yerləşən abidələrin bir çoxu, o cümlədən Qubadlı rayonunun Məmər kəndindəki XVIII əsrə aid məscid də hazırda acınacaqlı vəziyyətdədir. Bədnam ermənilər bu dini-mədəniyyət abidəsində də donuz saxlayıblar. Ekspertlərin də fikirlərinə görə, bu vandalizm faktı ümumilikdə dünyanın mədəni irsinə barbar münasibət olduğundan beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya birliyi tərəfindən kəskin qınaq obyektinə çevrilməli, hüquqi qiymətini almalıdır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 23-də  Zəngilan rayonu ərazisində də erməni barbarlığının şahidi oldular. Babaylı, Ağalı, Seləli kəndlərinin dağıdıldığını, bir salamat bina belə saxlanılmadığını, ağacların kəsildiyini, hətta qəbiristanlıqların da vandallığa məruz qaldığını müşahidə etdilər. Dövlətimizin başçısı növbəti dəfə ermənilərin tarixi-mədəni və dini abidələri vəhşicəsinə dağıtmasına diqqət çəkib, erməni vandallığını sərt tənqid edib. Ölkə başçısı, həmçinin beynəlxalq təşkilatların zamanında bu prosesə yetərincə həssas və duyarlı münasibət ortaya qoymadığını da vurğulayıb: “Zəngilan işğaldan azad olunandan sonra rayonda yerləşən məscidlərin birində donuzların saxlanması ilə bağlı videokadrlar nümayiş etdirilmişdir. Düşmən bizim dinimizi təhqir edib, bütün müsəlmanları təhqir edib. Bax, burada məscid olub, indi yoxdur, dağıdıblar. İndi bəziləri azad edilmiş torpaqlarda erməni xalqının dini irsi haqqında məsələ qaldırırlar. Bəs, bizim milli-dini irsimiz haqqında niyə heç kim məsələ qaldırmayıb? Bu yaxınlarda UNESCO-nun bir məmuru əsassız bir ifadə işlədib ki, guya bizə müraciət olunub, Azərbaycan isə səssiz qalıb. Biz 30 il ərzində dəfələrlə UNESCO-ya müraciət etmişik, dəfələrlə bildirmişik ki, bizim məscidlərimiz dağıdılıb, tarixi abidələrimiz dağıdılıb, bizim tarixi abidələrimiz erməniləşdirilir, bir dəfə missiya göndərildimi? Bir dəfə bizim müraciətimizə cavab verildimi? Elə müharibə qurtaran kimi başlayıblar ki, erməni xalqının abidələri gərək qorunsun. Biz bütün abidələri qoruyuruq, bütün xalqların abidələrini qoruyuruq və dünya bunu bilir. Amma baxın, görün, məscid olub bura, UNESCO, buraya gəl, gəl gör”.

Azərbaycan hökumətinin rəsmi məlumatına əsasən, ölkəmizin 30 il ərzində işğal altındakı torpaqlarında 403 tarixi-dini abidəsi olub. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgah kimi qeydə alınıb. Qarabağ ərazisində mövcud olan 67 məsciddən 63-ü yerlə-yeksan edilib, 3 məscidə isə ciddi ziyan vurulub.

Şuşa, Ağdam, Zəngilan və Qubadlıda içərisində donuz saxlanan tarixi məscidlərimiz haqqında yəqin ki, beynəlxalq ictimaiyyət xəbərdardır. Xocavənd rayonu ərazisində 1894-cü ildə tikilən Rus Pravoslav Kilsəsi də hazırda acınacaqlı vəziyyətdədir. Qeyd edək ki, mənfur düşmən bəzi hallarda alban kilsələrini söküb öz ərazilərində tikməklə, bu kilsələrin guya onlara məxsus olduğunu iddia etməyə çalışıblar. Təbii ki, ermənilərin törətdikləri bu vəhşiliklərlə bağlı dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, o cümlədən UNESCO-ya dəfələrlə məlumat verilib. Lakin təəssüf ki, erməni işğalı altında qalan torpaqlarımızdakı abidələrimizin qorunması üçün bu təşkilatlar tərəfindən lazımi addımlar atılmayıb.

Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, dağıdılan abidələrimiz Azərbaycan dövləti tərəfindən yaxın zamanda bərpa olunacaq. Buna görə Ermənistanla yanaşı, həm də müvafiq beynəlxalq təşkilatlar cavabdehlik daşıyır.

Yeri gəlmişkən qeyd edək ki, tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti ilə tanınan Heydər Əliyev Fondu Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində azad edilmiş qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə start verib. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcək. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanıb. Belə ki, Avstriyanın «Atelier Erich Pummer GesmbH» şirkətinin rəhbəri, memar Erix Pummer Ağdam məscidində olub və məscidin mövcud vəziyyətinə dair qiymətləndirmə aparılıb.

Nigar Orucova, “İki sahil”

Daha çox xəbərlər