Uşaqların milli vətənpərvərlik tərbiyəsində poeziyanın rolu – Tərbiyəçi müəllim təcrübəsini bölüşür
Böyüməkdə olan nəslin vətənpərvərlik tərbiyəsi cəmiyyət qarşısında duran qlobal problemlərdən ən vacibidir. Vətənpərvərlik tərbiyəsini məktəbəqədər dövrdən başlayaraq həyata keçirtmək çox zəruridir. Müasir dövrdə yaşayan hər bir şəxsə körpəlikdən vətəni sevmək onu göz bəbəyi kimi qorumağın vacib olduğunu , onların yaş və anlaq səviyyələrinə uyğun qurmaq işimizin mühüm tərkib hissələrindən ən əhəmiyyətlisidir. Odur ki, mən də çalışdığım müəssisədə işimi bu yönümdə qurmağa çalışdım. Bunun mayası isə 1989- cu ildən fəaliyyətimə başladığım N. Nərimanov rayonunun 69 saylı Körpələr evi -uşaq bağçasının bu məsələyə xüsusi diqqətindən yoğrulmuşdur.
Yaradıcı fəaliyyət böyük və gərgin zəhmət tələb edir. Xalq yazıçısı Süleyman Rəhimovun belə bir deyimi vardır: “İstedad sönərdi əgər yaradıcı zəhmət olmasaydı, zəhmət özū səmərə verməzdi, əgər istedad olmasaydı. İstedadın qidası nədir? Yorulmaq, usanmaq bilməyən , gecə gündüzü tanımayan vaxt bivaxtla hesablaşmayan zəhmət.Mən də mənə tanrı tərəfindən bəxş olunmuş müəllimlik istedadıma və vaxt bivaxtla hesablaşmayan gərgin zəhmətimə söykənərək çalışmışam ki, uşaqlar hələ kiçik yaşlarında ikən vətənin hər qarış torpağını sevsinlər. Onun havasının, suyunun, meşəsinin, bitki və heyvanat aləmini, habelə bütün faydalı qazıntılarının bizə bəxş etdiyi əvəzsiz rolunu dərk etsinlər. Bu müəssisədə çalışmağa başladığım elə ilk gündən uşaqlara Ana- vətən bu iki məfhumun bir – birindən ayrılmaz olduğunu öyrətməkdən başladım. Onlara başa saldım ki, biz ana deyəndə vətən, vətən deyəndə ana düşünürük. Bu adların nə qədər sevimli, ülvi və müqəddəs olduğunu başa saldım. Bu adların dünyanın dünyanın şöhrəti , ömrümüzün mənası , həyatımızın yaraşığı və zinəti olmasını öyrətməkdən başladım.Fidan balalara ananın təbiətdə olan bütün qadir qüvvələrin şövqündə dayanan ilkin yaradıcı olduğunu aşıladım.Körpənin ilkin öyrəndiyi söz anadır.İnsanlar ilkin öyrəndiyi söz anadır. İnsanlar bu addan qüvvət alaraq yaşayırlar. Sevimli şairimiz Abdulla Şaiq bu həqiqəti böyük ilhamla belə igadə etmişdir Ana- ana bu kəlməcik hər körpənin ən ilkin öyrəndiyi bir kəlmədir, əmdiyi süddən şirin.
Ana- ana- bu kəlmədə saf, doğma bir duyğu var.
O duyğudan qüvvət alıb canlanır bu insanlar.
Vətən ananın ilkin yaşadığı yerdən başlanır. Ananın yaşadığı torpaq ana ilə vətənləşmişdir. Xalq şairi Rəsul Rzanın ” Vətən” şerində vətən insan anlayışlarının vəhdəti həqiqi sənət dili ilə mənalandırılmışdır.

Mən vətənin qoynundayam
Vətən mənim qoynumdadır.
Həm qeyrəti, həm şöhrəti
Böyk borcu
Boynumdadır
Boynumdadır.
Bu böyük missiyanı həyata keçirməkdə köməyimə Azərbaycanın əvəzsiz poeziya nümunələri gəlib.
Dediklərimə aydınlıq gətirmək üçün məsələn, belə bir şerə diqqət yetirək:
Yurdumdur Azərbaycan,
Qoluyam, ” qanadıyam”,
O mənim doğma anam
Mən onun övladıyam.
Ona mənim atam da
Anam da ” ana” deyir
Ona mənim nənəm də
Babam da ” ana” deyir.
Sevimli şairimiz Hikmət Ziyanın “Anamız Azərbaycan” şerini uşaqlara öyrədərkən, çalışmışam ki, onların hər birisi dərk etsin ki, Vətən hər kəs üçün təbiətin bir guşəsidir. Ona da təbiət kimi Ana- Vətən, doğma yurd deyirik. Çalışmışam, uşaqlar kiçik yaşlarından hiss etsinlər ki, biz bütün varlığımızla təbiətə borclu olduğumuz kimi, vətənə də borcluyuq. Onlar dərk etsinlər ki, vətənin qoynunda ayaq açır, böyüyür, mətinləşir, güc, qüvvət, qüdrət sahibi olurlar. Vətənin torpağından, suyundan, təbii, faydalı ehtiyatlarından gen bol istifadə edirlər. Uşaq hiss etməlidir ki, yurdsuz- yuvasız vətənsiz insan yoxdur.
Abdulla Şaiqin “Ana yurdum” şeri vasitəsilə də düşündüklərimi uşaqlara asanlıqla çatdıra bilmişəm.
Çöllərindir şən
Hər yeri gülşən
Sən nə gözəlsən
Ey ana vətən.
Bağdır əkindir
Hər bir bucağın
Qızıl təkindir
Sənin torpağın.
Qəlbim, canımsan,
Ey ana yurdum.
İsti qoynunda
Şən yuva qurdum.
Bu şeri öyrənən uşaqlar bağlı- bağatlı vətən torpağının hər bir guşəsinin ucsuz- bucaqsız çöllərinin hər yeri gülşən, qızıl qədər qiymətli, qızıl kimi bərq vuran ana yurdun gözəl, əsrarəngiz mənzərəsini sanki əyani şəkildə göz önündə canlandırırlar. Odur ki , belə poeziya nümunələri əsasında öz doğma vətənini , yurdunu , ocağını hədsiz məhəbbətlə sevən övladlar tərbiyyə etmək lazımdır. Hələ körpəlikdən elə övladlar yetişdirmək lazımdır ki, Onlar gələcəkdə tələb olunan məqamlarda vətəni üçün ölməyə , onun torpaq və daşını hər an qorumağa hər an hazır olsunlar.
Axı vətən torpağında hər kəsin əcdadı , ulusu uyuyur, torpağa qarışır.Vətən torpağında hər kəs böyüyür, boya- başa çatır,.gələcək nəsil yaşadır. Ona görə onun hər qarışı hər kəs üçün canından əziz olmalıdır.Vətən qorunmalı , gələcək nəsil üçün zəngin təmtəraqlı şəkildə saxlanılmalıdır.
Vətəndən kənarda , uzaqda heç bir səadət ola bilməz.Hər addım başı bunu uşaqlara xatırlatmağa çalışmışam.
Oxuduğumuz ədəbiyyat nümunələrindən bizə məlumdur ki ,İbrahimxəlil xan öz sevimli qızı ,Xurşudbanu Natavanın bibisi Ağabəyimağanı , iran hökmdarı Fətəli şaha ərə vermişdi. Hökmdar Ağabəyimağanı naz- nemət içərisində saxlayır. Onun bütün istəklərini yerinə yetirdi, lakin buna baxmayaraq,
Mən aşiqəm Qarabağ
Şəki, Şirvan Qarabağ
Tehran cənnətə dönsə
Yaddan çıxmaz Qarabağ,
deyərək, bir an da olsa Qarabağ nisgilini unuda bilmirdi.
Vətənimizin sinəsində qarğa-quzğun caynaqları şırımlar açıb. Erməni qaniçənləri bu gün qonaq-qaralı vətənimizi işğal etdikdən sonra o gözəl yurd yerlərimizi vəhşicəsinə dağıdıb, xarabalıqlara çeviriblər.
Uşaqlarda vətənpərvərlik duyğularını aşılamaq üçün poeziya vasitəsilə belə çatdırmışam.
Qonaq- qaralı Vətən
Otu saralı Vətən
Səni parçaladılar,
Bağrı yaralı Vətən
Uşaqlara başa salmışam ki, vətənin bağrındakı qan, sinəsindəki yara yalnız sizin kimi övladların əlləri ilə yuyular. Odur ki, mən onlara vətəni sidq ürəkdən sevmələrini , vətənin çağırışına hər an hazır olmalarını, daxili və xarici hücumlardan qorumaqda özlərində güc qüdrət tapmalarına , lazım gələrsə, vətənin yolunda ” uf” demədən qanlarından , canlarından keçməyə hazırlamışam. Necə ki, ata babalarımız buyurub :
Durna sanından keçər
Ötər, sanından keçər
Ölər canından keçər.
Uşaqlara öyrətmişəm ki, həqiqətən də vətən yolunda şirin canınızdan keçməsəniz dar günündə onun harayına gəlməsəniz yurd sevgisiniən müqəddəs amal kimi ürəyinizin dərinliyində bəsləməsəniz onda vətən, vətən yox, itən olar.
Hər gün uşaqlara dövlət rəmzlərimiz sayılan himnə, bayrağa, gerbə aid şeirlər səslənir:
Düşmən tapdağında cənnət Qarabağ.
Tapdanır, talanır sökülür bu gün.
Topların ağzından yağışlar sayaq
Başına mərmilər tökülür bu gün
Qana qan əvəzdir ölūmə ölüm
Düşmənin bağrını parçala gəmir
Bu ağır faciə, bu acı zülüm.
Düşmənə 7 qat ödənməlidir.
Ola bilməzdi ki, bu şeir hansısa bir gün xatırlanmasın.
Hər il bağçamızda 20 Yanvar şəhidləri anılıb. Yanvar ayı uşaqlara yalnız o günlə bağlı şerlər, bayatılar, mahnılar öyrətmişəm. Hətta ” 20 yanvar” günü ötüb keçsə də , sonralar da hər gün boş vaxt alınan kimi bayatı öyrənmişik.
Danılmaz faktdır ki, mənim çalışdığım qrupda hər gün vətənə aid şeir, bayatı təkrarlanıb. 20 yanvar” günü qrupda olan bütün oğlanlar əsgər paltarı geyinib. Onlar özünü çox xöşbəxt sayirdılar ki, biz də əsgərlərik. Vətəni qoruyacağıq. Hətta o geyimdə oxuduqları bu mahnı da yerinə düşürdü.
Bu gün əsgərəm.
Ər oğlu ərəm.
Ana vətənə
Polad əsgərəm.
Kənardan onları izləyəndə onların necə fəxrlə addım ataraq oxumaqlarına fərəh duyurdum.
Bu gün vətənin – ikinci anamızın hər bir halal süd əmmiş övladı başa düşməlidir ki, böyük vətən müharibəsi , Qarabağ, 20 Yanvar şəhidləri öz canlarını məhz doğma vətənə qurban vermişlər. Onlar quru ad, şöhrət üçün həyatlarından keçməmişlər. Vətənin şərəfi ləkələnərsə, yaşamağa dəyərmi?
Əsl ölməzlik , əbədi yaşarlıq el yolunda baş qoyaraq mūqəddəslik müqəddəslik zirvəsinə yüksəlməkdir.
Çünki xalq şairi B. Vahabzadə demişkən : “Ölər bizim kimi vətən də bir gün. Vətənçün ölümə hazır olmasaq. Uşaqlara bunu aşılamışam ki, bu gün vətənin hər bir namuslu övladı başa düşməlidir ki, vətən məhəbbəti yalnız sözdə deyil, əqidədə yaşamalı , onun müqəddəs amalına çevrilməlidir. Qədirbilən xalqımız vətənin dar günündə, bəd ayaqda onun səadəti uğrunda canından, qanından keçən oğullarla fəxr etmiş, öyünmüş, onu özünə arxa , dayaq sanmışdır:
Otu biçənə qurban
Gülün seçənə qurban
Dar gündə, bəd ayaqda
Candan keçənə qurban.
Müdriklərimiz “Vətən viran olsa da, o cənnətdən gözəldi”, “Vətən viran olsa da , cənnət gördüm oranı. “.- deyərək onu cənnətə bənzətmiş, bəzən hətta cənnətdən üstün tutmuşlar. Lakin bu gün cənnətməkan vətənimiz öz çətin günlərini yaşayır.Onun xilasına böyük ehtiyac duyulur.Xilas yolu isə bu gün məktəbəqədər, sabahsa parta arxasında təlim- tərbiyə verdiyimiz övladlarımızın tale körpüsündən keçir. Bu gün ailədə , məktəbəqədər müəssisədə və məktəbdə tərbiyə etdiyimiz halal övladlar o övladlar ki, həmişə ” Biz Cavanşir, Koroğlu, Babək, Xətai, , Nəbi nəsliyik “deyə fəxr edirlər.Elə tərbiyə olunmalıdırlar ki, onlar təkcə igidlərimizin adını çəkməklə öyünməsinlər.
Həm də işdə ,əməldə onların ləyaqətli davamçıları olsunlar.Qoşun gəlib Çənlibelip keçməyə, qəbul etməz namus,
qeyrətim mənim- deyə nərə çəkən qoç Koroğlunun səsi həmişə qulağımızda cingildəməlidir.
Son illər vətənimiz qara günlərini yaşayır. 20 Yanvar şəhidlərinin anılmasından bir ay keçmiş qanayan yaramız Xocalı yada düşür. Mən bir tərbiyəçi kimi bundan yan keçməmişəm. Musiqi zalında bu günlə bağlı tədbir keçirtmişəm. Bayatılar səslənib, serlər söylənilib. Bununla uşaqlara çatdırmışam ki, Xocalı faciəsi 20-ci əsrin ən dəhşətli faciəsidir. Bəşəriyyət belə faciə ilə 3 dəfə qarşılaşıb. Sonuncusu və ən dəhşətlisi bizim hamımızın yarası Xocalıdır. Xocalıya həsr olunmuş bu mahnını oxumuşuq:
Xocalı qərib obam
Getməz gözümdən bu an
Bağrımın başı al qan.
Döz bu dərdə bacarsan.

Uşaqlar mahnı oxuyarkən necə qəmli olduqlarını görürdüm. Bu da o deməkdir ki, onlar kədərlə sevinci ayırd edə bilirlər.
Öyrənilən bayatılar , mahnılar martın 31-də bağçamızın musiqi zalında səsləndirilib.
Axı həmin gün Soyqırımı günüdür. Hələ körpə ikən onlara çatdırmışam ki, bizim yeganə düşmənimiz mənfur ermənilərdir və onlar zaman- zaman Azərbaycanın başına – hesabsız fəlakətlər gətirmişlər.
Böyük Vətən müharibəsində həlak olmuş qəhrəmanlarımızın vətən uğrunda göstərdikləri şücaətlərirni bir daha poeziya vasitəsi ilə onların körpə yaddaşlarında möhkəmləndirmişəm. Bir daha onları əmin etmişəm ki, Torpaq- uğrunda ölən varsa, vətəndir!
28 may- Respublika Günüdür! Məktəbəhazırlıq yaş qrup uşaqları ilə bu günə həsr edilmiş tədbir keçirtmişik. Bu gün vətən haqqında, bayraq haqqında mahnılar oxunub, şeirlər səsləndirilib. Hətta həmin gün uşaqlarla “Torpaqdan pay olmaz” nağılı əsasında kiçik səhnəcik də hazırlamışıq. Bu da mənim çətin, gərgin əməyimin nəticəsində olmuşdur. Uşaqlara öyrətmişəm ki, üçrəngli bayrağımız vətənimizin, müstəqilliyimizin simvoludur. Öyrətmişəm ki, hər hansı bir azərbaycanlı hər zaman , daim müstəqilliyimizin keşiyində durmağa hazır olmalıdır. Bayrağın şərəfini uca tutmalıdır. Əşrəf Ağayevin “Qalx, ayağa Azərbaycan” şeirini uşaqlarla hər gün himnimizlə yanaşı oxumuşuq:
Qalx ayağa, Azərbaycan, alovlardan vurub keç.
Daha bəsdir aç gözünü, düşmənini yaxşı seç.
Qeyrətini bayraq elə, silahını uca tut.
Qoy məhv olsun qatı düşmən, nəfəs alsın ana yurd.
Qalx, ayağa, Azərbaycan.Sənin üçün verək can!
Biz səninik, sən də bizim,
Anacan!
Sən gurulda, səmada, ildırım tək çax, Vətən!
Düşmənini bir andaca külə döndər, yax Vətənə!
Nifrətini az eyləmə, aman vermə düşmənə.
Ər oğullar hər qarışı qaytaracaqdır, sənə!
Qalx, ayağa Azərbaycan.
Sənin üçün verək can!
Biz səninik, sən də bizim.
Anacan!
Uşaqlara öyrətmişəm ki, Vətən deyən oğul vətənə layiq olmalı, onun azadlığına qurban getməyə can atmalı, işini, sənətini qabiliyyətini yalnız və yalnız bu müqəddəs amala həsr etməlidir .Dünyada bundan şirin, bundan zərif nə ola bilər? Gəlin, elə edək ki, balalarımızın dodaqlarından , gözlərindən sevinc əksik olmasın.
Bir sözlə, desinlər, gülsünlər, firavan böyüsünlər.
Bu bir tərbiyəçi kimi mənim ən böyük arzumdur.
Şükürlər olsun, Qarabağ uğrunda döyüşlər Azərbaycan Ordusunun və xalqımızın qələbəsi ilə başa çatdı. Mən xöbəxtəm ki, belə vətənpərvər uşaqlar yetişdirməkdə bir müəllim kimi mənim də payım var! Mənim də tərbiyə etdiyim uşaqlar bu gün əsģər olub, silaha sarılaraq torpaqlarımızı mənfur ermənilərin işğalından azad edib. Qarabağ Azərbaycandır!
Aidə Əzizova
N.Nərimanov rayonundakı 69 saylı Körpələr evi- uşaq bağçasının tərbiyəçi müəllimi,
“Təhsildə keyfiyyət ilində” ilin pedaqoji mühazirəsi müsabiqəsinin qalibi

