ARANTV.AZ xəbər verir ki, “Gənc Heydərçilər” yay düşərgəsinə yekun vurulub. Layihənin son ünvanı Müdafiə Nazirliyinin Qusar rayonundakı «N» saylı hərbi hissəsi olub. Burada 200-dən çox məktəbli ordu haqqında biliklərini zənginləşdirib. Layihənin məqsədi gənc nəslin vətənpərvər, xalqına və dövlətinə məhəbbət ruhunda tərbiyə olunmasındana, sağlam və bilikli böyüməsinə xidmət etməkdən ibarətdir.
Hərbçi olmağı arzulayan “Gənc Heydərçi”nin özünə əminliyi bir qədər də artdı. Müdafiə Nazirliyinin Qusar rayonundakı «N» saylı hərbi hissəsində keçdiyi təlim, gördüyü şərait təkcə Şahin Əsədovun deyil, digər layihə iştirakçılarının da vətənpərvərlik ruhunu gücləndirdi. “Gənc Heydərçilər” layihəsinin 200-dən artıq iştirakçısının təlim-tərbiyəsi ilə hərbi hissənin zabitləri, çavuş və əsgərlərindən ibarət qrup məşğul oldu.
Layihə çərçivəsində keçirilən təlimlərdə gənclər hərbi hissədəki xidmətlər, yaşayış şəraiti, silah və texnika ilə yaxından tanış oldular. Məktəblilərə avtomatın sökülüb yığılması, atəş açılması, təlim prosesində maneələri dəf etmək öyrədildi. Gənclər 2 həftə ərzində hərbi sahədə dolğun bilik və təcrübə əldə etdiklərini deyirlər.
Hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsində rayon üzrə fərqlənən istedadlı yeniyetmələrin, aprel döyüşləri zamanı şəhid olan və ön cəbhədə xidmət edən zabitlərin övladları iştirak etdilər.
Düşərgədə məktəblilər üçün rayonun görməli yerlərinə, tarixi guşələrinə, o cümlədən Heydər Əliyev Mərkəzinə və Gənclər Evinə gəzintilər də təşkil olundu. Layihənin bağlanış mərasimində hərbi təlimlərdə fərqlənən bir qrup şagirdə xatirə medalları təqdim edildi.
