VII Beynəlxalq Multikulturalizm Yay Məktəbi başladı

ARANTV.AZ xəbər verir ki, “Bakı Prosesi 10 il: Mədəniyyətlərarası dialoqun inkişafına töhfə kimi” adlı 7-ci Beynəlxalq Multikulturalizm Yay Məktəbi layihəsi başlayıb. Layihə çərçivəsində 30 ölkədən 40-a yaxın iştirakçı ölkəmizə səfər edib.

Multikultural və tolerant dəyərlər ölkəmizin mənəvi sərvətidir. Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı əhəmiyyətli layihələr reallaşdırılır. Bu gün dünyanın 19 nüfuzlu universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunur. Artıq ənənəyə çevrilən Beynəlxalq Multikulturalizm Yay Məktəbi layihəsi çərçivəsində bu dəfə həmin ali məktəblərdə təhsil alan 40-a yaxın tələbə Azərbaycana səfər edib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə “Bakı prosesi 10 il: Mədəniyyələrarası dialoqun inkişafına töhfə kimi” adlı 7-ci Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdilər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olundu. Sonra iştirakçılar Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini yad etdilər. Paytaxtın mənzərəsi seyr olundu.

Almaniya, Estoniya, Serbiya, Portuqaliya, Yaponiya, Hindistan, Rusiya, Moldova, Qazaxıstan, İndoneziya, və digər ölkələrdən olan gənclərə Azərbaycanın multikultural və tolerantlıq ənənələri, ölkəmizdə müxtəlif xalq nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında mühazirələr təqdim ediləcək.

“Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədris olunduğu xarici və yerli universitetlərdə təhsil alan tələbələrin iştirak etdiyi 7-ci Beynəlxalq Multikulturalizm Yay Məktəbi avqustun 9-dək Bakı şəhəri ilə yanaşı, Oğuz, Şəki, Qəbələ və İsmayıllı rayonlarında fəaliyyət göstərəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.