Cəmiyyət 

Prezidentə yazırlar: Bundan sonra da birlikdə Azərbaycan naminə işlərimizi davam etdirəcəyik

Xaricdə yaşayan soydaşlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq məktubları göndərməkdə davam edirlər. Onlar Vətən müharibəsində qazandığımız tarixi Qələbəni böyük sevinc və qürur hissləri ilə qarşıladıqlarını bildirir, dövlətimizin başçısına təşəkkür edirlər.

ARANTV.AZ  həmin məktubların bəzilərini təqdim edir:

Aygül İsayevadan, Qardabani, Gürcüstan

Möhtərəm cənab Prezident.

Qarabağımızı işğaldan azad etməklə 2020-ci ili tarixin ən gözəl ili etdiyiniz, Azərbaycanı qalib, regionda lider dövlətə çevirdiyiniz, həmçinin dünya azərbaycanlılarına zəfər yaşatdığınız üçün Sizə dərin minnətdarlığımı bildirmək istərdim.

Gürcüstan azərbaycanlıları 44 gün ərzində Sizdən kənd, rayon və şəhərlərimizin bir-bir azad edilməsi müjdəsini böyük həyəcan və sevinc göz yaşları içərisində qarşılayırdı.

Sizin göstərişinizə əsasən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tərəfindən Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə görə “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edildim.

Sizin bu diqqət və qayğınızı ürəkdən alqışlayırıq. Sizi əmin edirik ki, bundan sonra da birlikdə və böyük əzmlə Azərbaycan naminə mənəvi borc hesab etdiyimiz işlərimizi davam etdirəcəyik.

Sizə bir daha dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları, xüsusilə də Gürcüstan azərbaycanlılarını daim diqqətinizdə saxladığınıza görə səmimi qəlbdən təşəkkür edirəm, möhkəm cansağlığı arzu edirəm.

 

Sizin fəaliyyətiniz Azərbaycanınn daha böyük tərəqqi əldə etməsinə şərait yaradacaqdır

Fərid Məmmədovdan, Çikaqo, Amerika Birləşmiş Ştatları

Hörmətli cənab Prezident.

Mən ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində 2015-ci ildən fəaliyyət göstərən Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzi adlı təşkilatın rəhbəriyəm.

Bu il dekabrın 28-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan diasporunun fəal üzvləri “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilmişdir. Bu diqqət və dəyərə görə, ilk növbədə, Sizə dərin təşəkkürümü bildirirəm. Biz Vətəndən uzaqda olsaq da, hər zaman Azərbaycan dəyərlərini qoruyur və burada tanınması üçün əlimizdən nə gəlirsə etməyə hazırıq. Əminəm ki, Sizin yüksək dövləti vəzifədə fəaliyyətiniz Azərbaycan dövlətinin hər zaman bütün sahələrdə daha böyük tərəqqi əldə etməsinə şərait yaradacaqdır.

Cənab Prezident, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, bütün niyyət və istəklərinizin uğurla həyata keçməsini arzu edirəm. Göstərdiyiniz diqqət və fəaliyyətimizə verdiyiniz dəyər üçün ailəm adından və İllinoysda yaşayan azərbaycanlılar adından Sizə təşəkkür edirəm.

 

Qarabağ Zəfəri Azərbaycan xalqını bir yumruq kimi birləşdirdi

Cahangir Novruzovdan, Adana, Türkiyə

Möhtərəm Prezidentim.

Siyasi və strateji zəkanızın əsəri olan Qarabağ Zəfərinin Azərbaycan xalqını bir yumruq kimi birləşdirdiyi bu sevincli günlərdə, unudulmaz ulu öndərimiz Heydər Əliyev bizə miras qoyub getdiyi “31 Dekabr – Dünya azərbaycanlılarının Həmrəylik Günü” ərəfəsində, dünyanın dörd bir yerinə yayılmış və vahid vücud kimi vətənimiz uğuruna fəaliyyət göstərən Azərbaycan Diasporunun üzvlərini təltifləndirmək üçün təsis etdiyiniz bu dəyərli mükafat, bizlərin əməyinə verdiyiniz böyük bir dəyərdir. Bu mükafatı alanlar sırasında məni də unutmadığınız üçün, şəhid və qazilərimizə yardım məqsədilə yaratdığınız “YAŞAT” fondunun himayədarlar heyətinə məni də layiq gördüyünüz üçün Sizə dərin təşəkkürümü bildirirəm. Ayrıca Qarabağ Zəfəri ilə Azərbaycanı sevindirdiyiniz üçün, xalqımızın 30 illik yaralarına məlhəm qoyduğunuz üçün, Xocalı və 1-ci Qarabağ müharibəsinin şəhidlərinin də qanını yerdə qoymadığınız üçün, ağlar analara qələbə sevinci yaşatdığınız üçün, övladlarımızın sonsuza qədər başlarını dik tutaraq yaşayacaqları üçün Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirməkdən şərəf hissi yaşayıram.

 

Diaspora qayğı, dəstək göstərməklə ana Vətənimizin heç də uzaqda olmadığını hiss etdirirsiniz

İradə Əliyeva-Söderberqdən, Yönçöpinq, İsveç

Möhtərəm cənab Prezident.

“Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edildiyimə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Bu çətin, tarixi əhəmiyyətli dönəmdə, bütün Azərbaycan xalqının ümid və arzularını doğrultmaq üçün, Azərbaycan dövlətinin dünya coğrafiyasında, dünya siyasi xəritəsində, dünya diplomatiyasında öz yerini möhkəmləndirmək işlərinin ağır yüklərini çiyninizdə daşıdığınız bir zamanda bizi, Azərbaycandan kənarda yaşayan Azərbaycan diasporunu da diqqətdə saxlayırsınız. Diaspora qayğı, dəstək göstərməklə ana Vətənimizin heç də uzaqda olmadığını, hansı ölkədə yaşamağımızdan asılı olmayaraq Azərbaycan dövlətinin Azərbaycan diasporunun yanında olduğunu hiss etdirirsiniz. Xalqımıza, dövlətimizə xidmət etmək hər birimizin şərəfli borcumuzdur. Mən bundan sonra da mənə göstərilən bu şərəfli diqqəti doğrultmaq üçün bütün gücümlə, bacarığımla çalışacağam. Doğma Vətənimiz Azərbaycanı yaşadığım İsveç Krallığında böyük başucalığı ilə təmsil edəcəyəm. Mənə göstərilən etimadı doğrultmaq üçün bundan sonra da milli mənafelərimizi hər şeydən üstün tutaraq birliyimizə, həmrəyliyimizə xidmət edəcəyəm.

Daha çox xəbərlər