Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB
Dərman qiymətlərinin süni şəkildə artırılması ilə bağlı nəzarət tədbirləri davam etdiyi bir vaxtda Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin “Zeytun Pharmaceuticals” MMC barəsində protokol tərtib etməsi apteklərdə qiymət şəffaflığı məsələsini yenidən gündəmə gətirib.
Belə ki, şirkət “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4.7. maddəsini pozub. “Zeytun Pharmaceuticals” MMC dərman vasitəsini Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş pərakəndə satış qiymətinin yuxarı həddindən baha satıb. Bir müddət əvvəl əməkdaşımızın paytaxtdakı “Buta” apteklərindən birində apardığı müşahidə zamanı da dərman və digər məhsulların əksəriyyətinin üzərində qiymət etiketlərinin olmadığı müəyyən edilmişdi. Alıcılar bunun qiymətləri əvvəlcədən müqayisə etməyə imkan vermədiyini bildirərkən, aptek əməkdaşı qiymətlərin tez-tez dəyişdiyini və yoxlamalar zamanı uyğunsuzluq yaranmaması üçün etiket vurulmadığını söyləmişdi.
Bəs dərmanların təsdiq olunmuş qiymətdən baha satılması və qiymət etiketlərinin olmaması qanunvericilik baxımından hansı məsuliyyət yaradır? Əczaçının “qiymətlər tez-tez dəyişir” arqumenti qanuni əsas sayıla bilərmi?

Vəkil Ramil Süleymanov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Azərbaycan ərazisində dərman vasitələrinin qiymətləri ciddi şəkildə nəzarətdədir. Ölkəyə idxal olunan dərmanların qiymətləri birbaşa Tarif Şurası tərəfindən müəyyən olunmuş qiymətlərə uyğun olaraq tənzimlənir. Vətəndaşların hüquqlarının qorunması və şəffaflığın təmin edilməsi məqsədilə, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən, hər bir dərman qutusunun üzərində onun qiyməti mütləq qeyd olunmalıdır. Bu qiymət qutunun üzərinə ya mətbəə qaydasında birbaşa vurulmalı, ya da xüsusi etiketlər vasitəsilə qeyd edilməlidir. Satış qiyməti Tarif Şurasının müəyyən etdiyi qiymətdən yuxarı ola bilməz”.
Vəkilin sözlərinə görə, bu qaydaları pozan şəxslər qanunvericiliyə əsasən məsuliyyət daşıyırlar: . Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.3-cü maddəsinə əsasən, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin müəyyən edilmiş qiymətlərdən daha baha satılmasına görə inzibati tənbeh tədbirləri nəzərdə tutulur. Belə ki, bu qaydanı pozan vəzifəli şəxslər 1 000 manatdan 1 500 manata qədər, hüquqi şəxslər isə 3 000 manatdan 5 000 manata qədər məbləğdə cərimə oluna bilərlər”.
Dərman qiymətlərinin tənzimlənməsi ölkələrə görə fərqlənsə də, əksər dövlətlərdə əsas məqsəd istehlakçının qiymət manipulyasiyası ilə üzləşməsinin qarşısını almaqdır. Məsələn, Türkiyədə dərmanların qiymətləri dövlət tərəfindən müəyyən edilir və apteklər həmin qiymətlərdən kənara çıxa bilmirlər. Əczaçılar dərmanları rəsmi qiymətlə satmağa borcludurlar və qiymət pozuntuları inzibati məsuliyyət yaradır. Fransa və İtaliya kimi Avropa ölkələrində də reseptlə satılan dərmanların qiymətləri dövlət və ya sığorta sistemi ilə tənzimlənir. Apteklər müəyyən edilmiş tariflərə riayət etməli, istehlakçı isə məhsulun qiyməti barədə əvvəlcədən məlumat əldə edə bilməlidir. Almaniyada reseptlə satılan dərmanlar üçün vahid qiymət sistemi tətbiq olunur. Bu qayda ölkə üzrə bütün apteklərdə eyni dərmanın eyni qiymətə satılmasını təmin etməyə xidmət edir. Reseptsiz satılan bəzi preparatlarda isə qiymətlər sərbəst formalaşdırıla bilər.
ABŞ-da isə yanaşma fərqlidir. Burada dərmanların əksəriyyətinin qiyməti dövlət tərəfindən tənzimlənmir və istehsalçılar, distribütorlar, apteklər, eləcə də sığorta şirkətləri arasında formalaşır. Nəticədə eyni preparat müxtəlif aptek şəbəkələrində fərqli qiymətə təklif oluna bilər. Bununla belə, son illərdə reseptli dərmanların qiymətlərinin aşağı salınması və şəffaflığın artırılması istiqamətində bir sıra qanunvericilik dəyişiklikləri həyata keçirilir.
Ekspertlər qeyd edirlər ki, hansı model tətbiq olunmasından asılı olmayaraq, inkişaf etmiş ölkələrin əksəriyyətində dərman qiymətlərinin istehlakçı üçün açıq şəkildə göstərilməsi əsas prinsiplərdən biri hesab olunmalıdır. Bu, alıcının seçim etmək, qiymətləri müqayisə etmək və hüquqlarını müdafiə etmək imkanlarını artırır.