Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama
Məlum olduğu kimi son günlər Azərbaycanda, xüsusilə Xəzəryanı bölgələrdə, paytaxt yaxınlığındakı çimərliklərdə invaziv çəyirtkələrin yayılması ilə bağlı narahatlıqlar artıb. Sosial şəbəkələrdə müxtəlif yaşayış məntəqələrində kütləvi şəkildə görünən çəyirtkələrin görüntüləri geniş müzakirələrə səbəb olub. Mütəxəssislər isə bildirirlər ki, ölkədə qeydə alınan növlər klassik “səhra çəyirtkəsi” deyil, əsasən miqrasiya edən invaziv növlərdir.
Musavat.com bildirir ki, AQTA ölkə üçün xarakterik olmayan çəyitkə sürüləri ilə bağlı monitotinq aparıb. Qurumun laboratoriya analizlərinə əsasən, ölkədə Şərq qozbel çəyirtkəsi, kiçik xaçlı çəyirtkə və barbar çəyirtkəsi müəyyən edilib. Qeyd olunub ki, bu növlər Azərbaycan faunası üçün xarakterik hesab olunmur və onların əsasən Qazaxıstan və Rusiyanın cənub bölgələrindən hava axınları və təbii miqrasiya yolu ilə ölkəyə gəldiyi ehtimal edilir.
Həmçinin qeyd olunub ki, hazırda AQTA, Kənd Təsərrüfatı Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən birgə monitorinqlər davam etdirilir. Məqsəd zərərvericilərin populyasiya sıxlığını nəzarətdə saxlamaq, onların kənd təsərrüfatına vuracağı zərəri minimuma endirmək və digər ərazilərə yayılmasının qarşısını almaqdır.
Bəs adı çəkilən çəyirtkə növləri nə dərəcədə zərərlidir və onların kütləvi yayılması hansı fəsadlara səbəb ola bilər?
Araşdırmalara görə bu çəyirtkələr əsasən taxıl sahələri, otlaqlar, yem bitkiləri, günəbaxan, qarğıdalı, yonca, tərəvəz və digər yaşıl bitkilərlə qidalanırlar. Populyasiyaları artdığı halda yarpaqları, cavan zoğları və bitkilərin yaşıl hissələrini qısa müddətdə məhv edə bilirlər.
Xüsusilə barbar çəyirtkəsi sürü halında yayıldıqda geniş əkin sahələrində məhsuldarlığın azalmasına, otlaq sahələrinin seyrəkləşməsinə və fermerlər üçün iqtisadi itkilərə səbəb ola bilər.
Şərq qozbel çəyirtkəsi əsasən otlaq və çəmənliklərdə yayılır, lakin qida çatışmazlığı zamanı əkin sahələrinə də keçə bilir.
Kiçik xaçlı çəyirtkə isə daha çox dənli bitkilər, tərəvəz sahələri və müxtəlif yabanı otlarla qidalanır. Hər üç növün kütləvi çoxalması kənd təsərrüfatı üçün risk yaratsa da, onların insan sağlamlığı üçün təhlükəli olmadığı, insanları sancmadığı və yoluxucu xəstəlik yaymadığı bildirilir.
Mütəxəssislərin sözlərinə görə, bu növlərin sayının artmasına isti və quraq hava şəraiti, əlverişli iqlim, eləcə də küləklər vasitəsilə uzun məsafələrə daşınmaları təsir göstərir. Buna görə də son günlər onların xüsusilə sahilyanı ərazilərdə və açıq əkin sahələrində daha çox müşahidə olunması diqqət çəkir.