Şuşamız tezliklə regionun ən gözəl məkanlarından birinə çevriləcək
Azərbaycan Prezidenti, Müzəfər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Şuşa şəhərinə səfər ediblər. Dövlətimizin başçısı və Birinci vitse-prezident Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlqoymasında iştirak ediblər. Prezident İlham Əliyevin Şuşaya səfəri bütün dünyaya, o cümlədən torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlamış ermənilərə mühüm mesajdır.
ARANTV.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
F.Yıldırım bildirib ki, vaxtilə ümummilli lider Heydər Əliyev “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyirdi. Bu gün dövlətimizin başçısı bu müqəddəs torpağa ayaq basmaqla Ulu Öndərimizin ruhunu şad etdi. Prezident İlham Əliyev hər zaman çıxışlarında bildirmişdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Bu, çox önəmli bir mesaj idi və bu gün biz buna nail olmuşuq. Biz, eyni zamanda, Şuşanın yenidən təkcə Azərbaycanın yox, Qafqazın incisinə çevirəcəyimizin mesajını dünyaya veririk.
Deputatın sözlərinə görə, Şuşa əsrlər boyu qədim mədəniyyətin beşiyi, Qarabağın incisi olub. Təsadüfi deyil ki, Şuşanı “Şərqin konservatoriyası” adlandırırlar. Bu müqəddəs torpaq Azərbaycana bir çox görkəmli sənətkarlar, mədəniyyət, incəsət xadimləri, pedaqoqlar, alimlər bəxş edib. Şuşa həm də mərdlik, cəsarət, hünər, qəhrəmanlıq rəmzidir. Bu səfər zamanı dahi bəstəkarımız Üzeyir Hacıbəylinin, korifey sənətkarımız Bülbülün və xan qızı Natəvanın abidələri bərpa olundu. Vaxtilə işğal altına olan bu abidələr düşmən gülləsi ilə dəlik-dəlik edilmişdi. Bu abidələr Bakıya gətirələrək xarici qonaqlara nümayiş etdirilirdi ki, onlar erməni vandalizmini görsünlər. Bu gün isə həmin abidələr məxsus olduğu Şuşaya qaytarıldı. Əminəm ki, dahi Üzeyirin, Bülbülün, xan qızı Natəvanın ruhları şaddır.
“Artıq Şuşanın bərpası prosesinə başlanılıb. Bir şuşalı kimi inanıram ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban Əliyevanın rəhbərliyi ilə doğma Şuşamız tezliklə öz əvvəlki şöhrətini qaytaracaq, regionun, dünyanın ən gözəl məkanlarından birinə çevriləcək. Yenə İsa bulağı, Cıdır düzü öz məclisləri ilə göz oxşayacaq, Şuşa şairlərimizin, yazıçılarımızın ədəbi-bədii tədbirlərinin keçirildiyi məkana çevriləcək. Prezidentin də vurğuladığı kimi, əziz Şuşa, biz səni dirçəldəcəyik!”,-deyə Fatma Yıldırım vurğulayıb.

