Ekologiya İdarəsi Beyləqanda QHT-lərlə dəyirmi masa keçirib
Səsləndirilən əsas fikirlər inzibati cəza metodlarının sərtləşdirilməsi və əhalinin maarifləndirilməsinin paralel aparılması olub.
ARANTV.AZ xəbər verir ki, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Beyləqan şəhərində yerli QHT və ictimai fəallarla birgə dəyirmi masa təşkil edib.
Tədbiri giriş sözü ilə açan 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri İsrafil Paşayev bildirib ki, bərk məişət tullantılarının idarəolunmasının təkmilləşdirilməsi barədə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Milli Strategiya təsdiq edib. “ Bu strateji plana əsasən bizim , xüsusilə bələdiyyələrin üzərinə böyük məsuliyyət düşür.Buna görə də bələdiyyə üzvlərinin bilik və bacarıqlarının artırılmasına ehtiyyac var.”
“ Bərk məişət tullantılarının idarəolunmasında bölgələrdəki vəziyyət heç də ürəkaçan deyil. Bu mənada ölkə başçısının “ Bərk məişət tullantılarının idarəolunmasının təkmilləşdirilməsinə dair Milli Strategiyanı” təsdiq etməsi yeni mərhələnin başlandığını göstərir. Bakı və Bakıətrafı rayonlardan sonra məişət tullantılarının təkrar emalı üçün bölgələrdə də emal müəssisələri yaradılacaq. Bu addımların atılması isə həm ətraf mühitin çirklənməsinin qarşısını alacaq, həm də iqtisadi səmərələlik əldə olunacaq. Təkrar emal sayəsində təbii ehtiyyatlara qənaət olacaq. Sosial əhəmiyyəti isə yeni iş yerlərinin yaradılmasına xidmət edəcək”- İsrafil Paşayev belə deyib.
Azad İstehlakçılar Birliyinin Beyləqan rayonu üzrə nümayəndəsi Mehman Əliyev bildirib ki, məişət tullantılarının idarəolunmasında yaşadığı Beyləqan rayonunda müəyyən qədər problem mövcuddur.” Yaşadığım Əlinəzərli kəndində yolqırağı,hətta meşə massivi belə zibil tullantıları ilə çirklənməyə məruz qalır. Əvvəlcədən kənd sakinlərinə müraciət edərək dekabrın 5-də yeni çəkilən magistral yolun ətrafına atılan zibil tullantılarını toplamağa səslədim. Pampers, Hell içkiləri ilə ərazi çirkləndirilmişdi. Könüllülərimizin köməyi sayəsində 4 ton zibil topladıq.”
Mehman Əliyev kənd sakinlərinin iməciliyə cəlb etməkdə məqsədinin insanların məsuliyyət hissinin artırılması olduğunu bildirib: “ Orda əziyyət çəkən könüllülər zibil atan şəxslərə mane olacaqlar. Burda mənim zəhmətim var deyəcəklər. Belə tədbirlər tərbiyəvi əhəmiyyətə malik olur. Ona görədə davamlı olaraq bu kimi tədbirlər aparılmalıdır.”
“Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin sədri Zaur Quliyev isə ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması üçün inzibati metodların gücləndirilməsi, qanunların sərtləşdirilməsi, qanunu pozanların sərt şəkildə cəzalandırılmasının tərəfdarı olduğunu bildirib. Bundan sonra paralel olaraq ekoloji maarifləndirmənin vacib olduğunu vurğulayıb.
Daha sonra 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Beyləqan üzrə nümayəndələri , baş məsləhətçi İsmayıl Binnətov, aparıcı məsləhətçi Kazım Manafov və İdarənin baş məsləhətçisi Zahid Cavadov fikir və mülahizələrini masa iştirakçıları ilə bölüşüblər.
Musa Muradlı




