Siyasət 

Vaşinqton Bakını itirmək istəmirsə…

Entoni Blinken ABŞ dövlət katibi qismində əməkdaşlarının qarşısında ilk çıxışında onların qəlblərini riqqətə gətirməyə çalışıb.

“Amerika üçün, dünya üçün yeni gündür. Amerikanın liderliyi bütün dünyaya gərəkdir və biz bunu edəcəyik, çünki Birləşmiş Ştatların iştirak etdiyi təqdirdə qlobal problemlərin həlli mümkündür. Dünya indi diqqətlə bizi izləyir. İnsanlar liderlik edə biləcəyimzi və dövrümüzün çağırışlarına cavab verib-verməyəcəyimizi bilmək istəyirlər”.

Sonda Blinken təyinatından qürur duyduğunu dedi və əmin etdi ki, etimadı doğruldacaq.

Təbii, ifrat xudpəsəndlik və özündənrazılıq, ümumiyyətlə, Birləşmiş Ştatların siyasi ritorikasına xas məsələdir.

Dörd il əvvəl, 2016-cı ildə Hillari Klinton seçicilərlə görüşəndə ABŞ-ın dünya siyasətindəki rolunu elə tərifləmişdi ki, Blinkenin indiki nitqi soyuqqanlılıq etalonu sayıla bilər.

Fəqət demokrat siyasətçi olan Hillari bilirdi ki, amerikalıların seçkiqabağı rəğbətini qazanmağa çalışarkən homeopat olmamaq gərəkdir. Vaşinqtonda “gülümsəyən barrakuda” adlandırılan Klinton nə etdiyini bilirdi.

ABŞ-ın xarici siyasətində yeni fiqur olmayan prezidenti Cozef Baydenin administrasiyasının yürüdəcəyi xarici siyasət indi əsas müzakirə mövzularından biridir.

Dünya liderlərinin çoxu Baydenə bələddir və Tramp dönəmindəki “nabələdlik” sindromundan fərqli olaraq, Ağ Ev indi proqnozlaşdırıla bilən siyasət yürüdəcək.

Vaşinqton tərəfdaşları və müttəfiqləri ilə daha aktiv qarşılıqlı fəaliyyətə dönəcək, kəskin münaqişələri çözməyə çalışacaq.

Daha doğrusu, Cozef Bayden ölkəsini liderliyinə nail olmaq üçün instinktiv olaraq ənənəvi ikipartiyalı koalisiyadan yararlanmağa can atacaq. Respublikaçılar Barak Obama dönəmindən fərqli olaraq bir sıra məsələlərə daha sərt yanaşmanı tələb edəcəklər.

Məsələn, Çin və Rusiya ilə münasibətlərdə daha mütəşəkkil, daha strukturlu mövqe tutulması istəniləcək.

Bununla yanaşı, Co Bayden avropalılar üçün asan tərəfdaş olmayacaq. Avropa demokratiyaları Vaşinqtonun daha tələbkar yanaşmasına hazır olmalıdır, çünki Birləşmiş Ştatlar problemləri təkbaşına həll etmək niyyətində deyil.

Vaşinqton Avropa ilə bahəm, Cənubi Amerika, Asiya və Afrikadakı tərəfdaşlarını da işə qoşacaq. Bu baxımdan ABŞ-ın gələcək xarici siyasəti indikindən fərqli olaraq çoxmüstəvili təsir bağışlayacaq.

Əsas isə odur ki, Co Bayden özünü zəif lider kimi göstərməməyə çalışacaq.

Vaşinqtonun Tehranla bağlı siyasətinin yumşalacağını düşünmək əbəsdir. İrana qarşı illərdən bəri genişmiqyaslı və sərt sanksiyalar tətbiq edən Birləşmiş Ştatlar istəyinə qismən çatıb: İranın iqtisadiyyatı çox ağır vəziyyətdədir. Üstəlik, amerikalılar iranlıları nüvə tədqiqatları proqramı ilə bağlı məhdudiyyətləri kobud şəkildə pozmaqda suçlayırlar.

Ona görə də Vaşinqtonun indi yumşalması mütləq şəkildə onun geri çəkilməsi kimi anlaşılacaq. Tehrana illərdən bəri tətbiq edilərək inkişaf olunan təzyiqlər rıçaqlarının zəiflədilməsi müqabilində İrandan nə isə almayacaq amerikalılar uduzacaqlarını deyirlər. Üstəlik, Senatdakı respublikaçılar Bayden administrasiyasına “mülayim” İran siyasəti yürütməyə imkan verməyəcəklər.

Çinlə münasibətlərdə sürətli dəyişikliklər olmayacaq. Unutmayaq ki, Çini Honkonqun daxili işlərinə kobud müdaxilədə suçlayan Senat 100 səslə lehinə qanun qəbul etmişdi. Potomak sahillərində indi senatorlar heç bir qanun layihəsini belə yekdilliklə təsdiqləmirlər. Senatorların mövqeyi Bayden administrasiyasına Pekinə qarşı davranışda çeşidli variantlardan istifadə etmək imkanları yaradır.

Nəhayət, Azərbaycanla münasibətlərdə Bayden administrasiyasının daha real davranacağına ümid edirik. Tramp dönəmində Ermənistanla bağlı Vaşinqtonun aşkar favoritizm siyasətinin yanlış və naqis sonucları arasında ən başlıcası Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar yolu ilə tənzimlənməsinə yönəlmiş danışıqlarda Birləşmiş Ştatların süst mövqe tutması idi.

ATƏT-in Minsk Qrupunda həmsədr ölkə olan ABŞ daha aktiv davranmalı, aqressiv və işğalçı Ermənistanın qarşısını almalı idi.

44 günlük İkinci Qarabağ Savaşından sonra dəyişən geosiyasi konfiqruasiyalar və yeni reallıqlar Minsk Qrupunun həmsədr ölkələri ABŞ ilə Fransanı “oyundankənar vəziyyət”ə salıb.

Paris kimi, Vaşinqton da Ermənistanla Azərbaycana təsir rıçaqlarını bərpa etməyə çalışırlar və bu istiqamətdə cəhdlərini daha da aktivləşdirəcəklər.

Fəqət, Vaşinqton bilir ki, Ermənistandan fərqli olaraq, Azərbaycan indi şərtləri diqtə edir və Bakı ilə diqtə, təzyiq dili ilə danışmaq mümkün deyil.

Co Bayden administrasiyası Tramp idarəetməsinin yol verdiyi nöqsanları aradan qaldırmalı, Cənubi Qafqazda itirdiyi mövqeləri bərpa etməlidir.

Bu isə heç asan iş deyil.

Daha çox xəbərlər