Etimadı doğrultmaq, məsuliyyət, peşəkarlıq, ictimai rəyə hörmətlə yanaşmaq…
Bu keyfiyyətlərə sahib olan məmurlar ümumxalq hörməti qazanacaqlar
«Mən demişəm, bir daha demək istəyirəm ki, tariximizin həqiqətə uyğun olması ilə bağlı bizim alimlər, bizim mütəxəssislər gərək dolğun məluma0t versinlər, tariximizi malalamasınlar. Bizə saxta tarix lazım deyil. Sovet dövründə nə qədər saxta tarixlə üzləşmişdik. Bizim qəhrəmanlarımız düşmən kimi göstərilirdi. Xalqımızın düşmənləri, qaniçənlər qəhrəman kimi göstərilirdi.» Prezident İlham Əliyevin bu sözləri təkcə tarixçilərin deyil, harada işləməsindən asılı olmayaraq hər bir vətəndaşın vəzifəsinə dövlətçilik və xalqımızın maraqları baxımından məsuliyyətlə yanaşmasını tələb edən tövsiyəsidir. Prezident İlham Əliyevin Qarabağ Dirçəliş Fondunun, işğaldan azad edilmiş ərazilərdə xüsusi nümayəndəliklərin yaradılması ilə bağlı fərmanlarının tətbiqində də əsas məqsəd təcrübəli kadrların quruculuq, bərpa işlərinə cəlb olunmasıdır. Bacarıqlı, işinin öhdəsindən gəlmək qabiliyyətində olan mütəxəssislərə etimad göstərilməsi son illərdə ölkədə aparılan kadr islahatlarının davamıdır. Ölkədə genişmiqyaslı quruculuq işlərinin, infrastruktur layihələrinin həyata keçirildiyi, işğaldan azad olunan ərazilərdə bərpa işlərinə başlanıldığı bir məqamda vətəndaş məsuliyyətinə diqqətin artırılması, tapşırılan sahəyə nəzarət edəcək kadrların etimadı doğrultması daha aktualdır. Şuşa rayonuna Prezidentin xüsusi nümayəndəsi təyin olunan Aydın Kərimovu videoformatda qəbul edərkən qarşıdakı vəzifələrin böyük məsuliyyət, işgüzarlıq, diqqət, zəngin təcrübə tələb etdiyini bildirən cənab İlham Əliyevin vurğuladığı kimi ölkə vətəndaşları, beynəlxalq ictimaiyyət bərpa işlərinin gedişi ilə maraqlandığı üçün obyektivlik, peşəkarlıq, qiymətləndirmə prosesində təcrübə böyük əhəmiyyət daşıyır. Ona görə də etimad göstərilən kadrlar infrastruktur layihələrinin icrasına, şəhərsalma qaydalarına nəzarət etməli, bütün işlərin ictimai rəy əsasında tətbiqinə diqqətlə yanaşılmalıdır.
Təcrübəli kadr potensialının nəyə qadir olduğunu, mütəxəssis hazırlığının böyük əhəmiyyət daşıdığını Vətən müharibəsi dövründə də hiss etdik. Azərbaycan Ordusunun döyüş taktikası və strategiyasının beynəlxalq səviyyədə öyrənilməsi ilə bağlı ekspert rəyləri, açıqlamaları təsadüfi deyil. Adi bir misala diqqət yetirək. Ermənistan tərəfindən inşa edilmiş istehkamları dağıtmaq, Şuşanın işğaldan azad olunması üçün qoşqonmaz qayaları aşmaq üçün təcrübə, məharət, işinə məsuliyyətlə yanaşmaq, şəxsi heyəti ən çətin şəraitdə mübarizəyə hazırlamaq böyük təcrübə, məharət tələb edirdi. Milli Ordumuzun rəşadətli əsgərləri çətin maneələri uğurla keçərək düşməni məğlub etdilər.
Hazırda daha çox qurucu, yaradıcı, təşəbbüskar kadrlara, gənc mütəxəssislərə ehtiyac vardır. İşğaldan azad olunmuş torpaqlarda başlayan bərpa işlərinə nəzarətin böyük məsuliyyət tələb etdiyi, müasir şəhərsalma qaydalarına uyğun infrastruktur layihələrinin icra olunduğu indiki mərhələdə əsas məsələ erməni vandallarının dağıtdığı əraziləri dirçəltmək, müasirləşdirmək, bölgələrimizdə əvvəlki canlanmanı təmin etməkdir. «Axı, infrastruktur olmasa, orada insan necə yaşayacaq? Su yox, işıq yox, yol yoxdursa, necə yaşaya bilər? Ondan sonra evlər tikilməlidir. Mən göstəriş vermişəm, artıq bizim qurumlar işləyirlər, bütün şəhərlərin baş planları hazırlanır, özü də elə-belə yox – «ağıllı şəhər» konsepsiyası, «ağıllı kənd» konsepsiyası» söyləyən dövlət başçımızın vurğuladığı kimi, buna nail olmaq, bölgələrin simasını dəyişəcək, yeniləşdirəcək layihələri hazırlamaq, həyatda tətbiq etmək üçün də bacarıqlı kadrlar lazımdır.
Bu məsələ Prezident İlham Əliyevin imzaladığı «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» adlı sənəddə də əksini tapır. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin olunması üçün mütəxəssislərin iştirakı ilə həyata keçiriləcək beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpası ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin inkişafına əhəmiyyətli təkan verəcəkdir. Belə mühüm layihələrin reallaşmasında təcrübəli mütəxəssislərin iştirakı üçün kadr potensialının formalaşması ölkəmizin beynəlxalq səviyyədə mövqeyini də möhkəmləndirir.
İlk mərhələ kimi işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsizliyi təmin edilməli, ölkənin ən abad guşələrindən birinə çevrilməlidir. Bu günlərdə yeni yaradılan Mina Təmizləmə Agentliyinin İdarə Heyətinin Sədri Vüqar Süleymanovu videoformatda qəbul edən Prezident İlham Əliyev bildirmişdir ki, müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır: « Agentliyin qarşısında böyük vəzifələr durur. İlk növbədə, işin düzgün təşkil edilməsi məsələsinə diqqət yetirməlisiniz. Təşkilatlanma işi düzgün həll edilməlidir. Yaradılan yeni agentlik dövlət agentliyidir. Əlbəttə ki, ilk növbədə, peşəkar kadrlar seçilib agentliyin işinə cəlb edilməlidir. Təbii ki, keçmiş ANAMA qurumunun kadrlarından istifadə edilməlidir, eyni zamanda, agentliyin say tərkibi də müəyyən olunmalıdır. Çünki azad edilmiş torpaqlarda işləri sürətlə, keyfiyyətlə qurmaq və aparmaq üçün əlbəttə ki, agentliyin daha da böyük işçi qüvvəsi olmalıdır. Bu, stimullar əsasında və dövlət-özəl tərəfdaşlığının inkişafı çərçivəsində həyata keçirilməlidir. Yalnız belə şəraitdə işğaldan azad olunan ərazilərin Azərbaycanın böyük gələcəyinə tam inteqrasiyasını təmin etmək mümkündür.» Prezident İlham Əliyevin tez-tez səsləndirdiyi bu tövsiyələr yüksək etimad göstərilmiş məmurların gündəlik iş prinsipi olmalıdır: «Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər. Mən dövlət məmurlarının davranış normaları ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm və bir daha demək istəyirəm. Hər bir dövlət məmurunu işə təyin edəndə verdiyim tapşırıqlar arasında bunlar da var ki, məmur təvazökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmamalıdır.»

