Əsas səhifə 

Azərbaycanın qeyri-enerji sektorunun inkişafı prioritet olacaq

Dövlətimizin başçısı İlham Əliyev  Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət nazirini qəbul edərkən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 7-ci toplantısının keçiriləcəyini önə çəkərək genişlənməkdə olan  əməkdaşlıq formatlarının əhəmiyyətindən bəhs etmişdir

Ölkəmizin  iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin  qazandırdığı uğurlar, investisiya axınının sürətləndirilməsinə açdığı  yol bugünümüzün reallıqlarında özünün aydın ifadəsini tapıb.  Artıq Azərbaycan regional əməkdaşlıqdan çıxaraq beynəlxalq əməkdaşlığın inkişafına davamlı töhfələr verir, dünyanın enerji xəritəsini yenidən dəyişir.  Artıq  çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin sonuncu tərkib hissəsi-TAP 2020-ci il dekabrın 31-də istismara verildi.  Dövlətimizin başçısı İlham Əliyevin  qeyd etidiyi kimi,  Cənub Qaz Dəhlizi ümumi maraqları əks etdirən layihədir, 1994-cü ildə  təməli qoyulan enerji strategiyasının tərkib hissəsidir.

Təhlillər bu reallığa işıq salır ki,  dövlətimizin enerji siyasəti əməkdaşlığa və milli maraqlarımıza əsaslanır. Ölkə Prezidenti İlham Əliyev bu günlərdə ölkəmizdə səfərdə olan Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonu qəbul edərkən «Azərbaycanda qaz hasilatı ilə bağlı yeni hadisələri və keçən ilin dekabrında tamamlanmış infrastrukturu nəzərə alaraq bizim qarşımızda indi yeni imkanlar var» söyləyərək  BP tərəfindən istismar olunan yataqlarda yeni mənbələrin kəşf ediləcəyinə əminliyini ifadə etmişdir. Qeyd edilmişdir ki, bunun üçün  yaxşı perspektivlərimiz var. Bu,  ikitərəfli əlaqələrimizin, həmçinin digər ölkələrlə olan əməkdaşlığımızın mühüm hissəsidir. Diqqəti  Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində keçiriləcək nazirlərin  yeddinci iclasına yönəldən cənab İlham Əliyev qeyd etmişdir ki, toplantıda  nailiyyətlər nəzərdən keçiriləcək və gələcək əməkdaşlığa ümid bəslənilir: «Əlbəttə ki, Birləşmiş Krallıqdan Azərbaycana qoyulan investisiyalar bizə ölkəni müasirləşdirməyə çox kömək edib. Bu investisiyalar əsasən enerji sektoruna yatırılmışdır – demək olar ki, 30 milyard dollardır. Bu, bizə iqtisadiyyatı şaxələndirmək üçün neft-qaz satışından əldə olunmuş gəlirlərdən müvafiq şəkildə istifadə etmək imkanını vermişdir. Ona görə də mən əminəm ki, qarşıdakı illərdə bizim diqqətimizi cəmləşdirəcəyimiz əsas sahə Azərbaycanın qeyri-enerji sektorunun inkişafı olacaq.»

Gerçəkləşdirdiyi  layihələrlə dövlətlər, xalqlar arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə davamlı töhfələr verən Azərbaycan, eyni zamanda, iqtisadi qüdrətini, maliyyə imkanlarını artırmaqla dünya miqyasında aparıcı mövqeyini möhkəmləndirir.  Dövlətimizin başçısı daim   bu inamı  ifadə edir ki, gələcəkdə iqtisadiyyatın  daha da şaxələndirilməsi, iqtisadi islahatların davam etdirilməsi ölkəmizin davamlı inkişafı üçün əlavə imkanlar yaradacaq və Azərbaycan qarşıdakı illərdə daha da güclü olacaq. İşğaldan azad edilmiş torpaqlarımızda quruculuq və bərpa işlərinin həyata keçirilməsi başa çatdıqdan sonra soydaşlarımızın Böyük Qayıdışı bu ərazilərimizin malik olduğu potensialdan səmərli istifadələrini təmin edəcək ki, bu da öz növbəsində iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsi deməkdir.

Ənənəvi keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısı bir ildə enerji sektorunda əldə edilən uğurların, müəyyənləşdirilən  perspektivlərin  təqdimatı olur.  Cənub Qaz Dəhlizinin  həyata keçirilməsində Məşvərət Şurasının çox vacib rol oynadığını diqqətə çatdıran dövlətimizin başçısı İlham Əliyev bildirir ki, çünki  hər il təkcə Bakıda görüşmürük.  İl ərzində çoxsaylı görüşlər, məsləhətləşmələr keçirilir və layihəni irəliyə aparmaq üçün vacib qərarlar verilir.   Azərbaycan bu müddət ərzində təkcə təchizatçı deyil, həm də tranzit ölkəyə çevrilib.  Bu, həmçinin Azərbaycanın nəqliyyat sektorunun sürətli inkişafını stimullaşdırıb. Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, Azərbaycan dəmir yollarının səmərəliliyinə görə dünyada 12-ci,  hava yollarının səmərəliliyinə görə    11-ci, yolların keyfiyyətinə görə   27-ci, infrastrukturun keyfiyyətinə görə isə 34-cü yerdədir. Azərbaycan hazırda Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında iştirak edən və fəal investisiya yatıran yeganə ölkədir.

1994-cü ildən bu günə qədər həyata keçirilən enerji layihələrinin xronologiyasına diqqət yetirək.   2006 və 2007-ci illərdə çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi Azərbaycanı regional əməkdaşlığın aparıcı qüvvəsinə çevirdi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu nəhəng layihələr sayəsində şirkətlər daha çox sərmayə qoymaq və daha çox neft çıxarmaq imkanı əldə etdilər.  Azərbaycan neft ehtiyatlarının nəqli baxımından vacib tranzit ölkə kimi  regionda rolunu artırır. Məhz bu uğurlara söykənərək, Cənub Qaz Dəhlizi görülən işlərin zirvəsi kimi dəyərləndirildi.  2012-ci ildə Azərbaycan və Türkiyə TANAP layihəsi ilə bağlı müqavilə imzaladı və bu, Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsi idi. Bir il sonra, 2013-cü ildə “Şahdəniz-2” layihəsi üzrə sərmayə qərarı qəbul edildi və elə həmin ildə Trans-Adriatik boru kəməri (TAP)  TANAP-ın davamı olaraq seçildi. Dövlətimizin başçısı bildirir ki, biz tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik. Vahid komanda şəklində çalışmaqla  uğurlardan bəhs edə bilərik.”

2018-ci ildə  Cənub Qaz Dəhlizinin rəsmi açılışı, TANAP-ın istifadəyə verilməsi səylərin birləşdirilməsi fonunda hədəflərə yüksək səviyyədə nail olmağa, əməkdaşlığın coğrafiyasının genişləndirilməsinə bir daha işıq saldı. 2019-cu ildə Türkiyənin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılışı oldu. Qeyd etdiyimiz kimi, ötən ilin dekabrında  TAP istifadəyə verildi.

Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir. Enerji resurslarının şaxələndirilməsi istehsalçı, istehlakçı və tranzit ölkələr üçün çox vacibdir. Ölkə Prezidenti İlham Əliyev  bu məqamı da xüsusi qeyd edir ki, maraqların balansı bu layihənin uğurunu şərtləndirir: “Çünki biz bir-birimizin ehtiyac və narahatlıqlarını anlamağa çalışırıq. Çalışmışıq ki, bir-birimizi dəstəkləyək, zənnimcə, bu işdə uğurlu olmuşuq və belə toplantıların əhəmiyyəti olduqca böyükdür.”

Bu fakt da inkaredilməzdir ki, enerji təhlükəsizliyi olmadan milli təhlükəsizliyin təmin edilməsi çətinləşir. Enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz bir hissəsidir. Dövlətimizin başçısı  bildirir ki, neft və qaz layihələrindən danışarkən  həmişə enerji təhlükəsizliyindən danışırıq. Azərbaycan özünün, həmçinin regionun və dünyanın enerji təhlükəsizliyini təmin edən ölkədir. Enerji resurslarının şaxələndirilməsi ən vacib məsələlərdən biridir. “Bizim nümunəmizdə isə mənbələrin və marşrutların şaxələndirilməsindən söhbət gedir” söyləyən cənab İlham Əliyev qeyd edir ki,  uğurumuzun əsas səbəblərindən biri maraqların balansıdır – hasilatçılar, tranzit ölkələr və istehlakçılar arasındakı balans: “Əminəm ki, aramızdakı bu müsbət əməkdaşlıq formatı davam edəcək.”

Əməkdaşlığın coğrafiyasını genişləndirərək çoxtərəfli əməkdaşlığa xüsusi önəm verən Azərbaycan hər dəfə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına ev sahibliyi etməklə regionda və dünyada, eyni zamanda, gerçəkləşdirilən layihələrdə  aparıcı rolunu nümayiş etdirir. Azərbaycan, həmçinin  gerçəkləşdirdiyi layihələrlə  investisiya cəlbediciliyini qorumaqdadır.   Təbii ki, bunu şərtləndirən əsas amillər sabitlik, əlverişli investisiya mühitinin mövcudluğu, eyni zamanda,  Azərbaycanın təkmil sosial-iqtisadi islahatlar əsasında iqtisadi qüdrətini artırmaqla  maliyyə imkanlarını genişləndirməsidir.  Son 17 ildə ölkə iqtisadiyyatına 270 milyard dollardan artıq  sərmayə qoyulub. Bu sərmayələrin təxminən yarısı xarici investisiyalardır.  Bu da ondan irəli gəlir ki, xarici investorlar qoyduqları sərmayələrin təhlükəsizliyinə tam əmindirlər. Sərmayələrin cəlb olunmasında təbliğat işinin lazımi səviyyədə qurulması vacib amil kimi önə çəkir. “Əlbəttə ki, Azərbaycanın uğurlu enerji inkişafı bizə özümüzü dünyaya etibarlı ölkə, etibarlı tərəfdaş, xarici investisiyaları 100 faiz qoruyan ölkə kimi təqdim etməyə imkan verib… Bu, etimad yaradır. Bu, həmçinin bizə digər sektorlara milyardlarla investisiya cəlb etməyə imkan verib” söyləyən cənab İlham Əliyev bir əsas məqamı da qeyd edir ki, investisiyaların həcminin artırılması iqtisadiyyatımızı şaxələndirməyə, islahatları uğurla həyata keçirməyə, yaxşı biznes mühiti yaratmağa imkan verir. Azərbaycan bu gün Dünya Bankının hesabatında 10 ən  islahatçı ölkələrdən biridir. Dünya, o cümlədən ölkəmiz koronavirus infeksiyası ilə mübarizə apardığı hazırkı dövrdə dünya ölkələrinin iqtisadiyyatında durğunluq yaşansa da Azərbaycanın təkmil təcrübəsi  yaranan çətinlikləri aradan qaldırmağa geniş imkanlar açdı. Ölkəmizin digər sahələr kimi. enerji sektorunda da  əldə etdiyi uğurlar davamlılığı ilə diqqət çəkir.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əksini tapan əsas müddəalardan biri  2013-2020-ci illərdə ÜDM-ni iki dəfə artırmaq idi. Qarşıya qoyulan hədəfə çatmaq üçün  neft-qaz gəlirlərindən  istifadə olunması mexanizmi daha da təkmilləşdirildi.  Neft amilindən istifadə olunmaqla qeyri-neft sektorunun inkişafına xidmət edən və müasir tələblərə cavab verən istehsal, sosial  və bazar strukturu şəbəkəsi yeniləşdirilir.  Yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin  keyfiyyətcə müasir səviyyədə qurulması və yeni istehsal obyektlərinin  yaradılması istiqamətində daha səmərəli metodlar tətbiq olunur. Məhz bu uğurlu addımların nəticəsi olaraq ötən il ənənəvi keçirilən Davos Dünya İqtisadi Forumu çərçivəsində  Azərbaycanla qurum arasında Bakıda “Davos Dördüncü Sənaye İnqilabı Mərkəzinin yaradılması haqqında niyyət protokolu” imzalanmışdı. Bu, Qafqaz və Mərkəzi Asiyanı əhatə edəcək regional mərkəzdir.

Azərbaycanın enerji siyasətinin uğurları öz növbəsində ölkəmizə diqqət və marağı artırır, yeni əməkdaşlıq formatlarının yaranmasına, Anlaşma memorandumlarının imzalanmasına yol açır. 2018-ci ildə dövlətimizin başçısı İlham Əliyevin Belçikaya səfəri zamanı Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” adlı sənəd imzalanmışdır ki, burada əksini tapan əsas müddəalardan biri Cənub Qaz Dəhlizinin rəsmi açılışından sonra ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təminatında rolunun daha da artmasıdır.  Dövlətimizin  başçısı İlham Əliyev hər bir çıxışında   «Əməkdaşlığımızın  vacib elementi, əlbəttə ki, səylərimizin əlaqələndirilməsidir» fikri ilə bu günün əsas çağırışlarından birini diqqətə çatdırmış olur. Gerçəkləşdirilən layihələr Azərbaycana  investisiya axınını sürətləndirir, növbəti layihənin gündəmə gətirilməsini şərtləndirir.  Dövlətimizin başçısı İlham Əliyevin ötən il Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 6-cı iclasında söylədiyi  “Hamınızı gələn ilin fevralında qonağımız olaraq buraya dəvət etmək istəyirəm. Çünki hesab edirəm ki, TAP-ın tikintisinin tamamlanması bizim komanda işimizin sonu demək deyil. Düşünürəm ki, gələn ilin fevral ayında burada – Bakıda bir çox məsələləri nəzərdən keçirmək lazımdır. Sonra da biz gələcək üçün strategiyamızı hazırlayacağıq» fikirləri bir daha Azərbaycanın əldə olunan uğurlarla kifayətlənmədiyinin, daim irəli baxdığının, ən əsası əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylərini artırdığının, ölkələr, xalqlar arasında körpü rolunu oynayan  yeni-yeni layihələrin gündəmə gətirilməsində və uğurlu icrasında  nə qədər maraqlı olduğunun təsdiqidir.

Daha çox xəbərlər