“Biz beynəlxalq miqyasda əsas tərəfdaşlarımızla, ilk növbədə, qonşu ölkələrlə ənənəvi münasibətimizi möhkəmləndirmişik”
ARANTV.AZ xəbər verir ki, yola salmağa hazırlaşdığımız il həqiqətən də, Azərbaycan xalqı və dövləti üçün bir sıra mühüm hadisələrlə yadda qaldı. Siyasi şərhçilər həmin hadisələri nəzərə alaraq 2019-cu ildə də uğurların davam etdirilməsi üçün münbit zəminin olduğunu bildirirlər. Xüsusilə, Azərbaycanın regional və beynəlxalq müstəvidə daha prinsipial addımlar atacağı və Cənubi Qafqaz regionunun lider dövləti statusunu bir qədər də gücləndirəcəyi tamamilə real görünür. Prezident İlham Əliyevin “Rossiya-24” kanalına müsahibəsində məhz Azərbaycanın bu il ərzində əldə etdiyi uğurlara, Rusiya ilə bugünkü əlaqələrin prioritetlərinə və ümumiyyətlə, 2019-cu ilin gözləntilərinə ətraflı toxunulur.
“Bütövlükdə, il ölkəmiz üçün uğurlu olub. Azərbaycan uğurla inkişaf edib. Biz beynəlxalq miqyasda əsas tərəfdaşlarımızla, ilk növbədə, qonşu ölkələrlə ənənəvi münasibətimizi möhkəmləndirmişik. Xəzər dənizinin hüquqi statusunun nizamlanması haqqında Konvensiya imzalanıb. Hesab edirəm ki, bu, Xəzəryanı ölkələri bir-birinə daha da yaxınlaşdıran tarixi sənəddir”. “Rossiya-24” telekanalına müsahibə verən Prezident İlham Əliyev eyni zamanda cari ilin ikitərəfli formatda fəal keçdiyini, beynəlxalq təşkilatlar daxilində Azərbaycan tərəfinin fəal iştirak etdiyini vurğulayıb. Məsələn, Qoşulmama Hərəkatının üzvü olan ölkələrin xarici işlər nazirləri səviyyəsində Bakıda beynəlxalq forum keçirilib. Qeyd edək ki, 2019-cu il sözügedən təşkilatın sammiti keçiriləcək və Azərbaycan bu iri beynəlxalq təşkilata rəhbərlik edəcək. Yola saldığmız ilin iqtisadi təhlükəsizlik məsələlərinə gəlincə, Azərbaycan iqtisadi islahatlara böyük əhəmiyyət verir. Dünya Bankının “Doing Business” hesablamalarına görə, bu il ərzində Azərbaycan 32 pillə irəliləyərək dünyada 25-ci yeri tutub. Bu, o deməkdir ki, biznesin asanlaşdırılması, şəffaflıq, sahibkarlığa dəstək istiqamətində aparılan islahatlar ciddi nəticələr verir, ölkənin investisiya reytinqi yüksəlir. Beləliklə, 2018-ci ildə əldə edilən iqtisadi uğurları qısaca belə dəyərləndirmək olar.
–10 milyard dollar investisiya cəlb edilib,
-inflyasiya 2 faizdən bir qədər çox olub,
-əhalinin gəlirləri 9 faizdən çox artıb,
-valyuta ehtiyatları xarici borcu 5 dəfədən artıq üstələyib,
-6 minə qədər məcburi köçkün ailəsi yeni evlər və mənzillərlə təmin olunub,
-təxminən 30 minə yaxın insan üçün kiçik şəhər tikilib.
Bəli, dünyada qeyri-stabil proseslər, siyasi münaqişələr, iqtisadi kataklizmlər davam etsə də, Azərbaycan 2018-ci il ərzində bir çox sahələrdə mühüm nəticələr əldə edib. Məsələn, qeyri-neft iqtisadiyyatı və qeyri-neft sənayesi daha çox diqqət ayrılan sahəyə çevrilir. Hazırda qeyri-neft sənayesində 9 faizdən çox artım var. Bu isə ilk növbədə, qeyri-neft sektoru, kiçik və orta sahibkarlıq, fermerlər üçün sərfəli şərait yaradılması üzrə həyata keçirilən sənayeləşdirmə proqramının nəticələridir. Şübhəsiz, ilin əlamətdar hadisələrindən biri kimi orbitə üçüncü peykin buraxılmasını da qeyd etmək olar. Dövlət başçısının xüsusi toxunduğu məsələlərdən biri də il ərzində Rusiya-Azərbaycan münasibətlərində baş verən tərəqqi, iki ölkə arasında həm siyasi, həm iqtisadi, həm də nəqliyyat-enerji sahələrində ciddi anlaşmaların əldə edilməsi oldu. Ümumiyyətlə isə, son illər Bakı-Moskva münasibətləri dinamik, sabit, davamlı olması ilə səciyyələnir. Bunu 2018-ci il ərzində Azərbaycan və Rusiya prezidentlərinin 6 dəfə görüşməsi faktı da təsdiq edir.
Azərbaycan Avropanın enerji təhlükəsizliyi sistemində mühüm çəkisi olan “Cənub Qaz Dəhlizi” layihəsini reallaşdırmaqda davam edir. Layihənin bütün seqmentlərinin istifadəyə verilməsindən sonra ölkəmiz Türkiyə, daha sonra isə Avropa bazarlarına daha böyük həcmdə qaz nəql etmək imkanı əldə edəcək. Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsi Avropa İttifaqı tərəfindən ciddi şəkildə dəstəklənir. Prezident İlham Əliyev müsahibədə xüsusi bildirdi ki, ittifaq üzvü olan bir neçə ölkə Məşvərət Şurası çərçivəsində hər zaman yüksək səviyyədə təmsil olunur. Azərbaycan enerji layihələrinin icrası baxımından biz heç bir maneə hiss etmir. Çünki, ölkəmizin əhəmiyyəti və rolu təkcə enerji bazarında deyil, bütövlükdə, geosiyasi planda artır. Əlbəttə, aparılan müstəqil siyasətə adekvat olaraq Azərbaycana bəzi təzyiqlər də var. Ancaq bu təzyiqlər enerji amilləri ilə əlaqədar deyil. Müəyyən dairələr ölkəmizi tamamilə yad olan hansısa avantüralara cəlb etməyə çalışırlar. Dövlət suverenlik, təhlükəsizlik, ölkə vətəndaşlarının təhlükəsizliyi məsələlərinə çox həssaslıqla yanaşır. Ona görə də Azərbaycanı hansısa beynəlxalq avantüralara cəlb etmək cəhdləri həmişə fiaskoya uğrayır.
Prezident İlham Əliyev müsahibədə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə də toxunub. Dövlət başçısı ümid edtiyini bildirib ki, gələn il sözügedən problemin həllində müsbət irəliləyişlər olacaq. Çünki, Ermənistanda baş verən hadisələr status-kvonun saxlanılması siyasətinin perspektivsizliyini əyani şəkildə göstərir. Məhz Azərbaycanın iqtisadiyyatını, enerji, nəqliyyat layihələrinin potensialını gücləndirmək üzrə siyasəti müəyyən dərəcədə Ermənistanda baş verənləri şərtləndirib. Ermənistan cəmiyyəti və hakim strukturlar başa düşməlidirlər ki, münaqişə yalnız ədalətli nizamlandıqdan, işğal olunmuş ərazilər azad olunduqdan sonra Ermənistan iqtisadiyyatı xeyli arta bilər. Əks təqdirdə, Ermənistanda ciddi sosial-iqtisadi dəyişikliklərin nəticələrini gözləmək çətin olacaq.
Müsahibənin sonunda Prezident İlham Əliyev bir daha bəyan edib ki, 2019-cu ildə Azərbaycan daha çox inkişaf edəcək. Həyata keçirilən islahatların artıq xeyli hissəsi özünü məhz 2019-cu ildə göstərəcək. Bu gün Azərbaycan iqtisadiyyatının transformasiyası prosesi başa çatmaqdadır. Bütün sosial proqramlar həyata keçiriləcək. Gələn il məcburi köçkünlər və qaçqınlar üçün 4 mindən çox mənzil, Ermənistanla Azərbaycan arasında müharibə zamanı həlak olanların ailələri üçün 800-dən çox mənzil istifadəyə vermək nəzərdə tutulur. 2019-cu ildə Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirmək üçün də mühüm addımlar atılacaq. Bu gün Şimal-Cənub və Şərq-Qərb layihələri ölkəmizdən keçir. Azərbaycan yeganə ölkədir ki, bu layihələrin hər ikisində iştirak edir. Bu da onun həm regional, həm də beynəlxalq mövqelərinin möhkəmlənməsində həlledici rol oynayacaq.

