“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
ARANTV.AZ xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönələn “Bizim həyət” layihəsi davam etdirilir. Layihə çərçivəsində Nərimanov rayonunda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib.
“Bizim həyət” layihəsi çərçivəsində Nərimanov rayonunda abadlaşdırılan həyət 1500-ə yaxın sakinin yaşadığı binaları əhatə edir. “Bizim həyət” layihəsinin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. 1,3 ha sahəsi olan həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti də nəzərə alınıb və bütün yaş qrupları üzrə uşaqlar üçün mini futbol və şahmat meydançaları, həmçinin velosiped yolu salınıb. Binaların fasadları və giriş hissələri də tam təmir olunub.
Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ədəd ağac və kol əkilib, yaşılıq zolağı salınıb, 6 söhbətgah və sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müşahidə kameraları quraşdırılıb. Həmçinin “Bizim həyət” layihəsi çərçivəsində ağacəkmə kampaniyası da keçirildi. Nərimanov rayonunda sakinlərin istifadəsinə verilən həyət layihə çərçivəsində abadlaşdırılan on ikinci həyətdir. Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

