Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən yeni yolun açılışı olub
ARANTV.AZ xəbər verir ki, dekabrın 28-də Böyük Şor gölünün üzərində inşa edilən və Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun açılışı olub. Prezident İlham Əliyev mərasimdə iştirak edib.
Prezident İlham Əliyev Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun açılışında iştirak etmək üçün bura gəldi. İNTERŞUM. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına layihənin texniki göstəriciləri barədə məlumat verdi. Qeyd edək ki, Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən, paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik yeni yolun tikintisi 2017-ci ilin yanvar və bu ilin may ayında Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən həyata keçirilib.Uzunluğu 2,7 kilometr olan yolun tikintisi yüksək keyfiyyətlə və sürətlə aparılaraq yekunlaşdırılıb. Böyük Şor gölünün üzərindən inşa edilən yol gölün iki hissəyə bölünməsi məqsədi ilə çəkilən 1570 metr uzunluğunda bəndin üzərindən keçir. Layihə çərçivəsində yeni yol 4 hərəkət zolaqlı olmaqla 1-ci texniki dərəcəyə uyğun inşa edilib. Layihə çərçivəsində yol boyu 16 yol nişanı quraşdırılıb. Yolun əvvəlində və sonunda uzunluqları 320 və 274 metr olan 2 tunel də inşa edilib. Tunellərin hərəkət hissəsinin eni 28 metrdir. Tikinti işləri çərçivəsində yeni yolun giriş və çıxış hissələrində qovşaqlar da tikilib. Yol üzərində müasir işıqlandırma sistemi qurulub, 4 avtobus dayanacağı quraşdırılıb.Qeyd edək ki,yeni avtomobil yolunun inşası ilə sürücülər həm Xırdalan-Binəqədi-Balaxanı avtomobil yoluna, həm də Ziya Bünyadov prospektinə rahat çıxış əldə edəcək. Belə ki, avtonəqliyyat vasitələri 20 Yanvar dairəsindən istifadə etmədən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolundan Xırdalan dairəsi ərazisindən Xırdalan, Masazır qəsəbələrinə, həmçinin Sumqayıt şəhəri və bu istiqamətinə yerləşən digər qəsəbələrə, bundan başqa Binəqədi, Mehdiabad, Digah, Fatmayı, Göradil, Pirşağı qəsəbələrinə rahat çıxış əldə edəcək. Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolundan Zabrat-Maştağa avtomobil yoluna çıxmaqla isə bu istiqamətdə yerləşən qəsəbələrə rahat gediş-gəliş təmin olunacaq. Bundan başqa həmin qəsəbələrin sakinlərinin Ziya Bünyadov prospektinə çıxmaqla şəhər mərkəzinə rahat və qısa yolla hərəkət etmək imkanı yaranacaq. Bununla da həm məsafə qısalacaq, həm vaxt itkisi azalacaq, xüsusi ilə də günün pik saatlarında istər Ziya Bünyadov prospektində, istərsə də Heydər Əliyev prospektinin “Koroğlu” metrostansiyası qarşısından keçən hissəsində müşahidə olunan nəqliyyat sıxlığı aradan qaldırılacaq.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin tərkib hissələrindən biri də müasir yol infrastrukturunun yaradılmasıdır. Son 15 ildə bu sahədə çox mühüm uğurlar əldə olunub və bu istiqamətdə layihələrin icrası davam etdirilir. Yol infrastrukturunun yenilənməsi ilə bağlı görülən işlər həm ölkə əhəmiyyətli yolları, həm də kənd yollarını əhatə edir. Bütün bu işlər bir daha sübut edir ki, ölkədə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşlarımızın rahatlığı və sosial vəziyyətinin yaxşılaşdırılması dayanır. Sonda xatirə şəkli çəkdirildi.

