Qaradağlıda yaşayan Ağdam ruhu
Gənc direktorun arzularını eşidirik: ”Əslində biz istiyərik ki, yeni binamız Ağdam şəhərində olsun.Torpaqlarımızın erməni işğalına son qoyulsun .Muzeyimizlə bir yerdə müqəddəs şəhərimizə qayıda bilək.”
ARANTV.AZ xəbər verir ki, yolumuz Qarabağın cəbhəboyu kəndlərinə doğrudu.Ağdamın rayon mərkəzinə çevrilən Quzanlı qəsəbəsi artıq bir şəhərdir.Prospekti,küçələri, çoxsaylı yeni inşa olunan binaları Quzanlını şəhər halına gətirib. Ağdam RİH-nin binası, yanında Ağsaqqallar evi, Heydər Əliyev Mərkəzi, YAP-nın mənzil qərargahı əzəmətli məkana çevirib buraları.Müasir məktəblər, Ağdam Musiqi kolleci, Ağdam Xalçaçılıq Mərkəzi, Ağdam Milli Olimpiya Kompleksi və bu günlərdə açılan Ağdam Muğam Mərkəzi.Belə böyük və yaraşıqlı ,arxitektura baxımından memarlıq incilərinə çevrilən bu binalardan yeni Ağdam şəhəri yaranıb.Kəndlərə doğru gedən yollarda hamar və rahatdır. Cəbhənin ön xəttinə doğru kəndlərə gedən yollar asfalt örtüklə işlənib. Kəndlərarası nəqliyyat vasitələrinin intensiv hərəkəti piyadalarıngediş-gəlişini asanlaşdırıb.Marşrutlardan istifadə edənlərin də göründüyü kimi sayı kifayət qədərdir.Quzanlıdan Qaradağlıya səfərimiz də bu baxımdan elə də çətin olmadı.Quzanlının mərkəzindəki dördyolda dayanmağımızla yüngül minik maşınlarının sahibləri qaçaraq bizə yaxınlaşırlar.Getdikləri kəndlərin adlarını deyirlər.Yolumuz onların marşrutuna uyğun olmadığından “ getmirəm” deməklə təkliflərindən imtina edirəm.Çəmənli lövhəsi daşıyan mikroavtobus dayanacağa gəlir.Sürücüdən Qaradağlını soruşanda ordan keçdiyini bildirir. Beləcə Qaradağlıya hərəkətə başlayırıq.Xındırıstan, Əhmədağalını keçirik.Sarıcalıda yolboyu kənd sakinləri arabaya qoşulmuş uzunqulağı yedəkliyib örüşə çəkir. Arabaya da qoşulmuş inək heyvanları ilə hərəkət edirlər.Beləcə kənd həyatı rəvan və sakitçiliklə davam edir.Çəmənlidə yolqırağı əzəmətli məscid və yanında ziyarətgah görünür. Ağdamlıların, qarabağlıların and yerinə çevrilən Seyid Lazım Ağanın ziyarətgahıdı.Mahrızlıda isə 1941-1945-ci il müharibəsinin şərəfinə ucaldılmış abidə kompleksi ilə qarşılaşırıq. Daş lövhə üzərində yazılan adlar var.Bunlar təbii ki, müharibədə həlak olan əsgərlərin adlarıdı.Əlində Kalaşnikov avtomatı tutmuş əsgər heykəli isə abidəni xüsusilə əzəmətli edib. Bəlkədə bu kəndin sakini olmuş Rahib Məmmədov və başqalarının qəhrəman ya şəhid kimi vətənpərvərlik ruhunda bu heykəlin də böyük rolu olub. Bir zamanlar buralarda tək əli avtomatlı kişi bu heykəl idisə, indi bu yerlərdə əsgərlərimiz vətən keşiyi çəkirlər. Müharibə uzaqlarda deyil,yaxınlarda,torpağımızda,yurdumuzda gedir. Faşistlərdən betər ermənilər Ağdamımız kimi gözəl şəhərimizi ələ keçirməklə yerlə,yeksan ediblər. Ağdam Tarix Diyarşünaslıq Muzeyini də bu səbəbdən rayonun Qaradağlı kəndində yerləşdiriblər.
Mahrızlıdan sonra Qaradağlıya yetişib, kənd mədəniyyət evinin qarşısında dayanırıq. Bina Sovet Hakimiyyəti illərində tikildiyi elə görünüşündəncə bəlli olur.Fasadda yazılan mədəniyyət evi sözləri də kiril əlifbasında işləndiyi kimi indi də durur. İlk müsahibimiz də mədəniyyət evinin müdiri Zənurə Mirzəyeva olur.Zənurə xanım Mədəniyyət Evinin tarixindən başlayır danışmağa:” Mədəniyyət Evinin inşasına 1952-ci ildə başlanılıb. 1956-cı ildə istifadəyə verilib. Hazırda binanın təmirə ehtiyyacı var.Mədəniyyət nazirliyinin 2019-cu ildə təmir- bərpa planına daxil edilib. Yeni ildə binanın təmir olunacağına ümid edirik.”
Mədəniyyət evinin 10 nəfərlik işçisi əhaliyə mədəni xidmət göstərir. İki dərnəyi var. Biri rəqs , digəri isə xor dərnəyidir. Zənurə Mirzəyevanın bildirdiyinə görə bina təmir olarsa, onlara işləmək üçün şərait yaradılarsa daha çox işlər görə bilərlər. Binanın səhnəsi, zalı bərbad olduğuna görə geniş tədbirlər təşkil edə bilmirlər.Cəbhənin bir neçə kilometrliyində mədəniyyət evlərinin , muzeyimizin yüksək əhval ruhiyyə ilə fəaliyyət göstərməsi bizi də sevindirir. Zənurə Mirzəyevanın üzündəki təbəssüm,gülüş, gözlərindəki parıltı cəbhə xəttindəki yaşayanların həyata nikbinliyi kimi də baxmaq olar. Onlar Azərbaycan əsgərinin, dövlətinin gücünə inanır, düşmən təcavüzündən qorxmurlar.
Ağdam Rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirovla muzeyin eksponatları arasında söhbət eləməli oluruq.” Muzey 1993-cü ildə Ağdam ermənilər tərəfindən alınanda tamam dağıdılmışdır. Ağdam muzeyindəm bir dənə də olsun eksponat gətirilməyib. 2001-ci ildə Qaradağlı kənd Mədəniyyət evinin binasında Ağdam Tarix Diyarşünaslıq Muzeyinin fəaliyyəti yenidən bərpa olunmuşdur.100 eksponatla fəaliyyətə başlayan muzeyin hal-hazırda 1200-ə yaxın eksponatı var. Muzeydə qorunub saxlanan eksponatlar rayonun kəndlərindən toplanıb. Rayonumuzun qədimliyini, zəngin tarixini, mədəniyyətini özündə əks etdirən eksponatlar muzeyimizdə qorunub saxlanılır.”
Muzeyə əsasən məktəblilər, azyaşlı uşaqlar, kənd sakinləri, kəndin qonaqları gəlirlər.Bu da tarixi keçmişimizin təbliği, öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Erməni işğalında qalan muzeyin eksponatlarından danışan Ülvi Qədirov bildirib ki, sonralarda həmin qədimi əşyaların taleyindən məlumat almaq mümkün olmayıb. Müsahibimizin sözlərinə görə həmin eksponatları ermənilər ya özününküləşdirib, ya da məhv ediblər. Muzey direktoru bunun özünü də ermənilərin xalqımıza qarşı apardığı soyqırım siyasətinin tərkib hissəsi kimi qiymətləndirib.
Ülvi Qədirov eksponatların yaşı haqqında danışır:” Buradakı eksponatların qədimliyinə görə yaşı I minilliyə,ondan əvvəlki Tunc dövrünə qədər gedib çıxır.Məişətdə yağ hazırlamaq üçün saxsı küplərin yaşı I minilliyə aid olunur. Tunc dövrünə aid qılınc, ox ucluqları, döyüş baltası, təbərzin var.”
“Eksponatlar əksər hallarda muzeyə vətəndaşlar tərəfindən verilir. Bəzən əkin sahələrində iş görən zamanı, ya da ev bünövrəsi qazarkən qədimi əşyalar, saxsı qablar, ya döyüşçü alətləri aşkar olunur ki, onu da muzeyə hədiyyə edirlər”- deyə Ülvi Qurbanov rayon sakinlərinin muzey eksponatlarının sayının artırılmasında rolunu yüksək qiymətləndirir.
Eksponatların toplanmağında muzey işçiləri kənd sakinləri, məktəblilərlə fərdi söhbətlər aparırlar ki, bu da ümumi işin xeyrinə olur. Bir çox hallarda evlərdə olan eksponatları könüllü , maddi qarşılıq istəmədən gətirib muzeyə təqdim edirlər.Hətta eksponatlar var ki, onları uzaq rayonlara getməklə, gətirib , muzey eksponatları sırasına daxil ediblər. Saxsı qab,cəhrə var ki, Kürdəmirə gedib , məskunlaşan ağdamlının evindən alıb gətiriblər. Ülvi Qədirovun dediyinə görə saxsı qab həyətdə su bulağının altındaymış.Ancaq bu gün muzey eksponatları sırasında mənəvi dəyərinə görə bu eksponatın dəyəri yoxdur.
Ağdam Tarix Diyarşünaslıq Muzeyinin eksponatları xalqımızın məişəti,qəhrəmanlığı, sənətkarlığı barədə geniş məlumatlar verə biləcək bir məkana çevrilib,artıq.Çürümüş tapançalar, saxsı bardaqlar, həvələr, cəhrələr,heyvanla çəkilən kotan, əmək qəhrəmanlarının şəkilləri,qədimi tərəzilər,Boyük vətən müharibəsi iştirakçılarının yubiley medalları,döş nişanları,qədim heykəlciklər, at yəhəri, qədimi radio, xalça, fərməclər muzeyin zəngin fonda malik olduğundan xəbər verir. Muzeyin direktoru Ülvi Qədirov gələcəkdə də eksponatların sayının artırılması barədə düşünür.” Bizdə eksponatların mühafizəsi üçün şərait olmadığı üçün yeni xalçalar alıb, saxlaya bilmirik. Binamız olandan sonra,tam təhlükəsizliyə arxayın olanda qiymətli eksponatlar almaqla fondu daha da zənginləşdirəcəyik. Ağdam Tarix Diyarşünaslıq Muzeyi üçün rayon mərkəzi olan Quzanlıda yeni binanın inşası nəzərdə tutulub. Artıq 2019-cu ilin Dövlət Proqramına salınıb. Nazirliyimiz və yeni başçımız Vaqif Həsənovun köməkliyi ilə ümid edirik ki, tezliklə muzeyin binası muzeysevərlərin istifadəsinə veriləcək”- deyir Qədirov.
Ağdam muzeyinin eksponatları respublikamızın bir çox sərgi salonlarında nümayiş olunub. Bu günlərdə “İstiqlal Muzey Mərkəzin”də Mədəniyyət Naizrliyinnin “ “ Biz evimizə qayıtmaq istəyirik” adlı işğal olunmuş rayon muzeylərinin eksponat sərgisinə Ağdam Tarix Diyarşünaslıq Muzeyidə qoşulub.
Gənc direktorun arzularını eşidirik: ”Əslində biz istiyərik ki, yeni binamız Ağdam şəhərində olsun.Torpaqlarımızın erməni işğalına son qoyulsun .Muzeyimizlə bir yerdə müqəddəs şəhərimizə qayıda bilək.”
Müsahibimizlə söhbət zamanı məlum olur ki, Qaradağlıdan Ağdam şəhərinə qədər olan məsafə 11 km-dir.Cəbhə xəttinə yaxın kəndlər isə Çıraqlı, Hacıməmmədli, Əfətli kəndləridir. Döyüş nöqtələrinə, barıt qoxuyan cəbhə xəttinə yaxın olmaq isə burda heç kimi qorxutmur.
Onuda əlavə edək ki, Ülvi Qədirov 1990-cı ildə Ağdam rayonunun Mahrızlı kəndində doğulub. Ali təhsillidir.İşini,peşəsini ürəkdən sevir.Muzeyin eksponatları haqqında danışarkən bu hal xüsusilə hiss olunurdu. Deyir ki, iş var , gələcəyi düşünürsən. Amma burda keçmiş,indi,gələcəyin düşüncələri vəhdət təşkil edir.
Sonda muzeyin xatirə kitabına ürək sözlərimizi yazmalı oluruq.Sonuncu cümləmiz isə belə olur. Ağdam Muzeyini Ağdam şəhərində ziyarət etməyi Allah bizə qismət eləsin.
Ağcabədi Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Azər Əliyev bildirib ki, Ağdam Tarix Diyarşünaslıq Muzeyi üçün rayon mərkəzi olan Quzanlı qəsəbəsində yeni binanın inşasına köməklik məqsədilə həm Ağdam Rayon İcra Hakimiyyəti, həmdə Ağcabədi Regional Mədəniyyət İdarəsi tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə müraciət edilib. Hər iki müraciət müsbət qarşılanıb.Muzey yeni binaya köçürüldüyü halda Qaradağlı mədəniyyət evinin binasında isə cari təmir işlərinin aparılması gözlənilir.





