Bir yanda qədimi əşyalar, digər yanda da armudu stəkanda çay
ARANTV.AZ xəbər verir ki, Bərdədə yeni ünvanda açılan çay evi tarixi keçmişimizin təbliğində ən gözəl məkandı
Bərdədəki “ Qədirxum” adlı çay evinə təşrif buyuranda burdakı mənzərəni görüb, heyran olmamaq mümkün deyil. Mənən zənginlik hər bir əşyanın varlığında özünü göstərir. Giriş qapıdan daxil olanda ilk görünən əşyalar saxsı bardaqlar, araba təkəri, cəhrə, nehrə, tərəzi olur.Daha sonra qədimi radiolar, patefonlar, şamdanlar,daha nələr,nələr. Ziyarətçi Qarayevdən eşitdiyimiz,lap yerinə düşür.” Burda ruhlar var.Dulusçunun, xalçaçının , ipəyirənin ruhları burdadı”. Əlbəttə ki, mistik söhbətdi. Ancaq adama elə gəlir ki, həqiqətdir. Buranın aurasında bir dinclik var.Ortadakı odun sobası istilik verir. Üstündəki çaydanlar yavaş-yavaş qaynamağındadır. Çayçı qonaqlara görə çay dəmə qoyur.Türk ruhuna uyğun ayrı-ayrılıqda çadır alaçıqlara bənzər hücrələr xoşagələndir. Azərbaycan ədəbiyyatının,teatrının, musiqi korifeylərinin səs plastinkalarının əşyalar arasında yer alması xüsusilə məkanı cəlbedici edib.Hələ üstəlik 50-60-cı illərdə çəkilən ixtiyar, ağsaqqal kişilərin birgə şəkilləri olduqca maraqlı görünür. Nə varsa xoşa gələndir, maraqlıdır, düşündürücüdür.
Kərbəlayi Elxan əslən Laçın rayonundandır. Tərtərin Nərmaniyya kəndinə 100 il əvvəl gəliblər. Əsasən məşğuliyyəti təsərrüfat işləri, bağçılıq olub. 10 il Bakıda, 25 ildir ki, Bərdədə yaşayır. Dağlıq rayonda da evinin olduğunu, dağa-daşa həvəs göstərdiyini deyir. Hazırda isə Kərbəlayi Elxanın məşğuliyyəti ticarətdir.İnşaat materiallarının satışını aparırlar. Kərbəlayi Elxan qədimi əşyalarla dolu çay evinin açılmasını oğlu Orxanın arzusu ilə elədiyini deyir: “ Oğlum Gəncə Dövlət Universtitetinin turizm fakultəsini bitirib. Belə qədimi əşyaları, xalq mahnılarını sevir.Buranı almağımızda Orxanın məsləhəti ilə oldu. Bir gün dedi ki, Əli oranı satır. Razılaşsan alarıq. Məndə bu fikirlə razılaşdım. Turizm ixtisası alsada oğlum həmin sahədə çalışmır. Ticarətlə məşğuldu, mənim işlərimə kömək edir.”
Kərbəlayi Elxan illərcə bundan əvvəl qədim xalq sənəti ilə maraqlandığını, xalça toxuculuna görə bir iş qurmağında üzərində işləyib.Lakin ölkəmizdəki yaranan qarmaqarışıq vəziyyət,pozulan sabitlik buna mane olub: “ 1991-ci ildə Türkiyədən qonağım gəlmişdi. Tərtərdə nar-şərab zavodunun yanında qonağım atılmış nar qabıqlarını görəndə heyrətləndi. “ Nə bədbəxt millətsiniz, bu qızılı burda niyə batırırsınız”- dedi. Xammal ehtiyyatlarının mövcudluğunu görən türkiyəli qonaq bizimlə xalça fabrikinin qurulmasını təklif etdi. Bizdə onunla razılaşdıq. Birgə işləmək üçün müqavilə bağladıq. Təbii boyaqdan gəvələr hazırlanmalı, dünya bazarlarına göndərilməliydi,-deyən Kərbəlayi Elxan qədimi əşyaların içərisindəki gəvə-xalçanı göstərir,- Burdakı gəvələrin çoxunu da bu məqsədlə almışdım.Türkiyə xalçaçısının dünya bazarına çıxartmaq üçün seçdiyi gəvələrdi.Bu firma Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən “Dağtəkin” di. Rəhbəri Zəkai bəy xalçaçılıq sahəsində olduqca təcrübəlidi. Firma dünyanın bir çox şəhərlərində filiallar açaraq toxuculuqla məşğul olurdu.O vaxtlar ölkəmizdə hərc-mərclik yarandığından istədiyimiz xalça-gəvə toxuculuğunu reallaşdıra bilmədik. Elçibəy hakimiyyəti dövründə sabitliyin pozulmasından ehtiyyat edən Türkiyəli iş adamı sərmayə yatırmaq fikrindən daşındı”.- deyir Kərbəlayi Elxan.
Bu sehirli məkana gələnlər də az deyil. Kərbəlayi Elxan bildirir ki, buranı sakitçiliyinə görə seçənlər çoxdur: “ Domino, nərdtaxta olmadığına görə bura sakitçilik olur. Əvəzində musiqi səsi eşidirlər. Klassik Azərbaycan mahnıları, muğamları səsləndirilir. Onlarda qədimi radiolarda, plastinkalarda oxunur.Buna görə də bizim məkanı sevirlər. Tanıdıqca gələnlərin də sayı çoxalır. Buranı birinci dəfə görənlər heyrətə gəlirlər. Deyirlər-“ Bərdədə belə yer var?” Bakıdan gəlirlər, Avropa çempionları, Dünya çempionları, xüsusi olaraq buranı seçirlər . Bu maraq bizim bu işə həvəsimizi bir az da artırır.”
Bu məkanın sahibi bildirib ki, tanınmaqdan ötrü reklamdan çox az istifadə ediblər.Bundan sonra isə reklam və piar işini gücləndirməyi düçünürlər.
Burdakı əşyaların sayı isə günü –gündər artır. Kərbəlayi Elxan əşyaları hardan, necə almağından danışır:” Yavaş-yavaş əşyalar yığıram. Bərdədə işlənmiş əşyalar bazarı var. Həftədə bir gün olur. Hər həftə çıxıb ordan xoşuma gələn bir əşya alıram. Gördüyünüz bu köhnə radionu, kəfkiri ordan almışam. Orda əşyalar var ki, ondan başqa bazarlarda əldə etmək mümkün deyil.Belə əşyaları ancaq Bərdə bazarında tapmaq olar. Açığı, maddi vəziyyət imkan vermir. Yoxsa daha çox qədimi əşyalar alaram. Qiymət də çox ucuzdu. Yaxşı sponsor olsa, mənə dəstək versə tayı-bərabəri olmayan əşyaları alıb, burdakı eksponatların sayını bir az da artıraram”
Buradakı zənginliyin içində çay dəstgahı şokoladı,mürəbbəsilə 5 manatdır. Kərbəlayi Elxanın dediyinə görə qiymətlər Bakı, Sumqayıt ilə müqayisədə yarıbyarı aşağıdır.” Bəzən görürsən bu qiymətə baha deyirlər. Deyirəm ki, bura yer pulu ödəyirəm, qazı,işığı, suyu, vergisi, hamısına ödədiyim pulu hesablayanda aldığım, xərclədiyimi ödəmir. Dost,tanışlar deyir ki, Bakıda gedib , bu işi qursan yaxşı qazanarsan. Amma mən bu işdən qazanc güdmürəm. Əsas istədiyim xalqımın tarixini yaşatmaq, qoruyub, saxlamaqdır”.
Kərbəlayi Elxan millətini, xalqını sevən adamdır.Burdakı toplanan əşyalar onun bu sevgisinin bariz nümunəsidir. Xalçalardan danışanda xalçaçılığa, qədimi əşyalardan danışanda bütün keçmişə maraq oyanır. Arada bura gəlib,qiymətləndirməyi bacarmayanları, bu möhtəşəmliyi qiymətləndirməyənləridə qeyd edir və təəssüf hissi keçirdiyini deyir.
Bərdənin turist marşrutuna salınmasını əhəmiyyətli sayan Kərbəlayi Elxan belə deyib: “ Bərdə qədim tarixə malik şəhərdi. Yerin altı, üstü maddi mədəniyyət nümunələri ilə zəngindir. Haranı qazırsan ordan küpə , saxsı qab qırıntıları çıxır. Turistlər üçün belə məkanlar maraqlı olur. Bizim hakimiyyət orqanları isə yaxşı olardı ki, bu amili nəzərə alsınlar. Bərdənin tarixi şəhər kimi bərpası, restavrasiyasını həyata keçirmək olar. Turizmin bölgədə inkişafı üçün layihələr həyata keçirilməli, turist marşrutuna salınmalı, turist yönəldilməlidir. Belə olarsa Bərdənin tarixini, keçmişini təbliğ eləmək olar. Eyni zamanda bu addımlar həm də rayon sakinlərinin də rifah halının yaxşılaşmasına xidmət etmiş olardı”.
Ümid edək ki, turist marşrutunun genişlənməsi Bərdəni də əhatə edəcək.Kərbəlayi Elxan kimi neçə-neçə insanımız arzuları reallaşacaqdır.






