Bakı və Kiyevdən təkan – GUAM dirçəlir?
Ukrayna prezidentinin Azərbaycana səfəri bir məsələni də gündəmə gətirib. Söhbət Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovanın üzv olduğu GUAM təşkilatından gedir. Bu ölkələrdən yalnız Azərbaycan ərazi bütövlüyünü bərpa edib və separatizmə son qoyub. Digər üç ölkə isə Rusiya ilə münaqişə vəziyyətindədir və əraziləri işğal, eləcə də ilhaq olunub.
Bu şəraitdə GUAM platformasının gələcəyi varmı? Azərbaycan-Ukrayna əlaqələrinin inkişafı təşkilatın son illər durğun görünən fəaliyyətinə təkan verə bilərmi?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Musavat.com-a deyib ki, GUAM-ın 90-cı illərin sonlarında formalaşması əsas iki amillə bağlı idi. “Birinci amil ondan ibarət idi ki, hər dörd ölkədə separatizm var idi. Bu ölkələrin hər biri separatizmə qarşı mübarizə aparırdı. Bir sözlə, ümumi dərd ölkələri birləşdirirdi. Ərazi bütövlüyünün təmin olunması məsələsi də əsas idi. İkinci amil isə o idi ki, Rusiyanın təzyiqlərini birlikdə neytrallaşdırmaq lazım idi. Çünki o zaman şimal qonşumuz bu dörd dövlətin hər birinə təzyiq edirdi”,_ deyə ekspert vurğulayıb.

E.Şahinoğlunun sözlərinə görə, Rusiyanın siyasətində indi də dəyişən heç nə yoxdur: “Amma sonrakı hadisələr GUAM-ı zəiflətdi. Bunun da səbəbləri var. Birincisi, bəzi ölkələr fərqli siyasət yürütməyə başladılar. Birlik daxilində müəyyən anlaşılmazlıqlar üzə çıxdı. Məsələn, bu gün Ukrayna-Gürcüstan münasibətləri faktiki dondurulub. Bir-birilərini rəsmi səviyyədə ittiham edirlər. Onun üçün də GUAM-ın bu şəraitdə fəaliyyət göstərməsi çox çətinləşir. Azərbaycan zatən öz siyasətini yürüdür. Digər üç ölkə ilə sıx əməkdaşlığa malikdir. Problem Ukrayna-Gürcüstan münasibətləridir. Hər iki ölkəni bir araya gətirmək çətinləşir. Azərbaycan onun üçün də GUAM ölkələri ilə daha çox iki tərəfli əməkdaşlığa üstünlük verir. Amma bir məsələ də var ki, GUAM toplanarsa, hansısa bir məsələni gündəmə gətirərsə, Azərbaycan o zaman iştirak etməyə hazırdır. Layihənin icrasında da ölkəmizin aparıcı rol oynayacaq. Amma indiki məqamda GUAM o qədər də aktual deyil”.
Cavanşir ABBASLI
Musavat.com

