Azərbaycanda “Elektron kənd təsərrüfatı” informasiya sisteminin formalaşdırılması bu il başa çatdırılacaq
ARANTV.AZ xəbər verir ki, 2019-cu ildə Kənd təsərrüfatı Nazirliyi tərəfindən yaradılmaqda olan “Elektron kənd təsərrüfatı” informasiya sisteminin formalaşdırılmasını başa çatdırılacaq. Nazirlikdən verilən məlumata görə, bu sistemin tətbiqi aqrar sahədə, o cümlədən subsidiyaların verilməsində şəffaflığı və çevikliyi təmin edəcək. Bütün xidmətlərin elektron hökumət üzərindən həyata keçirilməsi fermerlərə əlavə üstünlüklər yaradacaq. Onların məhsuldarlıq və satış üzrə proqnozlaşdırma imkanları, məlumatlılığı artacaq, dövlət xidmətlərinin sadələşdirilməsinə və sənədlərin azaldılmasına, xidmətlərin əlçatanlığına, habelə yeni bazar alətlərinin tətbiqinə imkan verəcək. Torpaqların peykdən öyrənilməsi, suvarılan torpaqların sahəsinin müəyyənləşdirilməsi, ümumiyyətlə torpaqlarla bağlı məlumatların tək məlumat bazasında toplanması əsas məqsədlərdəndir. Sistemin bu ilin ortalarında istifadəyə verilməsi gözlənilir.
Bundan başqa, Nazirliyin həyata keçirəcəyi əsas işlərdən biri intensiv inkişaf mexanizmlərinin daha sürətli tətbiqi hesabına məhsuldarlığın yüksəldilməsində ciddi nəticələrə nail olmaqdır. Texnoloji transferlərin dəstəklənməsi və resursqoruyucu texnologiyaların fəal tətbiqi sayəsində iqlim dəyişikliklərinin mənfi təsirlərinin yumşaldılmasını və ətraf mühitin qorunması təmin ediləcək.
Kənd Təsərrüfatı Nazirliyi 2019-cu ildə fermerlərə güzəştli şərtlərlə kredit vermək niyyətindədir. Bunun üçün fermerlərə daha 10 milyon manat həcmində kredit vermək planlaşdırılıb. Ümumiyyətlə bu ilin dövlət büdcəsində əvvəlki illərdən fərqli olaraq kənd təsərrüfatının stimullaşdırılması daha dolğun nəzərə alınıb. Hazırda ölkəmizdə çoxlu sayda idxal məhsullarını əvəz edəcək məhsul istehsalı üzrə iri təsərrüfatlar və aqroparklar yaradılır. Bu təsərrüfatların və xırda fermer təsərrüfatlarının səmərəli fəaliyyətini təmin etmək üçün hər il büdcədən kənd təsərrüfatına ayrılan vəsait artırılır. 2019-cu ilin büdcəsindən kənd təsərrüfatına 797 milyon manat və ya bu ilin gözlənilən icrasına nisbətən 14 faiz çox vəsait ayrılması nəzərdə tutulub ki, bu da ümumi büdcə xərclərinin 3,2 faizi deməkdir. Kənd təsərrüfatına ayrılan vəsaitin 420 milyon manatı və ya 53 faizi ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlərin stimullaşdırılmasına yönələcək və fermerlərin daha çox məhsul istehsalına əlverişli şərait yaradacaq. Son illər kənd təsərrüfatına yaralı torpaqlardan səmərəli istifadə etmək, yeni su kanalları və dəryaçaların inşa edilməsi, torpaqların münbitliyinin artırılması və eroziyasının qarşısının alınması üçün geniş miqyaslı işlər görülür. Bunun nəticəsidir ki, son iki ildə 200 min hektara yaxın əvvəllər istifadə olunmayan torpaqlar suvarılan əkin torpaqları dövriyyəsinə daxil edilib. Bu işləri davam etdirmək üçün bu il 294 milyon manat və ya 2018-ci ilə nisbətən 50 milyon manat artıq vəsait ayrılıb. Bu da ölkəmizdə büdcə vəsaitlərindən səmərəli istifadə olunduğunu sübut edir.

