Mental düşmənçilik
Feminizmin “ilk dalğası” 1848-ci ildə Seneka Folzda (Nyu-York) “Bütün qadınlar və kişilər bərabər yaradıldı” şüarı ilə keçirildi və Konvensiya qəbul olundu. Bu hadisə mütəşəkkil hərəkatın başlanğıcı hesab olunur.
Feminizmin (latıncadan tərcümədə femina- qadın deməkdir) məqsədi qadınların hüquqlarını tam təmin etmək üçün olan ictimai-siyasi hərəkatdır. Feministlər cəmiyyətdə bütün sferalarda qadınlarla kişilərin bərabər hüquqlu olmalarını tələb edirdilər. Qadınlara qarşı diskriminasiyaya son qoymaq, zərif cinsin hüquqlarını təmin etmək əsas tələb idi. Bəzi mənbələrdə hərəkatın başlama tarixi kimi XVIII əsr göstərilsə də, feministlər 1960-cı ildən etibarən daha aktiv fəaliyyət göstərirlər. Ənənəvi feminizm dalğası 1840-1930-cu illəri əhatə edir. İkinci dalğa adlanan və daha çox tanınan radikal feminiz isə yuxarıda da qeyd etdiyimiz kimi, 1960-cı illəri əhatə edir.
Fransada, 1789-cu ildə Böyük Fransız inqilabı zamanı qadınların bərabərhüquqlu cəmiyyət uğrunda mübarizələrinə həsr olunan ilk jurnal nəşr olundu. Ümumiyyətlə, XVIII əsrin sonlarında qadın hüquqları məsələsi Fransa və Britaniyada müzakirələrin özəyinə çevrildi. Fransada 1831, 1848-ci inqilabları zamanı qadınların seçmə və seçilmə hüququ tələb edilirdi. Bir çox ölkələrdə qadınlar XX əsrin ortalarına qədər səsvermə hüququndan məhrum idilər. Azərbaycan isə Şərqdə qadınlara seçki hüququ verən ilk ölkədir. Yaddaşımızı təzələmək məqsədilə deyək ki, ABŞ-da qadınlar 1848-ci ildən başlayaraq, seçkidə iştirak hüququ tələbi ilə çıxış etsələr də, buna yalnız 72 il sonra nail olublar. Bəli, indi demokratiyanın beşiyi hesab edilən ölkələrdə qadınlara seçki hüququ Azərbaycandan çox-çox sonralar verilib. Məsələn, Fransa Azərbaycandan 24 il sonra – 1944-cü ildə qadınlara seçki hüququ verib.
Bir başqa narazılıq yaradan səbəb isə qadınların hüquqları tapdalanaraq onlara həmişə kişilərdən az məvacib verilməsi idi.
İlk amerikalı feminist qadın kimi tarixə düşən Abigeyl Smit Adam olub. O “Biz qəbulunda iştirak etmədiyimiz və maraqlarımıza xidmət etməyən qanunlara tabe olmayacağıq” (1776) deyərək, feminizm tarixində qaldı.
II Dünya müharibəsindən sonra publisist, siyasətçi, hüquq müdafiəçisi, həyat yoldaşının siyasi karyerasında önəmli rol oynayan Eleonora Ruzvelt və müxtəlif ölkələrin qadın nümayəndələri BMT-nin bütün dünya qadınlarının hüquqları üzrə Konvensiyasını təşkil etdilər. Nəticədə 1979-cu ildə BMT qadınlara qarşı diskriminasiyanın bütün formalarının ləğvi ilə bağlı Konvensiyanı qəbul etdi. Həmin gündən etibarən bütün dünyada qadınlar öz hüquqlarının təminatçısı qismində bu Konvensiyaya müraciət edirlər.
XXI əsrin əvvəllərindən feminizmin ikinci dalğası artıq populyarlığını itirib. Düşünülür ki, patriarxal cəmiyyətdə kişi öz roluna “uyğunlaşmaq” məcburiyyətində qaldığına görə təkcə qadınlara yox, onlara da təzyiq edilir və belə cəmiyyətdə istər qadının, istərsə də kişinin şəxs olaraq inkişafı ləngiyir.
Ötən yüz illər ərzində qadınlar bir çox tələblərini həyata keçirməyə müvəffəq oldular. Bəzən cəmiyyətdə feminizmlə matriarxatı səhv salırlar. Feministlərin tələbi ondan ibarətdir ki, qadınlar siyasətdə arxa planda qalmamalıdırlar, iqtisadi və vətəndaşlıq hüquqları sırf qadın olduqları üçün məhdudlaşdırılmamalıdır. Feminizmin mahiyyətini publisist Meri Şir belə izah edirdi: “Feminizm qadının insan olduğunu deyən radikal fikirdir” .
Son günlər “feminizm”in ölkəmizdə anlamsız şəkildə aktivləşməsi bu mövzuya müraciət etməyimizə səbəb oldu. Özlərini “qadın haqları fəalları” adlandıran bir qrup gənc xanım Bakının mərkəzində 8 Mart- Beynəlxalq Qadınlar Günündə aksiya keçiməyə cəhd göstərdi. Aksiya “8 Marş – Haqlarımız uğrunda” şüarı ilə keçirilib.
Azərbaycan qadını öz hüquq və azadlıqlarından məhrumdurmu?
“Qadın azadlığı” Konstitusiyada və beynəlxalq hüquqda qadının səsvermə hüququnun, seçilmək hüququnun, sağlamlıq, təhsil və başqa hüquqlarının təmin edilməsidir ki, bu hüquqların hamısı Azərbaycan qadını üçün təmin olunubdur. Bu gün Azərbaycan qadınının cəmiyyətdəki rolu daha da yüksəlib və zərif cinsin nümayəndələri dövlət strukturlarında təmsil olunurlar. Əgər söhbət qarşılıqlı münasibət zamanı biri subyektiv şəkildə hüququnun pozulduğunu deyirsə və o qadındırsa bu, o demək deyil ki, o şəxs məhz cinsinə görə qeyri-adekvat halla rastlaşıb. Məsələn, o kişi də ola bilərdi. Yeri gəlmişkən, dünyada hüquqları pozulan, həyat yoldaşı tərəfindən şiddətə məruz qalan kişilər kifayət qədərdir. Radikal feminizmin digər bir konsepsiyası olan separasiyada deyilir: “Kişilərdən yaxşı heç nə gözləmək olmaz. Ona görə də patriarxal prinsiplər əsasında olan bütün münasibətlərə son qoymaq lazımdır. Ancaq qadınlara məxsus sosial institutlar yaradılmalıdır”. Fikrimcə, bu, özlərini radikal feminist adlandıran qadınlar tərəfindən irəli sürülən cinsi ayrı-seçkilikdən başqa bir şey deyil. Şiddətə, cinayətə, mənəm-mənəmliyə, eqoizmə meyilli insanın qadın və yaxud kişisi olmur çünki… Kişilərin fiziki imkanları onların ağır işlərdə işləmələrinə imkan verir. Qadınlar isə zərif və incə olduqlarından daha yüngül işlərdə çalışırlar. Bu gün Azərbaycanda maşın təmir edən qadın usta da var, taksi sürən də var, ev təmir edən də… Yəni heç bir qadın cəmiyyətdə qadın olduğu üçün hansısa məhdudiyyətlə üzləşmir.
ICESCO tərəfindən 2021-ci ilin “Qadınlar ili” elan edilməsi qadınlara verilən dəyərin göstəricisidir. Azərbaycanda bu gün gender məsələlərinə xüsusi diqqət göstərilir.
P.S Yazıda feministlərin tələb etdikləri bəzi qeyri-etik məqamlara əxlaqi dəyərlərimizə zidd olduğu üçün toxunmadıq.

