Deputat: Prezident İlham Əliyev bu şəxslərə növbəti şans verib
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 475 şəxs cəzanın çəkilməmiş hissəsindən azad edilib, 98 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Eyni zamanda, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 3 şəxsin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib. Həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 3 şəxs cəzadan, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 şəxs cəzanın çəkilməmiş hissəsindən azad edilib.
Bundan başqa, islah işləri cəzasına məhkum edilmiş 12 şəxs cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 23 şəxs cəzadan azad olunub.
Sərəncamın əhəmiyyətini “İki sahil”ə şərh edən Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Bəhruz Məhərrəmov bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin mütəmadi olaraq humanizmə, insan amilinin aliliyinə əsaslanaraq əfv barədə aktlar qəbul etməsi artıq ənənəyə çevrilib.
Deputat xatırladıb ki, Azərbaycanın dövlətinin ali məqsədi insan hüquq və azadlıqlarının, vətəndaşların daha layiqli həyat səviyyəsinin təmin olunmasıdır: “Ölkə başçısı da məhz insan amilini əsas götürərək növbəti dəfə əfv Sərəncamı imzalayıb. Bu sənəd ehtiyacı olan, eyni zamanda, islah olub faydalı şəxs kimi cəmiyyətin inkişafına töhfəsini verə biləcək insanların mənafeyinə xidmət edir”.
B. Məhərrəmov fikrinə onu da əlavə edib ki, koronavirusla mübarizənin ilkin mərhələsində ölkə başçısı iqtisadiyyata deyil, insan amilinə üstünlük verib ki, bütün bunlar cənab İlham Əliyevin məsələyə kompleks yanaşmasından irəli gəlir.
Deputat hesab edir ki, Prezident İlham Əliyev bu şəxsləri əfv etməklə onlara cəmiyyətə reabilitasiya olunmaq üçün növbəti şans verib: “Bu mənada sözügedən aktı çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu, təkcə həmin məhkumların ailələrinə deyil, qohumlarına və yaxınlarına verilmiş ikinci şansdır. Eləcə də həmin məhkumların özlərini doğrultmaları, cəmiyyətə, dövlətə faydalı ola bilmələri üçün ikinci bir şansıdır”.
B. Məhərrəmovun fikrincə, bu məsələdə cəmiyyətin də üzərinə vəzifələr düşür: “Həmçinin cəmiyyət olaraq biz də həmin məhkumların reabilitasiyası ilə bağlı cənab Prezident tərəfindən atılmış bu addımın məntiqi davamı olaraq onların ictimai həyata bərpa olunması işinə öz dəstəyimizi əsirgəməməliyik”.

