Açıq havada maska taxmaq məcburiyyəti LƏĞV EDİLİR? – AÇIQLAMA
Bir ildən çoxdur ki, koronavirus pandemiyasına görə insanlar maskadan istifadə edirlər. Yay aylarında maskadan istifadə müəyyən çətinlik yaratdığına görə bu məsələ bir neçə gündür ki, müzakirə edilməkdədir. Hətta açıq havada maska taxmaqla bağlı qadağanın ləğv edilməsini də təklif edənlər də var. Açıq havada maska taxmaq məcburiyyəti ləğv edilə bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, bu gün müzakirə olunan məsələlərdən biri də açıq havada maska taxmaqla bağlıdır:
“Sosial şəbəkələrdə də bu məsələ müzakirə olunmaqdadır. Çünki yay fəsli gəlir. İsti havada maskadan istifadə etmək çətindir. Bilirsiniz ki, maskaların keyfiyyəti də eyni deyil. İnsanlar çox zaman ucuz maskalardan uzun müddət istifadə edirlər. Bu da insan orqanizmində müəyyən problemlərə yol aça bilər, xüsusilə də yay aylarında. Düşünürəm ki, bu məsələyə baxmaq lazımdır. Qapalı məkanda maska taxmaq anlaşılandır. Çünki qapalı məkanlarda yaxın təmasda yoluxma şansı çoxdur. Əslində qış aylarında açıq havada maska küləkdən və soyuqdan qoruyurdu. Amma yay aylarında açıq havada maska taxmaq nəfəs almaqda müəyyən çətinlik yaradır. Xüsusilə də bu, uzun müddət istifadə edilən maskalara aiddir. Ona görə düşünürəm ki, Operativ Qərargah bu məsələyə baxmalıdır. Bununla bağlı düşünülmüş addımın atılması vacibdir”.

