Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq
Yay mövsümündə ən çox istehlak edilən qidalardan biri də dondurmadır. Dükanlarda, marketlərdə yüzlərlə çeşid dondurma satılır. Alıcıları isə maraqlandıran suallardan biri hansı dondurmanın daha keyfiyyətli olmasıdır.
Dondurma alarkən nələrə diqqət etmək lazımdır?
Mövzunu Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova ilə müzakirə etdik. O, Musavat.com-a şərhində bildirib ki, dondurma süd məhsulu olduğu üçün mütləq sağlam heyvandan əldə olunan südlə hazırlanmalıdır: “Bütün proseslərdə sanitar gigiyena və normalarına əməl olunmalıdır. Süd zülal mənşəli olduğu üçün daha tez xarab ola bilər. Tərkibində mikroorqanizmlərin çoxalması isə insan sağlamlığında bir çox fəsada yol aça və qarşısıalınmaz problemlər yarada bilər.
Dondurmanın tərkibindəki qaymaq, yağ və əlavə məhsullar da heyvan mənşəli məhsullardır. Bəzən süd əvəzinə quru süddən, yaxud sənaye üsulu ilə hazırlanmış süd yağı əvəzedicilərdən istifadə olunur ki, bunlar da bir çox sağlamlıq probleminə yol aça, xüsusilə, həssas insanlarda, xroniki xəstəliyi olan, allergiyaya meylli olan insanlarda həzm sisteminin pozulması, bağırsaq mikroflorasının dəyişməsi və nəticədə immun sisteminin aşağı düşməsi ilə kimi narahatlıqlar yarada bilər”.
Ekspert bildirib ki, enterobakteriyaların 50-yə yaxın növü var və hər bir növü də insan sağlamlığında bir çox xəstəliyin yaranmasına gətirib çıxarır: “Bu növ bakteriyalar əsasən iltihabi xəstəliklər, bağırsaq mikroflorasının dəyişməsi, tənəffüs yolları xəstəlikləri, böyrək xəstəlikləri, eyni zamanda digər orqanlarda da problemlərə səbəb olur. Bu kimi bakteriyalar olan məhsulları qəbul etdikdən sonra bağırsaq mikroflorası dəyişdiyi üçün ishala səbəb olur. Bəzən isə ishalla qəbizlik bir-birini növbəli şəkildə əvəzləyərək orqanizmin immunitetinin aşağı düşməsinə səbəb olur. Eyni zamanda, bağırsaqlarda faydalı mikroorqanizmlərin yox olmasına gətirib çıxarır.
Yaxşı olar ki, keyfiyyətli və mənşəyi bəlli olan dondurmadan istifadə edilsin. Onu da qeyd edim ki, bəzi dondurmaların tərkibində kərə yağından istifadəsi qeyd olunsa da, bitki yağı aşkarlanır və bəzən dəqiq olaraq hansı bitki yağından istifadə olunduğu da göstərilmir. Bunlar da məhsul üçün onun keyfiyyətində şübhə doğuran məqamlardır”.
Mütəxəssisə görə, keyfiyyətli dondurma süd, yağ və qaymaqdan ibarət olmalı, əlavə dadlandırıcı olaraq şəkərdən, yaxud da baldan, bəzən isə çərəzlərdən istifadə edilməlidir: “Müddəti az olan dondurmalardan istifadə olunsa, daha yaxşı olar. Paketlənmiş dondurmalardan istifadə ediləcəksə, mütləq paketin tamlığı pozulmamalı, üzərində yazılar aydın şəkildə qeyd olunmalıdır. Etiket məlumatlarında istehsalçı şirkət haqqında ətraflı məlumat yer almalıdır. Məhsulun tərkibi dəqiq və ətraflı qeyd olunmalıdır. Məhsulun 70 faizə yaxını süd, qaymaq, yağdan ibarət olmalıdır. Əgər süd yağı əvəzedicisi və yaxud mənşəyi bəlli olmayan yağ, daha çox emulqator, stabilizator və konservantlardan istifadə olunan dadlandırıcılar mövcuddursa və rəf ömrü uzundursa, bu zaman həmin məhsulları keyfiyyətli dondurma hesab etmək olmaz. Eyni zamanda, ağızda əridikdə xoşagələn qaymaq dadı varsa, bu, məhsulun keyfiyyətli yağdan və keyfiyyətli süddən hazırlandığını göstərir. Əgər acı dad qalırsa, bu da bitki yağı və yaxud digər kimyəvi qatqı maddələrdən daha çox istifadə olunduğunun göstəricisidir”.