AŞPA-nın bitib-tükənməz erməni “sevgisi”
Avropa Şurası Parlament Assambleyası (AŞPA) ikili standartlardan xilas ola bilmir. Yəni, bu qurumun qərəzli qruplaşmaları bəzi üzv ölkələri hədəf seçərək onların üstünə getmək vərdişini və bu kimi siyasi gedişləri davam etdirirlər. Bu günlərdə bir qrup ermənipərəst deputatın iştirakı ilə AŞPA-nın iclasında “erməni hərbi əsirləri” ilə bağlı məsələni müzakirəyə çıxarmaq cəhdi də bunun bariz nümunəsidir. Halbuki Azərbaycan dəfələrlə rəsmi şəkildə bəyan edib ki, ermənilərin hərbi əsir adlandırdıqları əslində terrorçudurlar. Çünki onlar Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli Bəyanatla əldə edilmiş atəşkəsin qüvvəyə minməsindən 20 gün sonra müxtəlif təxribatlar törətmək, daha doğrusu, mülki əhalimizə qarşı diversiya və terror aktları törətmək məqsədilə işğalçı ölkə tərəfindən Azərbaycan ərazilərinə göndəriliblər. Beynəlxalq norma və qaydalara görə bu qəbildən olan şəxslər ya hərbi cinayətkar, ya da diversant, terrorist adlanırlar. Buna baxmayaraq, Ermənistan öz havadarlı ilə bu məsələdə spekulyasiya etməkdə davam edir.
Bu məsələni qaldıran və Azərbaycanın uğurlarını həzm edə bilməyən AŞPA-nın ermənipərəstləri də bunu yaxşı dərk edirlər. Onlar, həmçinin yaxşı bilirlər ki, müharibədə əsir düşmüş bütün şəxslər üçtərəfli müqavilə imzalanandan dərhal sonra qarşılıqlı olaraq qaytarılıb. Amma onlar buna məhəl qoymurlar. Başqa sözlə desək, əsassız arqumentlərlə haqsız Ermənistanı nəyin bahasına olursa-olsun müdafiə etməyə, dəstəkləməyə çalışırlar. Bununla da demokratik prinsiplərə və beynəlxalq hüquqa hörmətsizlik edirlər. Halbuki beynəlxalq universal hüququn qorunması Avropa Şurasının fəaliyyətinin əsas qayəsini təşkil etməlidir. Amma bu qurumun bəzi nümayəndələri bu adi həqiqəti dərk etmək istəmirlər. Elə bu səbəbdən onlar heç də demokratiyanın, insan hüquqlarının təmin edilməsini deyil, öz hökmlərini, öz diktələrini yeritmək, qəbul etdirməyə çalışırlar. Ona görə də Azərbaycan ictimai rəyində bu təşkilatın heç bir nüfuzu yoxdur.
Şübhəsiz, bu, hər şeydən əvvəl erməni lobbisindən asılı olan həmin ermənipərəstlərin erməni “sevgisi”ndən, tərəfkeşliyindən qaynaqlanır. Siyasətçilərin fikrincə, bu da onların Azərbaycanın sayəsində bölgədə yaranmış yeni reallıqlara kölgə salmaq, vəziyyəti yenidən gərginləşdirmək istəklərindən başqa bir şey deyil. Amma onların istəkləri ermənipərəst ürəklərində qalacaq. Yəni, öz müstəqil siyasəti, iqtisadi inkişafı ilə sürətlə irəliləyən, inkişaf etmiş ölkələrlə ayaqlaşan Azərbaycana heç bir təsir göstərə bilməyəcəklər. Bir də AŞPA-nın bəzi deputatlarının ölkəmizə qarşı belə münasibət sərgiləməsi ilk dəfə deyil ki… Yəni 20 il ərzində demokratiya məktəbi kimi baxdığımız bu qurumun haqsız tənqidləri ilə, müzakirələr ilə çox üzləşmişik. Başqa sözlə desək, AŞPA-dan özümüzə, dürüst və səmimi niyyətlərimizə qarşı ögey, qərəzli mövqe görmüşük. Amma əsaslı arqumentlərlə onların hər birini dəf etməyə nail olmuşuq.
Elə bu dəfə də Azərbaycanın nümayəndə heyəti bunu bacardı. Daha doğrusu, bir daha bəyan etdi ki, Azərbaycan bu məsələdə beynəlxalq konvensiyalardan irəli gələn addımlar atır və atmaqda davam edəcək. Azərbaycan dövləti və Prezidenti heç bir qüvvəyə, o cümlədən AŞPA-ya onunla diktə, təzyiq, zor dilində danışmağa imkan verməyib, bu gün də imkan vermir, sabah da imkan verməyəcək. Yəni, qarayaxma kampaniyası aparan ermənipərəst qüvvələrə dərs verməkdə davam edəcəkdir.
Bütün bunlardan belə qənaətə gəlmək olar ki, AŞPA-nın bəzi deputatları Cənubi Qafqazda sülhün bərqərar olmasında heç də maraqlı deyillər. Bu baxımdan onların tutduqları mövqe mandatları ilə əsla səsləşmir.

