İSLAM 

VİP iftar menyusu: İslam, yoxsa kapitalizm?

“Bütün ibadətlər iki hissədən ibarət olur: sırf ruhani, yəni insan və Allah arasında olan, bir də sosial missiyası. Oruc, xüsusən də Ramazan ayının orucu dərin sosial yükü olan ibadətdir”.

Bu sözləri “Ölkə.az”a açıqlamasında Yaxın Şərq üzrə yazar, araşdırmaçı jurnalist Kənan Rövşənoğlu deyib.

O, dəbdəbəli iftar süfrələrindən danışarkən bildirib ki, kapitalizmin elementləri müsəlman aləminə də təsirsiz ötüşmür:

“Yəni Ramazanda insan Allahın əmrini, dininin vacibatını icra etmək üçün oruc tutur, yəni dan yeri ağarandan gün batana qədər adi günlərdə etdiyi bir sıra əməlləri – yemək, içmək və s. – tərk edir. Bunu sırf Allahın əmrini, dinin hökmünü icra etmək məqsədi ilə edir. Amma eyni zamanda orucun bir sosial yükü var. İnsanlar gün ərzində sosial vəziyyəti, maddi durumu və sair fərqlərə baxmayaraq eyni şəkildə ac qalır, həm də insanlar ildə bir dəfə də olsa, ən azından aclığın nə olduğunu xatırlayır, yoxsul insanlar haqqında düşünür və s. Üstəlik, dinin hökmünə əsasən, Ramazan ayında fitrə zəkatı, yaxud da yerinə yetirə bilmədiyi ibadətinə görə yoxsullara yardım edir, onları doyurmalı olur. Bir mənada Ramazan ayı insanları sosiallaşma, başqalarının ehtiyaclarını daha yaxından anlamaq və təmin etməsi üçün təcrübə olur. Əlbəttə, dinin hər iki – həm ruhani, həm də sosial yükü əhəmiyyətlidir. Bir-birindən fərqlənmir. İslam dini konkret olaraq süfrə ölçüsü və ya hansı qiymətə iftar edə biləcəyimizlə bağlı bir normativ müəyyən etmir. Amma əlbəttə, Peyğəmbər (s.ə.s) və imamların (ə) həyatında çoxlu sayda nümunələr (sirə) və kəlamlar (hədis) vardır ki, insanları təvazökar süfrəyə təşviq edir. Lakin sonrakı dövrdə bu qaydaya çevrilmədi, müsəlman hakimlər, zadəganlar dəbdəbəli süfrələr qurdular. İndi isə xüsusən də 20 və 21-ci əsrdə kapitalizmin elementləri müsəlman aləminə də təsir göstərir. VİP ziyarətlər, bahalı iftar süfrələri və digər dini xidmətlərin şahidiyik. Bu barədə qəti bir qadağa olmadığı üçün indi kimsə bunu yasaqlaya və ya qarşı çıxa bilmir. Amma ümumilikdə bu gün də dinin əsas tövsiyəsi təvazökarlıq, israfdan qaçınmaqdır”.

K.Rövşənoğlu ailə içərisində fərdlərin öz aralarında tez-tez iftar süfrələri təşkil etməsinə də münasibət bildirib:

“Ailə içi süfrələrə gəlincə, iftarın konkret olaraq yalnız yoxsullar üçün olması şərti yoxdur. Bu şərt yalnız fitrə zəkatı üçün mövcuddur. Əlbəttə, müsəlman olan şəxs hər gün axşam orucunu açır və bu iftar məclisidir. Bunu bir gün öz evində, başqa gün başqa bir dostun və ya qohumun evində etməyin bir qadağası və ya maneəsi yoxdur. İslam dini imkanı olan insanların yoxsullar üçün iftar süfrələri təşkil etməyi tövsiyə edir. Amma insanların özünün ailə içində iftar süfrəsi təşkil etməsini qadağan etmir”.

Daha çox xəbərlər