Ölkəmiz investisiya cəlbediciliyini qorumaq üçün yaxşı imkanlara malikdir
Dövlətimizin başçısı İlham Əliyevin Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə videokonfrans formatında görüşündə bir daha iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurlarından geniş bəhs edilmişdir
İqtisadi xarakter daşımasına baxmayaraq, Dünya İqtisadi Forumu (Davos İqtisadi Forumu) dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Forum dünyanın iqtisadi mənzərəsinin təqdimatında önəmli rol oynayır. Burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Dünya İqtisadi Forumu, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Davos İqtisadi Forumu, bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır.
Dövlətimizin başçısı İlham Əliyevin Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşündə ölkəmizlə qurum arasında uzunmüddətli səmərəli əməkdaşlığın həyata keçirildiyi xüsusi qeyd edilmişdir.
Qeyd edək ki, Azərbaycanın Davos İqtisadi Forumunda iştirakı ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrü əhatə edir. Belə ki, Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan biri-birindən əhəmiyyətli iqtisadi uğurlara imza ataraq, dünya iqtisadiyyatının bir parçasına çevrilmişdir. Zəngin təbii resurslara və əlverişli coğrafi məkana malik olan Azərbaycan hər zaman dünyanın diqqətində olub. Lakin müstəqilliyimizin ilk illərində ölkədə xaosun, anarxiyanın baş alıb getməsi xarici investorların tərəddüdlərinə səbəb olmuşdur. 1993-cü ildən bu yana digər istiqamətlərdə olduğu kimi, bu sahədə də böyük dönüş yarandı. Bu gün böyük fəxrlə qeyd edirik ki, ölkə iqtisadiyyatına qoyulan investisiyarın həcmi 270 milyard dollardan artıqdır. Bu, 1994-cü ildən ölkədə yaradılan sabitliyin, normal biznes mühitinin təsdiqidir. “Açıq qapı” siyasəti həyata keçirən Azərbaycan dövləti qapılarını bura xoş niyyətlə gələn xarici investorların üzünə açdı. Ulu öndər Heydər Əliyev ölkə iqtisadiyyatına qoyulan investisiyaların təhlükəsizliyinə tam təminat verildiyini ən yüksək tribunalardan bəyan etməklə, Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının artması ilə yanaşı, bu istəyi gerçəkləşdirən ölkələrin miqyasının da genişlənməsinə stimul verdi. Ulu öndər Heydər Əliyev Azərbaycanın ilk dəfə təmsil olunduğu Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirmişdir ki, zəngin neft və qaz yataqları, digər təbii sərvətləri olan Azərbaycan müasir dünyanın istifadə etdiyi prinsiplər əsasında xarici investisiyalar, xarici şirkətlərlə əməkdaşlıq üçün, dünya üçün açıqdır. Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsinin ölkəmizin iqtisadi qüdrətinin artması üçün geniş imkanlar açıdığını vurğulayan ümummilli lider Heydər Əliyev 30 ilə yaxın dövrdə dünyadan ədalətli yanaşma gözləyən, ötən il 44 gün davam edən İkinci Qarabağ müharibəsi nəticəsində tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Ulu öndər Heydər Əliyevin Azərbaycan reallıqlarının təbliğinə xidmət edən hər bir çıxışı, keçirdiyi görüşlər sözsüz ki, sonrakı mərhələlərdə öz müsbət nəticəsini göstərmişdir.
Dünya İqtisadi Forumu hər il ənənəyə uyğun olaraq İsveçrənin Davos şəhərində keçirilir. Bu forum yalnız bir dəfə 2002-ci ildə ABŞ-da baş verən terror aktına etiraz əlaməti olaraq Nyu-Yorkda keçirilib. Ulu öndər Heydər Əliyevin bu forumda iştirakı, beynəlxalq terrorizmin qaynaqlarından birinin separatizm olduğunu bildirərək bunu Dağlıq Qarabağın timsalında izah etməsi təbii ki, problemin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynamışdır.
Son 17 ildə Azərbaycanın Davos İqtisadi Forumunda iştirakı və fəallığını ilbəil artırması Prezident İlham Əliyevin rəhbərliyi sayəsində ölkəmizin davamlı uğurları ilə bağlıdır. Onu da qeyd edək ki, Dünya İqtisadi Forumu 2013-cü il aprelin 7-8-də ilk dəfə Bakıda keçirilib. “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusuna həsr edilən Bakı Forumu dünyaya səs saldı. Bir daha bu reallıq öz təsdiqini tapdı ki, Azərbaycan siyasi, humanitar tədbirlərlə yanaşı, iqtisadi forumlara da ev sahibliyi etmək iqtidarındadır. Azərbaycanın dayanıqlı inkişafa xidmət edən inkişaf modeli dünyanın diqqətində olmaqla yanaşı, öyrənilməsinə böyük maraq göstərilir. Bakı Forumu bu reallıqların təbliğində əhəmiyyətli rol oynadı.
O da məlumdur ki, dövlətimizin başçısı İlham Əliyev ilk dəfə 2007-ci ildə Davos İqtisadi Forumunun İsveçrədə ənənəvi keçirilən Forumda iştirak etmiş, “Güclərin qlobal balansının yerdəyişməsi” devizi altında “Neft geosiyasətinin artan əhəmiyyəti” mövzusunda keçirilən tədbirdə Azərbaycanın neft siyasətinin uğurlarından, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının bugünümüz və gələcəyimiz üçün yaratdığı imkanlardan geniş bəhs edilmişdir. Bu reallıq daim beynəlxalq səviyyədə xüsusi qeyd edilir ki, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası dünyanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin ardıcılları sırasında bu gün Cənub Qaz Dəhlizini, onun əsas seqmentləri olan TANAP, TAP layihələrini qeyd edə bilərik. 2014-cü ildə təməli qoyulan və görülən işlərin zirvəsi kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin 2018-ci ilin mayında rəsmi açılışı oldu. Tam şəkildə 2020-ci il dekabrın 31-də TAP-ın istifadəyə verilməsi ilə reallaşdı.
Qeyd etdiyimiz kimi, Dünya İqtisadi Forumunun 2013-cü ildə Bakıda keçirilməsi qurumla Azərbaycan arasında əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Bu mühüm məqam həmin Forumda da, həmçinin bu günlərdə Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun prezidenti ilə videokonfras formatında görüşündə də qeyd edilmişdir ki, Azərbaycanın şaxələndirmə siyasətini yüksək səviyyədə həyata keçirməsi, neft-qaz gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipini öndə saxlayaraq mühüm sosial-iqtisadi layihələrin icrasını sürətləndirməsi maliyyə imkanlarının genişlənməsində, həmçinin dayanıqlı inkişafın təmin olunmasında, yaranan hər bir iqtisadi çətinlikdən az itgi ilə çıxmasında əhəmiyyətli rol oynayır. 2008-ci ildə dünyanı bürüyən iqtisadi və maliyyə böhranı, eyni zamanda, bir ildən artıq davam edən COVID-19-la mübarizə tədbirləri dövründə də Azərbaycanın iqtisadi inkişafın dayanıqlığını təmin etməsi deyilənlərin təsdiqidir.
Dövlətimizin başçısının çıxışlarında vurğulandığı kimi, hazırda iqtisadiyyatımız daha da şaxələndirilib. Bu, təkcə enerji sahəsinə aid deyil. Hazırda əsas məqsəd Azərbaycanın qeyri-neft sektoruna, xüsusilə yüksək texnologiyalar, informasiya-kommunikasiya texnologiyaları və xidmət sahələrinə investisiyaları cəlb etməkdir.
Azərbaycan yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün əsas məkana çevrilib. Daim çıxışlarında «Biz ölkəmizi beynəlxalq biznes ictimaiyyəti və xüsusilə də Azərbaycan ilə hələ də əməkdaşlıq etməyən işgüzar dairələrə daha geniş şəkildə təqdim etmək istəyirik. Biz qapılarımızı geniş şəkildə açmışıq və dostlarımızı, tərəfdaşlarımızı Azərbaycanda işləməyə, sərmayə qoymağa dəvət etmək istəyirik… Əlbəttə, Dünya İqtisadi Forumu bu baxımdan ən əlverişli məkandır. Yəni, burada beynəlxalq biznes və siyasi dairələrin elitası toplaşır. Beləliklə, aparıcı beynəlxalq şirkətlərin rəhbərləri və nümayəndələri buraya gəlirlər. Ona görə də bura ölkənin təqdimatını keçirmək üçün ən yaxşı məkandır” söyləyən cənab İlham Əliyev bu fikirləri ilə Dünya İqtisadi Forumunun əhəmiyyətini açıqlamaqla yanaşı, bu qurumun hər bir ölkənin özünun təqdimatını aparması üçün əsas məkan olduğunu təsdiqləyir.
Bugünümüzün reallıqlarından biri budur ki, davamlı inkişaf və islahatlar mərhələsini yaşamaqda olan Azərbaycan investorlar üçün etibarlı tərəfdaşdır. Həm xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi, həm də bu məqsədlə əlverişli mühitin yaradılması Azərbaycan dövlətinin iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Azərbaycanın xarici investisiya üçün cəlbedici olması təsadüfi deyil. Çünki ölkəmizdə xarici investorların səmərəli fəaliyyəti məqsədilə hər cür şərait, xüsusilə mükəmməl qanunvericilik bazası yaradılıb. Həmçinin son illərdə Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması ilə bağlı 50-dən çox saziş imzalanıb. Cənubi Qafqazın iqtisadi mərkəzinə çevrilən Azərbaycanın coğrafi mövqeyi, böyük tranzit potensialı, nəhəng regional layihələri və əlverişli biznes mühiti ölkəmizə xarici investisiyaların cəlb olunmasına töhfə verir. Müstəqillik illərindən bugünədək Azərbaycana yatırılmış investisiyaların həcminə nəzər yetirsək görərik ki, iqtisadiyyata qoyulan 270 milyad dollarlıq investisiyanın yarısı xarici sərmayələrdir. Bu, əlbəttə ki, xarici investorların Azərbaycana olan inamının göstəricisidir. Valyuta ehtiyatlarının həcmi isə 51 milyard dollardır. Ölkəmizə ən çox investisiya yatıran xarici şirkətlərin əksəriyyəti isə dünyanın 20 ən böyük ölkəsidir. Onların arasında Rusiya Federasiyası, Türkiyə, İtaliya, Almaniya, Böyük Britaniya, ABŞ, Yaponiya və digər ölkələr var. Azərbaycan dövlətinin apardığı şaxələndirmə siyasətinin bəhrələrindən biri kimi Davos İqtisadi Forumunun reytinqinə əsasən ölkəmiz iqtisadiyyatın rəqabətə davamlılığına görə ön yerlərdədir.
Qeyd edək ki, Azərbaycanın perspektiv inkişaf və istiqamətlərinin müəyyən edilməsinə xidmət edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının davamı olaraq təsdiqlənən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» də qarşıya qoyulan hədəflərə çatmaq üçün əsas sənəddir. Bu prioritetlər sırasında artıq işğaldan azad edilmiş ərazilərimizdə quruculuq və bərpa işlərindən bəhs olunur, yeni reallıqlar fonunda yeni vəzifələr qarşıya qoyulur.
Dövlətimizin başçısı İlham Əliyev Dünya İqtisadi Forumunun prezidenti Borge Brendeyə işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən infrastruktur layihələri, investisiyaların cəlb olunması barədə məlumat verərək bildirmişdir ki, həmin ərazilərdə yenidənqurma prosesi gedir, qarşıda nəhəng iş durur və böyük bir ərazi tamamilə yenidən qurulacaq. İndi səylərin əsas istiqaməti ərazilərin yenidən qurulmasıdır. Bu, həmçinin ölkə iqtisadiyyatının qeyri-enerji sektoruna, xüsusilə tikinti sahəsinə təkan verəcək. “Ağıllı kənd” konsepsiyası ilə yenidən qurulacaq kəndlərin təməlinin qoyulduğunu vurğulayan dövlətimizin başçısı işğaldan azad edilmiş əraziləri “yaşıl zona” elan etdiyini, həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasından istifadə olunacağını, şəhərlər üçün baş planların hazırlandığını, enerji istehsalı, elektrik enerjisi, avtomagistrallar, dəmir yolları, hava limanları ilə bağlı infrastruktur layihələrinin həyata keçirildiyini diqqətə çatdırdı və bu sahədə Dünya İqtisadi Forumu ilə əməkdaşlığın perspektivlərindən bəhs etdi. Qeyd edək ki, ölkəmiz işğaldan azad edilmiş ərazilərimizdə quruculuq və bərpa işlərinin aparılmasına dost ölkələri və şirkətləri cəlb edib. İlk addımı atan dost və qardaş Türkiyənin şirkətləridir.
Ölkəmizdə investisiyaların cəlb edilməsi üçün əlverişli şəratin yaradılmasından məmnunluğunu ifadə edən Dünya İqtisadi Forumunun prezidenti Borge Brende yeni texnologiyaların inkişafı və tətbiqindən, gənclərin çox mükəmməl olmasından bəhs edərək iqtisadiyyatın şaxələndirilməsi işinə böyük töhfələr verəcəklərinə əminliyini ifadə etmişdir.
Göründüyü kimi, Azərbaycan iqtisadi uğurları, davamlı inkişafa yol açan siyasəti ilə beynəlxalq maliyyə qurumlarının da diqqətindədir və əməkdaşlıq üçün geniş imkanlar yaranır.

