Sosial 

Vətənin qəhrəman oğlu

İkinci Qarabağ müharibəsində qəhrəmanlıq salnaməsi yazaraq Azərbaycan xalqına  şanlı zəfər sevinci  bəxş edən  Elçin Qismət oğlu Novruzovun  adı şirin dillərdən düşmür.  Masallı rayonunun Hüseynhacılı  kəndinin qəhrəman  oğlu müharibə başlayan andan,  ömrünün 31-ci baharında könülü olaraq  Vətəni öz canı hesabına yaşadan igidlərin cərgəsinə qoşulur. Və Azərbaycan torpaqlarının azadlığı uğrunda  ağır müharibə meydanında erməni faşıstlərinə qarşı döyüş zamanı  yüksək şəxsi rəşadət, şücaət  nümayiş etdirib  şəhidlik zirvəsinə ucalır.
Doğma yurda bağlılıq, millətinə sevgi, dövlətinə sədaqət ruhunda   böyüyən Elçin 2007-ci ildə orta məktəbi bitirəndə artıq öz nəcib, yüksək  əxlaqi keyfiyyətləri ilə  cəmiyyətdə  yaxşı tanınırdı.   Gördüyü faydalı işlərinin müqabilində insanların gözündə  ucalan  bu yeniyetməni ən çox itirilmiş Qarabağ torpaqların  taleyi narahat edirdi.  Həyatı nə qədər xoş keçsə də, əsir düşmüş torpaqları azad görmək  Elçin üçün  bütün arzuların zirvəsində durur.
Damarında qeyrət qanı axan, varlığı Vətən sevgisi  olan Elçinin əsgərlik həyatı Bakının Qaradağ rayonunda  keçir. «N» saylı Hava Hücumundan Müdafiə hissəsində  nümunəvi xidməti ona yalnız hörmət və ehtiram qazandırır. O, hərbi hissənin  ən mötəbər əsgəri olur. Beləcə  Elçin oğulluq  borcunu şərəflə verib, doğma kəndində  insanlara  xidmətlə həyatına dəyər qatmağı  hər şeydən, qiymətli, şərəfli sayır. Ellin  bu günü, sabahı, gələcəyi üçün yaşayır, bütün bacarığını  insanların səadəti naminə sərf edir. Gördükləri bir qayda olaraq ədalətə, işığa dəstək olmaqla qəlblərə hərarət gətirir.  Bu hal Vətən müharibəsi başlanana kimi davam edir
Xalqına sədaqətli, Vətəninə məhəbbətli igid  İkinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə böyük mərdliklə döyüşür. Hər müharibə meydana atılan zaman böyük şücaət göstərib düşmənin  xeyli canlı qüvvəsini, hərbi  texnikasını  sıradan çıxardır.  Qazanılan qələbələrdən sonra da  düşməni  doğma torpaqlardan  qovmayınca silahı əlindən yerə qoymamağa and içir. Təəssüf ki,  elə Füzulidə  növbəti qeyri-bərabər  savaşda   ürəyi Vətənlə döyünən  Elçini   ölüm haqlayır…
Bəli, 44 günlük  müharibədə  adını şanlı  tarixə həkk edən Elçin  Novruzov  “Vətən uğrunda” medala layiq görülür. İgid Vətən oğlu  doğma kənd qəbiristanlığında  uyuyur.  Onun məzarını bütün kənd camaatı  ən müqəddəs yer saymaqla özlərinə and yeri bilirlər.  İndi həm də Elçin təkcə masallıların deyil,  torpağı 30 ildən sonra azad edilmiş müstəqil Azərbaycanın  oğludur, fəxridir.

Zəfər Orucoğlu,

Azərbaycan  Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər