Gündəm 

Dünya 30 ilin laqeydliyinə 44 gündə verilən dərsi unutmamalıdır

Beynəlxalq güc mərkəzləri nə zaman Ermənistanın sərhəd tanımayan müharibə cinayətlərinə ədalətli yanaşma nümayiş etdirib inamsızlıq mühitini dəyişəcəklər?

Dövlətimizin başçısı İlham Əliyev  işğaldan azad edilən torpaqlara səfərləri ilə bağlı  təəssüratlarını  ifadə edərkən bildirir  ki, əlbəttə, hər bir Azərbaycan vətəndaşı hansı hissləri keçirirsə, mən də o hissləri keçirirəm, bəlkə daha çox: «Çünki mən artıq əyani şəkildə o torpaqlarda olmuşam. İndi vaxtaşırı televiziya reportajlarında dağıdılmış, viran qoyulmuş o ərazilər göstərilir. Amma, əlbəttə ki, onu əyani şəkildə görəndə mənzərə tam başqadır. Bu, bir daha onu göstərir ki, biz hansı bəlaya qarşı mübarizə aparmışıq. Bu gün bizim haqlı davamıza kölgə salmaq istəyən ermənipərəst, anti-Azərbaycan, islamofob dairələr bunu bilməlidirlər ki, mənfur Ermənistan bizim torpaqlarımızı zəbt edərək, işğal edərək bütün infrastrukturu dağıdıb.»

İşğal edilmiş ərazilərimizdə bir dənə də salamat bina yoxdur. Tarixi və dini abidələrimiz tamamilə dağıdılıb.  Bu mənzərə  bütün dünyaya təqdim edilir və təqdim edilməlidir.  Bu talançılıq, bu vəhşilik, bu düşmənçilik bütün dünyanın diqqətini cəlb etməlidir. «Biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz erməni faşizmini məhv etmişik, erməni vəhşiliyini məhv etmişik» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, buna görə şanlı Qələbəmiz bölgə, dünya üçün çox böyük əhəmiyyət daşıyır.

Bugünümüzün əsas tələblərindən, çağırışlarından biri dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların minalanmış sahələrin xəritələrinin verilməməsinə laqeyd yanaşmamalarıdır. 10 noyabr üçtərəfli razılaşmasının müddəalarını yerinə yetirmək üçün  sanki  xahiş-minnət gözləyən Ermənistan 44 günlük müharibənin verdiyi dərsi unudur. Azərbaycanın yaratdığı yeni reallıqlar bugünədək susmağa üstünlük verən dövlətləri də ciddi düşündürməli, belə qeyri-ciddi yanaşmaların sonda hansı nəticəyə gətirib çıxardığını nəzərdən keçirməlidirlər. Təbii ki, 30 ilə yaxın müddətdə Ermənistana «dur!» deyib, törətdiyi cinayət əməllərinə, beynəlxalq hüquq normalarına, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinə məhəl qoymaq üçün təzyiqlər göstərilsəydi,  münaqişənin həlli prosesi uzanmaz, ən əsası sülh yolu ilə öz həllini tapardı. Dünya  Azərbaycanın hansı imkanlara malik olduğunu gördü. Hərb variantı səbəbsiz yerə istisna edilmirdi.  Şəhidlərimizin qanı hesabına yazılan Zəfərimiz  bir çox məqamların, o cümlədən  dünyanın ikili siyasətinin yaratdığı problemlərin açıqlamasında yardımçı oldu. Bu gün həmin dövlətlər, təşkilatlar yenidən seyrçi mövqedə dayanıb Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların təmizlənməsi, Böyük Qayıdışın tezliklə həyata keçirilməsi üçün   niyə bu məsələyə laqeyd yanaşırlar? Ən əsası Azərbaycanın mina qurbanlarının sayı artmaqdadır.  Maraqlıdır,  10 noyabr üçtərəfli razılaşmasından sonra «fəallaşan» ATƏT-in Minsk qrupunun həmsədrləri  niyə  Ermənistanı sülh razılaşmasından irəli gələn addımları atmağa məcbur etmir? Onlar bir müddət öncə yaydıqları bəyanatda vasitəçilik missiyalarını davam etdirmək,  regionda sabitliyin, təhlükəsizliyin təminatına dəstək vermək istədiklərini bildirirdilər. Söhbət minalanmış ərazilərlə bağlı xəritənin Azərbaycana verilməsindən gedirsə, vasitəçilərin susması onların mandatına ziddir. İyunun 4-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC)  Qarabağa ezam olunan müxbiri Məhərrəm İbrahimov və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) operatoru Sirac Abışov Azərbaycanın Ermənistan işğalından azad edilmiş Kəlbəcər rayonu ərazisində minaya düşərək həlak oldular.  Daha bir mülki şəxsin həlak olduğu, dörd nəfərin isə yaralandığı bu hadisə dünya birliyinə ünvanlanan çağırışların miqyasını genişləndirməklə yanaşı, laqeydliyin 30 ildə hansı faciələrə gətirib çıxardığını xatırlamağı və 44 gündə Azərbaycanın nümayiş etdirdiyi «dəmir yumruq» əməliyyatını unutmamağı tələb etdi. 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatının imzalanmasında məsuliyyət daşıyan tərəf kimi Rusiya səylərini daha da artırmalı, ötən 7 aya yaxın müddətdə sənədin şərtlərini kobud şəkildə pozan təcavüzkarı minalanmış sahələrin xəritələrini verməyə məcbur etməlidir.

Dövlətimizin başçısı İlham Əliyevin bütün çıxışlarında bu fikir xüsusi qeyd edilir ki, ərazilərin minalardan təmizlənməsi olduqca önəmli məsələdir. Ermənilər  işğal etdikləri bütün əraziləri minalayıblar.  Bu baxımdan həmin xəritələr  verilməlidir.  Dağıdılmış ərazilərin bərpası, yeni yolların çəkilməsi istiqamətində addımlar atılır. “Böyük Qayıdışf start verilib. Dövlətimizin başçısı İlham Əliyev Zəngilan rayonunda «ağıllı kənd» layihəsi çərçivəsində ilk addımın atılmasını Böyük Qayıdışın başlanması kimi dəyərləndirdi.

Ərazilərin minalardan təmizlənməsi prosesi vaxt itkisinə səbəb olmaqla yanaşı, qeyd etdiyimiz kimi, mina qurbanlarının sayının artması ilə  müşayiət olunur. Mənfur düşmən  təmas xəttinə yaxın olan əraziləri yox, şəhərləri, yolları, önəmli strateji yüksəklikləri minalayıb. Bu ərazilərdə  istənilən fəallıq,  inkişaf minalardan təmizləmə işindən asılıdır. Ermənistana həmin xəritələri Azərbaycana verməsi üçün beynəlxalq təşkilatlar  təsir göstərməli, beynəlxalq güclər tərəfindən təcavüzkara sanksiyalar tətbiq edilməlidir. Amma təəssüf ki, bütün bunların əksinə olaraq, beynəlxalq aləmdə ikili yanaşmalar hər an özünü büruzə verir.  Əgər Azərbaycan əraziləri minalayıb xəritəsini Ermənistana verməsəydi, indi dünya dövlətləri, beynəlxalq təşkilatlar bizə müxtəlif vasitələrlə təsir etməyə çalışacaqdılar. 44 günlük İkinci Qarabağ müharibəsində hərbi əməliyyatların dayandırılması ilə bağlı Azərbaycana nə qədər təzyiqlər göstərildi. Təbii ki, Ermənistanın döyüş meydanında məğlubiyyəti, «məğlubedilməz erməni ordusu» mifinin dağıdılması, erməni əsgərlərinin Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməyərək hərbi texnikanı, silah-sursatı qoyub qaçmaları havadarlarını məyus edir, müharibənin dayandırılması üçün ölkəmizə təzyiq göstərəcəklərini söyləyərək işğalçı  Ermənistanda ümidlər yaratmağa çalışırdılar. Amma Azərbaycan dövləti bir addım da belə qətiyyətli mövqeyindən geri çəkimədi, müharibəni hansı halda dayandırmağın şərtlərini açıqladı. 10 noyabar üçtərəfli Bəyanatı bunun təsdiqidir.

Ermənistanın müharibə cinayətlərinin miqyasının genişlənməsinə göz yuman dünyanın güc mərkəzləri, nüfuzlu beynəlxalq təşkilatlar dərk etməlidirlər ki, beynəlxalq hüququ zamana və məkana görə tətbiq etməklə etimadsızlıq mühiti yaradır və bununla da münaqişəli məsələlərin həlli prosesinin uzanmasında səbəbkar imicini qazanırlar. Xatırladaq ki, indiki halda Ermənistan “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyalarını, 10 oktyabr 1980-ci il “Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında” Konvensiyanın İkinci Protokolunun tələblərini kobud şəkildə pozur. BMT-nin 1999-cu ildə qəbul etdiyi “Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında” Konvensiyanın müddəları da Ermənistan tərəfindən pozulur. Sözügedən Konvensiyaya əsasən, münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizlənəcək sahələrin xəritələrinin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürür.

Qətnamələr, konvensiyalar maraqların toqquşması üzündən saralmış kağız üzərində qalacaqlarsa, onların qəbuluna vaxt sərf etməyə nə ehtiyac var? Ən əsası hər hansı bir məsələnin tərəflər arasında çözülməsinə mane olub, onu beynəlxalq problemə çevirən dünya dövlətləri ədalət meyarının maraqlar fonunda əridiyindən xəbərdar  və bu prosesin əsas iştirakçıları olduqları halda özlərini beynəlxalq hüququn «müdafiəçiləri» kimi göstərmələri təəssüf doğurur. Doğrudan da yatmış vicdanların oyanması və aparıcı dövlətlərin xarici siyasətinin yenidən formalaşdırılması, beynəlxalq hüququn tətbiqi üçün vahid mexanizmin müəyyənləşdirilməsi zamanıdır.

Daha çox xəbərlər