Beynəlxalq qurumların jurnalistlərin ölümünə səssizliyi – qərəz, yoxsa informasiya qıtlığı?
Azərbaycan ictimaiyyəti beynəlxalq media və insan hüquqları təşkilatlarının Kəlbəcərdə minaya düşərək həlak olan iki jurnalistlə bağlı məsələyə yetərincə həssas reaksiya verməməsindən narazıdır. Hadisə iyunun 4-də baş versə də, yalnız iyunun 8-də “Sərhədsiz Reportyorlar” təşkilatı həlak olmuş jurnalistlərlə bağlı bəyanat yayıb. “Freedom House”, “Human Rights Watch” isə hələ ki hadisə ilə bağlı münasibət bildirməyib.
“Sərhədsiz Reportyorlar” təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri Janna Kavelye bildirib ki, iki azərbaycanlı jurnalistin ölümü bu peşənin nümayəndələri üçün faciəvi xəbərdir: “Bu zonada çalışmaq istəyən digər jurnalistlər də eyni vəziyyətlə üzləşə və ya reportajlardan imtina edə bilər. ”Sərhədsiz Reportyorlar” Azərbaycan hakimiyyətini bu zonada çalışan jurnalistləri qorumağa, bu hadisəni tam və şəffaf şəkildə araşdırmağa çağırır,” o qeyd edib.
Sənəddə deyilir ki, onlar 2020-ci ildə hərbi əməliyyatlar başa çatdıqdan sonra Azərbaycanın azad edilmiş ərazilərində, Dağlıq Qarabağın yaxınlığında, Azərbaycanın bundan əvvəl ermənilərin yaşadığı bölgəsində həlak olan ilk jurnalistlərdir. Ümumilikdə isə münaqişə dövründə azı yeddi jurnalist həlak olub.
“Atəşkəslə bağlı Rusiya ilə razılaşdırılmış sazişin olmasına və Rusiya sülhməramlılarının yerləşdirilməsinə baxmayaraq, gərginlik yüksək olaraq qalır. Demarkasiya xəttinin müəyyənləşdirilməsi ilə əlaqədar iki ölkə arasında ciddi fikir ayrılıqları mövcuddur. Bu region dünyada ən çox minalanmış regionlardan biri hesab olunur və Azərbaycan bildirir ki, Ermənistanın mina yerləşdirdiyi yerləri göstərən xəritələri təqdim etməkdən imtina etməsi hazırda onun nəzarət etdiyi əraziləri təmizləmək səylərinə mane olur. ”Sərhədsiz Reportyorlar” Ermənistan hakimiyyəti ilə əlaqə yaratsa da, indiyədək bu ittihamlara cavab almayıb və Ermənistan hakimiyyəti iki azərbaycanlı jurnalistin həlak olmasını şərh etməyib” – deyə, bəyanatda qeyd edilir.
Təşkilatın məlumatına görə, bu il dünyada 11 jurnalist həyatını itirib, onlardan ikisi Azərbaycan jurnalistləridir.
Beynəlxalq media təşkilatlarının hadisə ilə bağlı susqunluğu və ya çox yumşaq mövqe ifadə etməsinə toxunan politoloq, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirdi ki, əslində hazırda dünyada mövcud olan insan hüquqlarını qoruyan beynəlxalq qurumlar, beynəlxalq media təşkilatları soyuq müharibə dövründə geosiyasi alət kimi formalaşdırılıblar: “Onlar əsasən təzyiq mexanizmi funksiyasını yerinə yetirirlər. Soyuq müharibə dövründən bəri eyni funksiya davamlı olaraq həyata keçirilməkdədir. Mən bu təşkilatların mahiyyətini, hansı məqsədlə yaradıldığını bildiyim üçün onlardan elə bir gözləntim də yoxdur. 30 ilə yaxın müddət ərzində, Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə Ermənistanla Azərbaycana, yəni işğalçı ilə işğala məruz qalana eyni münasibət bəsləyən, bir çox hallarda isə Azərbaycana qarşı qərəzli münasibət göstərən təşkilatlardan humanizm, ədalət prinsiplərinə əməl etməyi gözləmək də olmaz. «Sərhədsiz Reportyorlar»ın, bir də ATƏT-in nümayəndəsi Dunya Myatoviçin çox yumşaq bir yanaşması var idi. Prinsip etibarilə minalar əleyhinə fikirlər idi. Ancaq minalarla bağlı fikirlər ayrıdır, dünyada minanın tətbiqini, hətta müharibəni dəstəkləyən hər hansı bir dövlət yoxdur. Hətta terrorçu dövlətlər belə müharibəni açıq-aşkar dəstəkləyə bilməz. Bu mənada onların bəyanatı ciddi bir mesaj xarakteri daşımır”.

Elçin Mirzəbəyli: “Hər kəsə bəllidir ki, Azərbaycan jurnalistləri ermənilərin diversiya-təxribat əməlləri nəticəsində həlak olub, o minaları erməni hərbçilər basdırıb, ancaq mətndə Ermənistana qarşı bir qınaq yoxdur”
E.Mirzəbəylinin sözlərinə görə, jurnalist ölümünə münasibətdə bu çox simasız bir yanaşmadır: “Hər kəsə bəllidir ki, Azərbaycan jurnalistləri Ermənistanın həyata keçirdiyi diversiya-təxribat əməlləri nəticəsində həlak olub, o minaları erməni hərbçilər basdırıb. Ancaq Ermənistana qarşı bir qınaq yoxdur, Azərbaycanı jurnalistləri qorumağa çağırırlar. Əlacları olsa deyərlər ki, jurnalistlər o bölgəyə niyə gediblər. Bu təşkilatlardan istənilən əsassız yanaşmanı gözləmək mümkündür. Azərbaycan cəmiyyəti nə baş verdiyinin fərqindədir, dünya da bunun fərqindədir. Bu yanaşma Azərbaycandan bəzi təşkilatların ruporu funksiyasını yerinə yetirən insanlar üçün də bir dərs olmalıdır. Onların bir hissəsini özünü media nümayəndəsi, bir hissəsi bloger adlandırır. Əgər həmkarlıq prinsipindən çıxış etsələr, əməkdaşlıq etdikləri təşkilatların da nə qədər əxlaqsız olduğunu görməlidirlər”.

Mehman Əliyev: “Bizdə informasiya siyasəti ilə bağlı çox böyük problem var”
“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev isə vurğuladı ki, bu təşkilatlar bir neçə gün rəsmi informasiya tapmaqda çətinlik çəkiblər: “Bu hadisə ilə bağlı dövlət orqanları operativ şəkildə məlumat verə bildimi, orada nə baş verib? Prokurorluq srağagün məlumat yaydı. Jurnalistlər harada minaya düşüb, nə üçün düşüb, bunu kim edib və ya etməyib, heç bir informasiya yox idi. Bizim dövlət orqanları belə işləyirlər. ”Sərhədsiz Reportyorlar”ın yazdığı bəyanatda hər şey dəqiqliklə əksini tapıb. Çünki onlar bir neçə gündür informasiya toplayırlar. Dəqiq informasiya toplamaq, nəyi demək, nəyi deməməyi aydınlaşdırmaq üçün xeyli zaman lazımdır. Bu həmin dəqiqə olmur axı. Məsələn, sabah biri çıxıb deyə bilər ki, azərbaycanlılar səhvən öz basdırdıqları minaların üstünə çıxıblar. Nə baş veribsə, dövlət orqanları dərhal operativ məlumat yaymalıdır. 3 gün öncə bir erməni Laçın tərəfdə tutuldu, öncə məlumat yaydılar ki, bir diversiya qrupu ərazilərimizə keçib, onlardan biri yaxalanıb, qalanları qaçıb gedib. Daha sonra məlumat verdilər ki, bu erməni səhvən gəlib keçib və geri qaytarıldı. Belə olarmı? Bizdə informasiya siyasəti ilə bağlı çox böyük problem var. Ona görə də əgər beynəlxalq təşkilatlardan operativ reaksiya istəyirlərsə, o zaman dərhal doğru-düzgün informasiya yaymaq lazımdır. Bu təşkilatlar üçün rəsmi məlumat önəmlidir. O təşkilatlarla biz də işləyirik, biz məlumat veririk. Əlimizdə nə məlumat varsa onu veririk. Əlavə söz deyə bilmərik axı, özümüzdən hadisə düzəldə bilmərik ki. “Sərhədsiz Reportyorlar” hadisədən 4 gün sonra bəyanat verdi, halbuki biz onlarla çox operativ işləyirdik. Bizdə nə informasiya var idisə, onu verdik. Başqa informasiya yox idi. Onlar ermənilərlə də əlaqə saxlayırlar ki, görsünlər onlar nə deyir. Ancaq dövlət qurumlarının rəsmi məlumatı gecikdi, artıq üzərindən 5 gün keçdikdən sonra xəbər yayırlar”.
Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

