Gündəm 

Milli Qurtuluş Günün mübarək, Azərbaycan!

15 iyun-əbədi varlığımızın var olmasında tarixi əhəmiyyət kəsb edən gündür.

Xalqımızın taleyinə yazılmız elə günlər var ki, həmin günlər dövlətçiliyimizin, bir millət kimi əbədi varlığımızın var olmasında tarixi əhəmiyyət kəsb edir. Belə günlərdən ən önəmlisi dövlətçilik tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Bu möhtəşəm gün Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu günü xalqımızın şanlı tarixinə yazan Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, Ümummilli Lider Heydər Əliyevdir. 1990-cı illərin sonlarında müstəqillik qazanmaq fürsəti əldə edən Azərbaycan çox keçmədi ki, onun itirilməsi təhlükəsi ilə qarşılaşdı. 1993-cü ilin iyununda ölkədəki hakimiyyət böhranı kulminasiya həddinə çatdı və anarxiya ölkədə adi hala çevrildi. Ölkədə vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurmalar milli varlığımızı məhv edəcək səviyyədə təhlükələrə yol açdı. Vəziyyəti düzgün qiymətləndirə bilməyən ovaxtki iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə lider, məhz Heydər Əliyev şəxsiyyəti ola bilərdi. Azərbaycan xalqı da, məhz Heydər Əliyevin ətrafında sıx birləşməklə gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Beləliklə İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.

Beləliklə ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Bununla bu mühüm tarixi gün xalqımızın tarixi yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir. Müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi. Bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.

 

Şeyda Əzizova

“AranMedia” qəzetinin baş redaktoru

 

 

 

Daha çox xəbərlər