Azərbaycanın yeni şanlı tarixi – Şuşa Bəyannaməsi
15 İyun günü Azərbaycan xalqının tarixində xüsusi əlamətdar dəyərə malik günlərdən biridir. Çünki, həmin gün müasir Azərbaycanın qurucusu, xalqın böyük oğlu, ən böyük azərbaycanlı olaraq xarakterizə etdiyi Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldiyi gündür. Həmin gün Azərbaycanın taleyinin dəyişdiyi, hətta yenidən yazıldığı gündür. Amma ötən zaman bu tarixi bizim üçün bir daha əlamətdar etdi. 2021-ci ilin 15 iyun günü müasir Azərbaycan tarixinə qızıl hərflərlə həkk olundu. Məhz həmin gündə Azərbaycan və Türkiyə prezidentlərinin imzaladıqları Şuşa Bəyannaməsi regionun gələcək inkişaf xəritəsini bir daha cızaraq bütün bölgə ölkələri üçün hesablaşacaqları bir reallıq ortaya qoydu.
Qeyd etmək lazımdır ki, Bəyannamənin imzalanması üçün həmin günün seçilməsi özündə çox böyük sinvolik məna daşıyır. 15 iyun gününün Azərbaycan üçün önəmini açıqladıq. Ancaq həmin gün Ermənistan üçün də vacibdir. Çünki, həmin gün işğalçı Ermənistan dövlətində bayraq günü kimi qeyd olunur və atılan bu addımla biz bu günü qardaşlığın rəmzinə çevirdik. Bəyannamənin Azərbaycanın incisi, qələbəmizin rəmzi olan Şuşa şəhərində imzalanması da təsadüfü hal kimi qiymətləndirilə bilməz. Bununla biz Şuşanın bizimçün mənəvi sərvət olmasını və ondan əsla vaz keçməyəcəyimizi qarşı tərəfə bildirdik. Onu da vurğulamaq lazımdır ki, Şuşa bəyannaməsi bütün türk dünyasının tarixi zəfəri kimi dəyərləndirildi. Ən azından ona görə ki, Bəyannamə ilə bütün türk dünyasını, eləcə də Şərqlə Qərbi birləşdirəcək Zəngəzur dəhlizinin açılması qətiləşdi. Beləliklə, Şuşa Bəyannaməsi bölgədə gələcək inkişaf üçün olduqca önəmli addımdır.
Bütün bu sadalananların fonunda Şuşa Bəyannaməsinin sadəcə Azərbaycana və Türkiyəyə sərf etdiyini demək sözün əsl mənasında haqsızlıq olardı. Bəyannamə, eləcə də Türkiyənin Şuşada baş konsulluq açmaq qərarı erməni əsilli Azərbaycan vətəndaşlarımıza da eyni ölçüdə sərf edir. Çünki, hazırda Ermənistanın içində olduğu siyasi-iqtisadi böhran və yerli erməni xalqının bütün bunlarla bağlı Qarabağ ermənilərini məsul olaraq tutması ölkənin onsuzda vətəndaş müharibəsi astanasında olduğu günlərdə vəziyyəti daha da gərginləşdirərək get-gedə Qarabağ ermənilərinin cəmiyyət içində marginallaşmasına yol açır. Beləliklə, Qarabağ erməniləri tez və ya gec Qarabağa dönməyə məcburdur. Belə olan halda Türkiyənin bölgədə mövcudluğu Qarabağ erməniləri üçün də qarant rolundadır. Xüsusilə də nəzərə alınsa ki, rus sülhməramlılarının bölgədə mövcudluğu müvəqqətidir.
Sülməramlılarla bağlı qeyd olunası məsələlər isə daha əhatəlidir. Ilk olaraq ona görə ki, Türkiyənin bölgədə mövcudluğunun artması dolayı yolla NATO-nun da regiona daxil olması mənasını daşıyır. Bu da Rusiyanın bölgədəki təsirinin azalmasına gətirib çıxarır. Digər bir tərəfdən son dövrlərdə iqtisadi çətinliklər yaşayan Rusiya Qarabağda geniş tərkibli rus kontingentinin saxlanılması xərclərini uzun müddət qarşılamağa hazır deyil. Deməli, ermənilərin ruslara güvənməsi də uzun dövrdə onlara yaxşı heç nə vəd etmir. Mövcud şəraitdə ermənilərin sadəcə bir çıxış yolu var: Sülh. Azərbaycan hökuməti ilə hesablaşmaq və onun tərkibində firavan şəkildə yaşamaq Qarabağ ermənilərinin gələcəyi üçün həyatda qalmağın yeganə yoludur. Digər bir tərəfdən hər birimizdə bir əminlik var ki, bu heç də güc yolu ilə baş verməyəcək. Sadə erməni camaatı üçün yaxşı və daha da əsası ləyaqətli yaşamağın içi boş revanşizmdən daha önəmli olduğunu düşünsək onda zamanla Azərbaycanın bölgəyə və xalqa vəd etdiklərinin erməni camaatı üçün də cəzbedici olacağı aydındır. Sadəcə Şuşanın inkişafı və vəd etdiyi turizm potensialı belə ermənilərin reallıqları dərk etməsinə şərait yardacaq. Xülasə bunu deyə bilərik ki, uzun dövrdə erməni xalqı bütün həqiqətləri görəcək və reallıqlarla barışaraq Azərbaycanla sülh şəraitində yaşamağı qəbul edəcəklər. Hazırda onların beyninə işləmiş azərbaycanafobiya zamanla məhv olacaq.
Bəyannamə ilə bağlı bir məsələni də vurğulamaq istərdim ki, bu Bəyanamə Azərbaycan və Türkiyə liderlərinin keçmişə, tarixi köklərə bağlılığının da aşkar nümayişidir. Onsuzda 44 günlük müharibə dövründə “Bir millət, iki dövlət” deyimi hər mənada öz təsdiqini tapmışdı və indi də bu Bəyannamə ilə bir daha sübut olundu ki, iki qardaş ölkə bütün strateji mövzularda birlikdədir və iki ölkə arasında heç bir fikir ayrılığı yoxdur. Beləliklə, Azərbaycan və Türkiyə dünya miqyasında əməkdaşlıq nümunəsi göstərir. Əminik ki, bundan sonra da iki ölkə birgə addımlayaraq daha bir çox yeni uğurlara imza atacaqlar.
Səadət İsmaylılova,
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

